AZ

Sürpriz həmlə: 15 ölkə türklərə görə birləşdi

Avstraliya BMT çərçivəsində Çinin etnik azlıqlar, xüsusən də uyğurlar (türklər) və tibetlilərə qarşı rəftarını hədəf alan bəyanatla çıxış edib. Bəyanatda Pekinin azlıqlara qarşı addımları “beynəlxalq cinayət” adlandırılır. Sənəddə Çin hökumətinin uyğur, qazax, tibetli və digər etnik azlıqlara qarşı “kütləvi həbs, məcburi əmək, nəzarət və zorakı mədəni assimilyasiya kimi alətlərlə sistemtli repressiya” apardığı vurğulanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Avstraliyanın bəyanatını Kanada, Danimarka, Finlandiya, Fransa, Almaniya, İslandiya, Yaponiya, Litva, Hollandiya, Yeni Zelandiya, Norveç, İsveç, Böyük Britaniya və ABŞ da daxil olmaqla 14 ölkə dəstəkləyib:

“Ümumilikdə bəyanat 15 ölkədən ibarət koalisiya adından verilib. Çinə qarşı koalisiyaya Avstraliyanın liderlik etməsi diqqəti çəkir. Adətən Çinə qarşı həmlələrin başında ABŞ dayanır. Avstraliyanın BMT-dəki səfiri Ceyms Larsen Çin Kommunist Partiyasının rəhbərliyinə müraciət edərək, Pekini Sincan və Tibet bölgələrində insan haqlarına hörmət etməyə çağırıb. Birgə bəyanatda iki il əvvəl BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının apardığı qiymətləndirmə də daxil olmaqla, beynəlxalq qurumların bir sıra mənfi nəticələrinə istinad edilib.

Çin ittihamları kəskin şəkildə rədd edərək, bəyanatı ölkənin daxili işlərinə müdaxilə olduğunu bildirib. Çinin BMT-dəki nümayəndəsi Çan Syun bu iddiaları “düşmən Qərb qüvvələri tərəfindən uydurulmuş aşkar yalan” adlandırıb. Çin hökuməti Sincanda atılan addımların ekstremizmə qarşı mübarizə tədbirlərinin bir hissəsi olduğunu və yenidən təlim düşərgələrinin azlıqların iqtisadi imkanlarını yaxşılaşdırmaq məqsədi daşıyan peşə mərkəzləri olduğunu bəyan edir.

Çin dəfələrlə məcburi əmək və mədəni assimliyasiya iddialarını rədd edərək, koalisiyanı dezinformasiya yaymaq və geosiyasi mənfəət üçün insan haqları məsələlərindən sui-istifadədə günahlandırıb. Çin rəsmiləri həmçinin Avstraliya və digər koalisiya üzvlərini ikiüzlülükdə ittiham edərək, onların irqçi və müstəmləkə vəhşilikləri ilə bağlı tarixlərinə diqqət çəkiblər.

BMT-də təşkil edilən koordinasiyalı qınaq Çinə qarşı beynəlxalq təzyiqin əhəmiyyətli dərəcədə artdığını göstərir. ABŞ və müttəfiqləri Çini hər tərəfdən sıxışdırmağa çalışırlar. Bu siyasətin nəticəsi olaraq Çin Rusiya ilə daha çox yaxınlaşır”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
59
teleqraf.com

1Mənbələr