Bu gün, Azərbaycan informasiya məkanında özünəməxsus yer tutan xəbər portalı “Moderator.az” saytının 12 yaşı tamam olur. Bir təhsil mütəxəssisi kimi fəaliyyətim ərzində bir çox informasiya vasitələri ilə əməkdaşlıq etmişəm.
Lakin, bu çoxsaylı KİV-lərin heç də hamısında “Moderator az.”- a xas olan çeviklik, operativlik, dayanıqlılıq və işgüzar yanaşma nümayişinin elə də şahidi olmamışam. “Moderator.az” fəaliyyəti ərzində cəmiyyətimizin ictimai-siyasi, maddi-mənəvi həyatında baş verən proseslərin obyektiv və hərtərəfli işıqlandırılması sahəsində öz adına layiq moderatorluq imkanlarını əsirgəməyib.
O qədər də böyük olmayan zaman kəsiyində böyük oxucu kütləsinin rəğbətini qazanan bu sayt mənə bir də ona görə doğmadır ki, dövlət siyasətinin prioritet istiqamətlərindən sayılan təhsil sahəsini daim diqqətində saxlayıb, ümumdövlət, ümumxalq işi, ümummilli məsələ kimi bu sahənin mövcud vəziyyətinə və aktual problemlərinə geniş yer ayırıb.
Gecəsini-gündüzünü qəlbən bağlandıqları peşəyə həsr edən moderatorçulara gənc jurnalist və səmimi insan Xəyalə Rəis başda olmaqla yaradıcı fəaliyyətlərində aşkarlığın və şəffaflığın qorunması yolunda yeni uğurlar diləyirəm. Sevindirici haldır ki, “Moderatorun şinelindən” çıxan, Zülfüqar Hüseynzadə məktəbini keçən, digər saytlarda və fəaliyyət sahələrində çalışan əməkdaşlar da bu gün moderatorçuların yanındadırlar, öz mənəvi və təşkilati dəstəklərini əsirgəmirlər.
Arzum budur ki, kollektiv bu işgüzarlıq və prinsipiallıq ənənəsini heç olmasa 12-nin yanına bir sıfır atılana qədər qoruyub saxlasın, moderatorluq ənənəsinə sadiq qalaraq, onun amallarını daha da inkişaf etdirsin. Yeniliklərə və çağırışlara açıq olan gənc komandaya yeni-yeni uğurlar arzulayıram “Moderatorçular” hər cür təbrikə və alqışa layiqdirlər.
Nadir İsrafilov