AZ

Keçmiş köçkünlər vəfat edən doğmalarını Qarabağda dəfn etmək istəyirlər - Deputat 

Hazırda Böyük Qayıdış çərçivəsində işğaldan azad olunan ərazilərdə sürətli yenidənqurma, bərpa işləri aparılır. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərə köç həyata keçirilir. Artıq Zəngilan, Laçın, Füzuli, Cəbrayıl, Şuşa, Xocalıya yüzlərlə ailə köçürülüb.

Maraqlıdır, işğaldan azad olunmuş ərazilərə köçürülən vətəndaşlardan kimsə dünyasını dəyişirsə, onların dəfni harada həyata keçirlir? Vəfat edənlərin nəşi yenə əvvəl məskunlaşdıqları rayonlara aparılır, yoxsa işğaldan azad olunmuş doğma torpaqlarda dəfn edilir? İşğaldan azad olunmuş ərazilərdə yeni salınan qəbiristanlıqlar varmı?

Modern.az-ın əməkdaşı mövzu ilə bağlı Milli Məclisin Cəbrayıldan seçilmiş deputatı Ceyhun Məmmədovla danışıb.

Deputat bildirib ki, Bakıda və respublikanın müxtəlif bölgələrində yaşayan keçmiş məcburi köçkünlərdən kimsə vəfat edirsə, elə məskunlaşdıqları yerlərdə də dəfn olunur:
 

"Amma daha doğma torpaqlara qayıdış başlayıb. Təbii ki, proseslər elə inkişaf edəcək ki, Böyük Qayıdış proqramı əsasında köçürülən sakinlər dünyasını dəyişərkən doğma torpaqlarda dəfn olunacaq. Hazırda müşahidə və yanaşma bundan ibarətdir. Növbəti mərhələdə proses bu formada həyata keçiriləcək. Qarabağa, ata-baba yurdlarına qayıdanların həmin ərazilərdə dəfni üçün addımlar atılacaq. Bu, təbii prosesdir".

C.Məmmədov hesab edir ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda yaşamayan, ancaq həmin rayonlardan olan və digər yerlərdə məskunlaşan sakinlərin vəfat edən yaxınlarının da işğaldan azad olunmuş ərazilərdə dəfni üçün şərait yaradılması məsələsinə baxılmalıdır:
 

"Çünki biz həmin insanları işğaldan azad olunmuş ərazilərə köçürmək istəyirik. Məcburi köçkünlərin geriqayıdışı zamanı bu məsələnin də nəzərə alınması əhəmiyyət daşıyır. Doğmalarının və yaxınlarının dəfni onların həmin ərazilərə bağlılığını daha da möhkəmləndirəcək və gücləndirəcək. Bu gün bəzi insanlar işğaldan azad olunmuş ərazilər tam bərpa olunduqdan sonra dünyadan köçmüş yaxınlarını o ərazilərə aparıb, yenidən dəfn etmək istəyirlər. Məsələ çox həssas olduğu üçün düşünürəm ki, prosesə artıq başlamalıyıq. Bununla bağlı prosedur qaydalar və normalar təsbit olunmalıdır. Təbii ki, biz birdən-birə bunu hamı üçün edə bilmərik. Ümumilikdə bu prosesin başlanılmasına ehtiyac var. Çünki bu, gələcəkdə daha aktual məsələ olacaq. Məsələnin hər zaman diqqətdə saxlanmasına ehtiyac var. Bununla bağlı çox sayda insanlar tərəfindən müraciətlər var ki, dünyasını dəyişən yaxınlarının məzarını doğulduqları ərazilərə köçürüb yenidən dəfn etsinlər".

Seçilən
73
modern.az

1Mənbələr