AZ

Azərbaycan və Özbəkistan arasında əlaqələr yüksək səviyyəyə çatıb - Ülviyyə Həmzəyeva

Milli Məclisin 29 oktyabrda keçirilən plenar iclasında “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə” qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Münasibətimi bildirərək, çıxışımı stenoqram üçün təqdim etdim.

Biz bilirik ki, “Azərbaycan xalqının tarixi, taleyi bütün unikallığına və orijinallığına baxmayaraq, bir çox cəhətlərinə görə özbək xalqının tarixi və taleyi ilə oxşardır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan və özbək xalqları arasında münasibətlər qədim tarixə malikdir, xalqlarımız bütün dövrlərdə dost olub, bir-birinə dayaq olub, mədəni dəyərləri birgə inkişaf etdirib”. Azərbaycan xalqının qədim mədəniyyətinin, elmi fikrinin mənşəyi onun tarixinə dərin kök salmaqla yanaşı, qohum xalqların mənəvi həyatını qidalandırır”.
XI əsrin ortalarında Azərbaycan və Özbəkistan Şərqin ən mühüm elmi fikir mərkəzlərindən biri idi: “Azərbaycanın Şamaxı, Təbriz, Ərdəbil, Marağa, Gəncə, Naxçıvan şəhərlərində, Özbəkistanın Buxara, Urgənç, Səmərqənd, Xocənt və başqa şəhərlərində “Hikmət evləri”, kitabxanalar, rəsədxanalar yaranmışdır. Bu proses ikitərəfli xarakter daşıyır və ona görə də Azərbaycan və özbək xalqları arasında mədəni əlaqələrin öyrənilməsi və təbliği iki müstəqil dövlətin tarixinin müasir mərhələsində bu əlaqələrin inkişafı və möhkəmlənməsi üçün zəmin yaradırdı. Təbii ki, möhtəşəm şərq memarlığının elementlərinin öyrənilməsini də qeyd etmək mühümdür.

Müstəqillik əldə etdikdən sonra Azərbaycan və özbək xalqları arasında münasibətlərin tarixi formalarına yenidən nəzər salmaq mümkün oldu. Belə ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev qardaş Özbəkistanla əlaqələrə həmişə xüsusi önəm vermiş, hətta sovet dövründə də qardaş türkdilli ölkələrə xüsusi maraq göstərmişdir.
Ulu Öndərin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan türk dövlətləri, o cümlədən Özbəkistanla tarixi dostluq və əməkdaşlıq əlaqələri uğurla davam etdirilir. İki qardaş ölkə – Azərbaycan və Özbəkistan arasında əlaqələr yüksək səviyyəyə çatıb. 2004-cü ilin martında Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışı oldu.
Azərbaycanda isə Özbək ədəbiyyatının böyük klassiki, şair və mütəfəkkiri Əlişir Nəvainin yaradıcılığı xüsusi maraq doğurur. 2007-ci ilin may ayında Ə.Nəvainin “Mezonul Avzon” əsərinin Azərbaycan dilinə tərcüməsi Azərbaycana təqdim edilib, 2008-ci ilin sentyabrında isə Bakıda böyük özbək şairinin abidəsi açılıb. Azərbaycan paytaxtının mərkəzi küçələrindən birinə görkəmli alim və dövlət xadimi Mirzo Uluqbekin adı verilib.
Prezident İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfərləri ilə getməsi, Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə hörmətin, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürü idi. Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində də Azərbaycanı hər zaman dəstəkləyib. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edibdir. Bu, bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir.
Azərbaycanda Özbəkistanın Mədəniyyət günlərinin keçirilməsi, həmçinin Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsinin mədəniyyət körpülərinin qurulmasına və bu əlaqələrin daha da möhkəmlənməsi deməkdir. Bu həmdə ki, mədəni irsin paylaşılması baxımından çox önəmlidir.
Belə ki, insanlarımız, ələxsus isə sənət adamlarımız bir-biri ilə yaxından əməkdaşlıq edır, dostluqlar əmələ gəlir, birlik hiss olunur. Zəngin mədəniyyətə sahib türk ölkələri, öz təcrübəsini bölüşə bilir.
Özbəkistan öz incəsənət xadimləri, rəssamları ilə, zəngin musiqisi ilə, kinomotoqrafiyasıyla tanınır. Biz qədim mədəniyyətimizi yaşadan hər amillə qarşılıqlı-faydalı fikir mübadiləsində olmalıyıq, Mədəniyyət Komitəsinin üzvü olaraq, təklif edirəm ki, gələcək fəaliyyətimizi Özbəkistan Parlamentinin eyni adlı komitəsi ilə sıx əlaqələr yaradaq və mədəniyyət sahəsində qarşılıqlı olaraq işlər aparaq. Bunu təbii ki, Parlamentlərimiz arasında imzalanmış memorandum çərçivəsində etmək lazımdır.
Gələcək tədbirlər çərçivısində Azərbaycan öz mədəniyyətinin bir parçasını Özbəkistan ictimaiyyətinə təqdim edə biləcək.
Buna misal olaraq, ilin əvvəlində Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günlərini yada salmaq olar. Tədbir çərçivəsində Özbəkistan Təsviri İncəsənət Qalereyasında baş tutan sərgini qeyt etmək olar.
Sərginin əsas məqsədi Azərbaycan milli irsinin zəngin tarixə və bədii ənənələrə, eləcə də bugünkü incəsənətimizin mədəni varislik prinsiplərinə əsaslanan tərəfini nümayiş etdirməkdən ibarət idi. Ümumiyyətlə burada bir çox sənət növlərini əhatə edən sənətlərin sintezi, qədim qurama, zərgərlik, misgərlik, şəbəkə, xalçaçılıq, fotoqrafiya və sairə sənət nümunələri nümayiş olunmuşdur.
Ümumiyyətlə, dövlət səviyyəsində mədəniyyət xadimlərinin Özbəkistana səfəri və mədəniyyətimizin təbliği uğrunda bu qəbildən tədbirlər çox böyük önəm daşıyır. Beləliklə, iki dost qardaş ölkə öz əlaqələrini və dərinliklərə söykənən dostluğunu hər daim yeniləyərək, türk dünyasının gücünü və hər sahədə bir-birinə dəstəyinin nümayişi kimi qiymətləndirmək olar.

#ÜlviyyəHəmzəyeva #MilliMəclis #YAP

Seçilən
88
30
yenigundem.az

10Mənbələr