"Neft ölkəsi olduğumuz üçün qlobal iqlim sammiti qarşısında Azərbaycanı ittiham edənlər son 250 ildə dünyada atmosferə ən çox karbon tullantıları atan dövlətlərdir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.
Z.Oruc bildirib ki, axtarış sistemi Google Scolara görə, daş kömürü, qaz və neft kimi qalıq yanacaqları, yüksək sənayeləşmə və əhali artımı nəticəsində istiləşmə böhranını yaradan 5 ölkə- Çin, ABŞ, Hindistan, Rusiya və Yaponiya tarixdə rekord həddə-37.55 qiqaton karbon emissiyasının 60 faizini Yer kürəsinə yayan ölkələrdir.
"Yaxın Şərq, Qəzza, İrak, Suriya və Rusiya-Ukrayna müharibələrinin də səbəbi yaşıl deyil, qara rəngli iqtisadi, geosiyasi imperiyalar qurmaqdan ötrüdür. Qlobal çirklənmənin və Antarktidanın yüz illik buzlarının əriməsinin də günahkarı biz deyilik.
Dünyanı nüvə müharibəsinə çatdıranlar nəhəng medialarının əliylə məsuliyyəti başqasının üstünə atıb yeraltı sərvətlərinə görə ölkəmizi günahlandırmasınlar".
Onun sözlərinə görə, son 34 ildə yüz milyonlarla ton neft və qaz ehtiyatlarımızı çıxaran, onu Avropa bazarlarına daşıyan, nəhəng sənaye müəssisələrində istehlak edən də transmilli Qərb şirkətləridir:
"Avropa İttifaqından ölkəmizə qarşı sanksiyaya çağıranlar evlərində yanan Azərbaycan qazını söndürüb soyuqdan dona bilərlər".
Mina Mikayılova