AZ

"Regionlarda turizm potensialının artırılması üçün güzəştli kreditlər şərtdir" - İqtisadçı alim

Bakı ilə rayonlar arasında turizmin inkişafı qeyri-tarazlıqların aradan qaldırılmasına ehtiyac duyur. Bəs rayonların turizm potensialını daha effektiv şəkildə istifadə etmək üçün hansı addımlar atılmalıdır? Bakı ilə rayonlar arasındakı turizm gəlirləri fərqinin aradan qaldırılması üçün hansı konkret tədbirlər həyata keçirilməlidir?

QHT.az bu suallarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, iqtisad elmləri doktoru Elşad Məmmədovdan açıqlama alıb. Professor turizm sektorunda inkişafın sürətləndirilməsi üçün regionlarda müvafiq infrastrukturun və kredit resurslarına sahibkarların çıxış imkanlarının artırılmasını vacib hesab edir. O, dövlətin infrastruktur sahəsində gördüyü işləri qeyd edərək, bunun sistemli şəkildə daha da irəliləməsinin zəruriliyini vurğulayıb. "Regionlarda infrastruktur təminatı sistemli şəkildə inkişaf etdirilməlidir. Eyni zamanda, kredit resurslarına çıxış imkanları da mütləq artırılmalıdır. Regionlarda kredit resurslarına çıxış imkanları, turizm də daxil olmaqla, biznesin inkişafı üçün lazım olan səviyyədə deyil. Kreditlərin yüksək olması problemi bütün ölkədə mövcuddur, lakin regionlarda daha güzəştli şərtlərlə kreditlər təqdim olunmalıdır," – deyə o bildirib.

Regionların turizm potensialını artırmaq və Bakı ilə rayonlar arasındakı turizm gəlirləri fərqini aradan qaldırmaq üçün atılacaq addımlar, iqtisadiyyatın daha balanslı inkişafına imkan yaradacaq. İqtisadçı, güzəştli kreditlərin verilməsi ilə regionların rentabellik göstəricilərinin yüksəldiləcəyinə və turizmin qabaqlayıcı inkişafının təmin ediləcəyinə inanır.

 

Pərvanə Fərhadqızı

Seçilən
53
qht.az

1Mənbələr