AZ

Makronun yeni antirekordu

Narkoman nazirlər, narazı cəmiyyət...

Böyük tarixə malik Fransanın ən uğursuz qədim dövrlərdə knyazlarının, müasir mərhələdə isə dövlət başçılarının siyahısı hazırlansa, heç şübhəsiz ki, “liderliyi” indiki prezident Emmanuel Makron qazanar. Məhz onun iki prezidentliyi dönəmində Fransa tarixi ənənələrindən, bəyan etdiyi dəyərlərdən geri çəkilib, Yelisey Sarayı ölkə daxilində və xaricində nüfuzunu itirib. Elə E.Makronun özünün də nüfuzu hər ötən gün aşağı düşür. O, keçirdiyi görüşlərdə ardıcıl olaraq sürprizlərlə üzləşir - gah ona şapalaq vururlar, gah da yumurta atəşinə tuturlar...

Dövlət başçısının reytinqi 17 faizə enib

Artıq Fransa prezidentinin reytinqi antirekord həddə enib. Bu barədə məlumat “Verian-Epoka” tədqiqat mərkəzinin “Figaro” nəşri üçün apardığı araşdırmanın nəticələrində əksini tapıb.

Araşdırmaya görə, Fransa liderinin populyarlıq səviyyəsi daha beş faiz azalaraq 17 faizə enib. Bu, Makronun prezident seçildiyi 2017-ci ildən bəri ən aşağı göstəricidir. Eyni zamanda, respondentlərin 78 faizi prezidentin fəaliyyətindən narazı olduqlarını bildirib.

Sağçı “Milli Birlik” partiyasının rəhbəri Jordan Bardella və onun parlamentdəki fraksiyasının lideri Marin Le Pen populyarlıq səviyyəsinə görə Makronu qabaqlayaraq reytinqdə müvafiq olaraq birinci və ikinci yerləri bölüşüb.

Fransa liderinin təmsil olunduğu partiyada fəalların sayı il ərzində təxminən dörd dəfə azalaraq 35 mindən 8,5 minə düşüb. Növbədənkənar parlament seçkilərindən sonrakı bir ay ərzində isə Makronun siyasəti ilə razılaşmayan dörd deputat prezident fraksiyasını tərk edib.

Qeyd edək ki, bir müddət öncə, Emmanuel Makron Fransa parlamentinə və Avropa Parlamentinə seçkilərdə partiyasının aşağı nəticələrinə baxmayaraq, prezident postunu tərk etmək niyyətində olmadığını və 2027-ci ilin mayında keçiriləcək seçkilərədək vəzifəsində qalacağını bildirib.

Siyasi iflasa aparan yol

Təqdim olunan statistikaya sadəcə, cansız rəqəmlər kimi baxmaq doğru olmazdı. Bu rəqəmlər əslində, Fransanın bugünkü siyasi mənzərəsinin gerçək və ziddiyyətli reallıqlarını əks etdirir. Prezidentin reytinqinin 17 faizədək aşağı enməsi rəsmi Paris üçün siyasi iflas və yaxud makronizm üçün labüd uğursuzluq kimi dəyərləndirmək daha doğru olardı. Siyasi iflasa aparan yolda çoxsaylı məqamlar sadalamaq mümkündür ki, oların sırasında cari ildə baş tutan Avropa Parlamentinə və Milli Assambleyaya seçkilərin nəticələrini xüsusi vurğulamaq lazımdır. Fransada indiki siyasi iflas məhz son üç seçki cəhdindən sonra pik həddə çatıb.

Birinci cəhd Avropa Parlamentinə seçkilər oldu. Xatırladaq ki, Fransada iyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilərdə sağçı “Milli birlik” partiyası 31,36 faiz səs toplayaraq Makron koalisiyasını iki dəfədən çox üstələyib. Partiyasının Avropa seçkilərində iflasından sonra Makron parlamentin aşağı palatasını buraxaraq növbədənkənar seçkilər elan etdi. Bu qərar əslində Makronun revanş cəhdi idi. Ancaq Makronun ikinci seçki cəhdi də uğursuz oldu. Belə ki, Milli Assambleyaya seçkilərin birinci turunda sağçı “Milli birlik” partiyası və onunla müttəfiq qüvvələr 33,4 faiz səs toplayaraq qalib gəldi. Həmin seçkilərdə ikinci yeri 27,98 faizlə solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası qazandı. Makronun mərkəzçi adlandırılan koalisiyası isə 20,76 faiz səslə yalnız üçüncü yerlə kifayətlənməli oldu.

