Mövsümün sonunda qapıçı mövqeyini gücləndirməyə qərar verən "Barselona" "Porto"nun qapıçısı Dioqo Kosta üçün hərəkətə keçib. Metbuat.az xəbər verir ki, "Barselona" Ter Stegenin zədəsindən sonra qapıçı mövqeyi üçün transferi önəmli hesab edir. Məlumata görə, polşalı qapıçı Voyçex Şesni müvəqqəti transfer edilsə də, klub qapıçı mövqeyinə perspektivli futbolçu gətirmək istəyir. “Relevo”nun məlumatına görə, "Barselona"nın idman direktoru Deko Dioqo Kostanı transfer etmək üçün səy göstərir. Futbolçunun sərbəst qalma məbləği 75 milyon avro olsa da, "Porto" daha az məbləğə razılıq verə bilər. Futbolçunun transfer dəyərinin 45 milyon avro olduğu bildirilir. Qeyd edək ki, portuqaliyalı futbolçu “Portu” ilə ümumilikdə 167 oyuna çıxıb və 71 dəfə qapısını toxunulmaz saxlaya bilib.