Nazir Bayraktar: 2025-ci ildə Türkiyədə qaz ticarət mərkəzi yaradılacaq...
Türkiyənin “Botaş” şirkəti ilə Rusiyanın “Qazprom” şirkəti arasında birgə layihə çərçivəsində 2025-ci ildə İstanbulda qaz ticarət mərkəzi yaradılacaq.
Poliqon xəbər verir ki, bu barədə Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar “Milliyet” qəzetinə məlumat verib.
“Botaş-Qazprom ortaqlığında biz 2025-ci ildə İstanbul Maliyyə Mərkəzində ticarət platformasını işlədəcək güclü bir infrastruktur yaratdıq” deyən Bayraktar, razılaşmanın tərəflərinə anlaşma memorandumu göndərildiyini qeyd etdi.
Nazir əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana bu istiqamətdə “Qazprom”a göstəriş verəcəyini təsdiqləyib.
Qeyd edək ki, oktyabrın 25-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya yaxın aylarda qaz qovşağı layihəsinin həyata keçirilməsində konkret irəliləyiş gözləyir.
Xatırladaq ki, Putin 2022-ci ilin oktyabrında “Şimal axını” qaz kəmərlərində baş verən partlayışlardan sonra Türkiyədə qaz qovşağı yaratmağı təklif edib. Bu qovşaq vasitəsilə Rusiya qazının Avropa ölkələrinə çatdırılması planlaşdırılır.
Poliqon.info