Makronun komandası dalbadal iki məğlubiyyətdən sonra üçüncü seçki cəhdinə saxtakarlığa, siyasi oyunbazlığa qol qoymaqla hazırlaşdı. Belə ki, Yelisey Sarayından gələn siyasi sifariş əsasında sağçıların ikinci turda mütləq qələbəsini əngəlləmək məqsədilə planlar quruldu - solçuların üstünlük təşkil etdikləri dairələrdə mərkəzçilər, mərkəzçilərin üstünlük təşkil etdikləri dairələrdə isə solçular namizədliklərini geri götürdülər və 200-dən çox namizəd ikinci tur seçkilərinə qatılmadı. Bu seçki oyunu prezident koalisiyasına müəyyən üstünlüklər yaratmaqla mərkəzçi düşərgədən birinci turla müqayisədə daha çox namizədin qalib gəlməsinə yol açsa da, Makronun parlamentdə mütləq səs çoxluğuna nail olmaq istəyini təmin etmədi. Mərkəzçilər ikinci turun nəticələrinə görə Marin Le Penin partiyasını üstələsələr də, yalnız ikinci yerlə kifayətlənməli oldular. Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, parlamentdə solçular 182, Makronun mərkəzçi alyansı 168, ifrat sağçıları təmsil edən Marin Le Penin “Milli birlik” partiyası və onun müttəfiqləri isə 143 yer qazanıb.

Analitiklər Makron üçün çətin hakimiyyət dövrünün başladığını, makronizm üçün sonun gəldiyini anons edirlər. Ümumiyyətlə, parlamentin yeni formalaşan tərkibi ilə onun ölkəni normal qaydada idarə edə biləcəyi mümkünsüz görünür.  Qeyd edək ki, Fransa Milli Assambleyası 577 deputatdan təşkil olunur. Parlamentdə çoxluğu əldə etmək istəyən partiyaya 289 mandat lazımdır. Bundan əvvəlki seçkilərdə Makronun koalisiyasını Milli Assambleyada cəmi 250 deputat təmsil edirdi. Buna görə də mərkəzçi koalisiya parlament çoxluğunu qazanmaqdan ötrü digər partiyaların təmsilçilərinin səsini almaq, bunun üçün   hətta hansısa sövdələşmələrə getmək məcburiyyətində qalırdı. Mərkəzçilər üçün indiki say tərkibi ilə bunu etmək daha çətin olacaq.

Hökumətin həlli çətin görünən problemləri

Konstitusiyaya görə, seçkilərdən sonra hökumət parlamentin yeni tərkibinə uyğun olaraq formalaşdırılmalı idi. Lakin Makron konstitusion tələblərə və demokratik prinsiplərə məhəl qoymayaraq yeni hökumətin formalaşmasını xeyli yubatdı və sentyabr ayında sabiq Avropa komissarı və Fransanın sabiq xarici işlər naziri Mişel Barnyeni yeni Baş nazir təyin etdi. Çox doğru olaraq Makronun bu addımı onun seçkilərin nəticələrini tanımaması anlamında qəbul edilir. 2024-cü il qanunvericilik seçkilərindən sonra solçuların nisbi çoxluq əldə etmələri fonunda heç kim respublikaçının Baş nazir təyin ediləcəyini gözləmirdi. Bununla belə absurd reallıq ortadadır. Makron şəxsi iradəsini ölkə qanunvericiliyinin fövqündə qoyaraq Mişel Barnyeni Baş nazir postuna gətirib. Daha da pisi odur ki, təyin olunan yeni nazirlərin demək olar, hamısı respublikaçılar və ya “Renessans” (Renaissance) yəni Emmanuel Makronun partiyasındandır.

Lakin Mişel Barnyenin qurduğu yeni hökumət ona miras qalan çətinlikləri aradan qaldırmaq iqtidarında deyil. Bu gün hökumət həlli çətin görünən çoxsaylı problemlərlə üz-üzədir. Etirazlarla qarşılanan təyinatdan sonra prezident və onun komandasının təmsilçiləri populyarlıqlarını və etimadlarını sürətlə itirməkdədirlər. Xüsusilə o vaxtdan bəri, 3000 milyard avrodan çox dövlət borcunu ödəmək üçün yollar axtarılsa da, hansısa bir ümid yeri yoxdur. Barnye hökuməti hətta vergiləri artırmağı planlaşdırır.

