Məlum olduğu kimi, Azərbaycanda bu il bələdiyyə seçkiləri keçirilməlidir. Yerli özünüidarəetmə orqanlarına sonuncu seçkilər 23 dekabr 2019-cu ildə baş tutub. Seçki Məcəlləsinə görə, bələdiyyə seçkiləri 5 ildən bir keçirilir. Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır. Yəni bu ilin dekabrın 23-də Azərbaycanda bələdiyyələrin səlahiyyət müddəti başa çatacaq.
Səsvermə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçkilərə 60 gün qalmış elan edilməlidir. Bu müddətinin başa çatmasına 53 gün qalsa da, yeni seçkilərin vaxtı barədə qeyri-müəyyənlik var.
Bəzi rəsmilər bunu ölkəmizdə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29 ilə əlaqələndirir.
Görəsən, seçkilərin elan olunması niyə bu qədər yubanır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, burada bir məsələyə diqqət yetirmək vacibdir:
“Sözügedən mövzu ilə bağlı araşdırma etdik, məlum oldu ki, qanunvericilikdə bələdiyyə seçkilərinin vaxtının uzadılması üçün bir nüans var. Nəzərdə tutulub ki, seçkilərin vaxtı bələdiyyələr fəaliyyətə başladığı dönəmdən hesablana bilər. Ona görə də, bu məsələdə təxminən 1.5 ay manevr imkanı yaranır. Sözügedən halı Seçki Məcəlləsinin pozulması kimi qiymətləndirmək olar, ya yox, artıq bu müzakirə mövzusudur. Düşünürəm ki, vaxtın uzadılması COP29-la əlaqəlidir. Hökumətin bütün diqqəti sözügedən tədbirdə olacaq”.
Müsahibim bildirib ki, bələdiyyə seçkiləri partiyaların marağında deyil:
“Digər məqamı da qeyd etmək lazımdır ki, bələdiyyə seçkiləri Azərbaycan cəmiyyətinin və partiyaların marağında deyil. Aydındır ki, adıçəkilən strukturun ölkənin həyatına təsir gücünü yoxdur. İqtidar da buna görə vaxtın uzadılmasında hər hansı siyasi maraq güdmür. Niyə, çünki qeyd etdiyim kimi, bələdiyyələrin təsir imkanı yoxdur. Onu da vurğulayım ki, bəzi partiyalarda namizəd problemi olacaq. Bir yerdə ki, sədr maaş almırsa, insalar niyə namizəd olsunlar”.
“Partiyanız seçkilərdə iştirak edəcəkmi?” sualına Tural Abbaslı belə cavab verib:
“Biz bütün seçkilərdə iştirakın tərəfdarıyıq. Bəzilərinə xüsusi hazırlaşırıq, bəzilərinə isə yox. Bələdiyyə seçkilərində iştirakı üzvlərimizin şəxsi təşəbbüsünə buraxacağıq. Kim istəyəcəksə, könüllü əsasda iştirak edə bilər. Biz də partiya olaraq onları dəstəkləyəcəyik”.
Məlik Məlikov,
KONKRET.az