Elvin Abdıyev Xaçmaz rayonunun Maqsudkənd kəndində yaşayır. 14 ildir ki, arıçılıq təsərrüfatı ilə məşğul olur. O, arıları qorumaq məqsədi ilə yeni maddə ixtira edib.
Bu barədə Musavat.com-a danışan Elvin Abdıyev deyib ki, bu maddə insanların qidada istifadə etdiyi yağlardan hazırlanıb.
Onun sözlərinə görə, ixtira etdiyi bu dərman arıları xəstəlikdən qoruyur. Hətta bir neçə arı təsərüfatında da ondan istifadə olunub.
"Bu, arıların immun sisteminin gücləndirilməsində də böyük rol oynayır. Arıların kütləvi qırılmasının qarşısını alacaq. Çünki bəzi növ gənələri bu dərmanla məhv edəcəyik. Bu yaxınlarda tropis gənəsinin də əleyhinə yeni resept hazırlayacam. Bu gənənin 10 ədədi yeşiklərə düşərsə, bütün arı yeşiyni sıradan çıxarır. İxtiramda yediyimiz məhsul və yağlardan istifadə etmişəm. Dərmanı pətəyə çiləyirəm, gənə zəhərlənir, arıların isə immuniteti qalxır.
Hazırda bu dərmanın patentləşdirilməsini istəyirəm. Lakin bunun üçün müəyyən məbləğdə pul lazımdır. Buna isə imkanım yoxdur", - Elvin Abdıyev bildirib.
Şahanə Rəhimli,
Musavat.com