İş o yerə çatıb ki, Fransanın mədəniyyət naziri Raşida Dati açılışdan sonra Paris Notr-Dam kilsəsini ziyarət etmək üçün turistlərdən 5 avro alınmasını təklif edib. Nazir bu barədə “Le Figaro” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, simvolik ödənişdən əldə olunan vəsait ölkənin dini irsini qorumağa yönəldilə bilər.

Xatırladaq ki, 2019-cu ilin aprel ayında Notr-Dam kilsəsində güclü yanğın olub. Kilsənin beş il davam edən genişmiqyaslı yenidənqurmadan sonra cari il dekabrın 8-də açılacağı gözlənilir.

Nazir, həmçinin bildirib ki, fransızlar və Avropa İttifaqından kənar ölkələrdən gələn turistlər üçün Fransa muzeylərinə və abidələrinə giriş qiymətlərinin fərqləndirilməsi zəruridir. Yəni onlar daha çox pul ödəməlidirlər.

Qeyd edək ki, Notr-Dam kilsəsi Parisin ən görməli yerlərindən biridir. 2019-cu ildəki yanğından əvvəl onu ildə 14 milyona yaxın turist ziyarət edirdi.

Hakimiyyət daxilində narkotik qalmaqalı böyüyür

Belə çətin bir vəziyyətdə komanda daxilində qruplaşmalar aktivləşiblər. Ayrı-ayrı qruplar Baş naziri daha da çıxılmaz duruma salmaqdan ötrü yeni qalmaqala rəvac veriblər. İndi Barnye hökuməti daha böyük problemlə üzləşib. Belə ki, bəzi məmurlar M.Barnyenin nazirlərini narkotikdən istifadədə ittiham edirlər. Hətta mediada bununla bağlı ciddi ittihamlar səsləndirilib. Sosial şəbəkələrdə dolaşan xəbərlər vətəndaşların yeni hökumətə qarşı narazılığını daha da artırır.

Narkotik məsələsini ekoloq senator Melani Vogel qaldırıb. “Nazirlərin, deputatların, senatorların, bələdiyyə başçılarının qan testini aparacağıq, Brüno Rötayo (daxili işlər naziri) narkotik istehlakının onun hökumətində də olduğunu aşkar edəcək”, - deyə M.Vogel BFM televiziyasında deyib. Verilişin aparıcısı bu ittihamların çox ciddi olduğunu deyib, ancaq bu mövzuda təkcə M.Vogel deyil, digər deputatlar da belə ittihamlar səsləndiriblər. “Narkotiklər hər yerdə var, redaksiyanızda, RMC-də, Milli Assambleyada”, - deyə başqa bir deputat RMC radiosunda deyib.

Deputatların, senatorların narkotik istehlakı məsələsi deputat Endi Kerbranın narkotik alarkən yaxalanmasından sonra gündəmin əsas mövzularından birinə çevrilib. Bəzi deputatlar hər iki palatada (Milli Assambleya və Senat) başqa asılılıq problemləri olduğunu da deyirlər.

Deputat Endi Berbra isə narkotik alarkən yaxalandığını etiraf edib. O, müalicəyə başlayacağını bildirib. Deputat X platformasında izah edib ki, narkotik maddə saxlamağa görə yoxlanılıb. Bu məlumatı ictimailəşdirən “Valeurs actuelles”ə görə, onun əlində Fransada istehlakı geniş yayılmış 1,35 qram çəkidə sintetik narkotik olub.

Endi Berbra şəxsi problemləri və psixoloji zəifliklərini həll etmək üçün sintetik narkotiklərdən - “3-MMC”-dən istifadə etdiyini bildirib. Əlavə edib ki, narkotikdən asılılığa görə müalicə alacaq.

Sosial şəbəkələrdə eyni partiyadan olan həmkarları E.Berbranı müdafiə edərək onun xəstə olduğunu bildiriblər və ona tez sağalaraq işinə qayıtmasını arzulayıblar. Digər müxalif partiyalardan olan deputatlar isə Berbranın narkotik istifadə etməsini onun seçicilərinə - nantlılara qarşı təhqir olduğunu bildiriblər.

Qeyd edək ki, bundan əvvəl də fransız senator qadın həmkarını evinə dəvət edərək ona xəbəri olmadan narkotik vermişdi.

Kokainə alternativ kimi hesab olunan “3-MMC” Fransada getdikcə daha çox istehlak edilən və ucuz narkotikdir.

Mübariz FEYİZLİ

Seçilən
15
yeniazerbaycan.com

1Mənbələr