Türkiyə də daxil olmaqla hər hansı bir ölkənin Ukrayna ilə Rusiya arasında vasitəçilik səylərinin uğur qazanması çətin görünür.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə mətbuatına müsahibəsində deyib.
“Vaşinqton və müttəfiqləri Kiyevə hər cür dəstəyi verir və Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Qərb istehsalı uzaqmənzilli raketlərdən istifadə imkanlarını müzakirə edirlər. Vladimir Zelenski Moskva ilə danışıqları qadağan edən fərmanını ləğv etməyib. Belə bir vəziyyətdə Türkiyə də daxil olmaqla hər hansı bir ölkənin vasitəçilik səylərinin uğur qazanması çətin görünür”, - nazir bildirib.
Lavrov Ukraynanın Türkiyədən silah almasına da diqqət çəkib:
“Təəssüf ki, Ankara Kiyev rejimi ilə hərbi-texniki sahədə əməkdaşlığı davam etdirir. Türkiyə silahları Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya hərbçiləri və mülki vətəndaşların öldürülməsi üçün istifadə olunur. Türkiyə administrasiyasının vasitəçilik xidmətləri göstərməyə hazır olduğu barədə bəyanatlarını nəzərə alsaq, bu vəziyyət təəccüb doğurmaya bilməz”.