AZ

Milli Məclisdə GƏRGİN müzakirələr: deputatlar həkim və “baboş” söhbəti açdı, spikerdən – REAKSİYA

Bu gün parlamentin növbəti iclası keçirilib və gündəlikdə 9 məsələ var. Tribunainfo.az deputatların çıxışlarından bəzilərini təqdim edir:

Aqil Abbas: Hər il Tibb Universitetini minlərlə tələbə bitirir. Niyə onlara təyinat verilmir? İstəməsəm də gedib təyinatla göndərildiyim yerdə işlədim. Məcburi qaydada həkimlərə təyinat verilməlidir.

Eyni qaydada bunu müəllimlərə də etmək olar. İmtiyazlar tanınanaraq Tibb Universitetini bitirənlər təyinatla ehtiyac olan bölgələrə göndərilə bilər. Xankəndidə gedib işləmək üstündə davadır. Eləcə də Səyyad müəllim dedi İmişlidə, Sabirabadda həkim çatışmazlığı var. Xahiş edirəm ki, bu məsələ qaldırılsın, Tibb Universitetini bitirənlər məcburi qaydada təyinatla rayonlara işləməyə göndərilsin”.

Spiker Sahibə Qafarova isə qeyd edib ki, deputatın dediklərinizin arxasında fakt yoxdur: “Heç olmasa deyəndə rəsmi məlumat verin. Rəsmi surətdə statistikası ilə birlikdə məlumat verin. Haradan bilirsiniz, həkim yoxdur?!”


Zahid Oruc: Neft ölkəsi olduğumuz üçün qlobal iqlim sammiti qarşısında Azərbaycanı ittiham edənlər son 250 ildə dünyada atmosferə ən çox karbon tullantıları atan dövlətlərdir. O bildirib ki, biz COP və Qarabağ siyasətində bir çox dövlətin eyni simasızlığını görürük: “Son 34 ildə yüz milyonlarla ton neft və qaz ehtiyatlarımızı çıxaran, onu Avropa bazarlarına daşıyan, nəhəng sənaye müəssisələrində istehlak edən də transmilli Qərb şirkətləridir. Avropa Birliyindən ölkəmizə qarşı sanksiyaya çağıranlar evlərində yanan azərbaycanlı qazını söndürüb soyuqdan dona bilərlər. Prezident İlham Əliyev alternativ enerjini ölkəmizin əsas milli kursu elan edib. Qoy Qərb dövlətləri də bizə xalis sıfır texnologiyalı məhsulları satsınlar. Embarqo və sanksiyalarla dünyada “yaşıl terror” siyasəti aparan ölkələr günəş panellərini və külək turbinlərini ucuz qiymətə istehsal edən ölkələrin qarşısında ticarət baryerləri yaratmasınlar.
Unutmayaq ki, 29 il əvvəl 1995-ci ildə COP-un ilk konfransının təşkil olunduğu Almaniyada – enerji keçidinə qarşı böyük dağ-mədən, kimya, daş kömür sektorlarında çalışan 100 minlərlə işçi etiraza qalxmışdı. Ölkəmizdə neft əvəzinə günəş və külək enerjisi olmasın deyə, küçə və meydanlara çıxan yoxdur.
Ona görə də bizi neft-qaz gəlirlərindən məhrum eməyə, Yaşıl Azərbaycan kursundan çəkindirməyə çalışanlar bütün Yer kürəsində dözülməz siyasi iqlimi düzəltməyə məhz Bakıdan başlasınlar. Axı Qarabağ hadisələri də ekoloji mənbədən – Topxana meşəsindən alovlanmışdı və elə orada da söndürüldü. Biz zoribalayanların düşmənçilik ocağını Qayıdış və Varlıq İşığı ilə əvəz edirik. Biz azad torpaqlarda Yaşıl Vətən qururuq. Qoy, 44 günlük müqəddəs savaşda olduğu kimi, hər bir azərbaycanlı Amerikadan Avropaya qədər istismar olunan milyonlarla ton neftin, qazın və digər yeraltı sərvətlərin hesabını o dövlətlərdən soruşsun”.


Fazil Mustafa: Biz xeyli sayda orta məktəbə, universitetə baş çəkirik. Girişdə şəhidlərimizin şəklinin olması sevindiricidir. Amma biz yaşayan qəhrəmanlarımızı nümunə göstərmirik. Ona görə də Baboşların, maboşların təbliğatı gedir. Azərbaycanın bayrağını qaldıran hər bir şəxsin adı məktəbin, universitetin girişində olmalıdır. Biz buna diqqət etməliyik. Hacı Əliyev, Eldəniz kimi güləşçilərimiz var”.


Əhliman Əmiraslanov: “Onkoloji xəstəliklərin icbari tibbi sığortadan kənarda qalması bizi narahat edir. Kadr çatışmazlığı məsələsində də problemlər var. Amma bunun həlli üçün çalışılır. İcbari tibbi sığorta işləyir. Aparılan sorğulara görə əhalinin icbari tibbi sığortadan məmnunluğu artır. Azərbaycanda təyinat sistemi var. Əvvəl tibbi universitetini bitirəndə təyinar olurdu, indi isə rezidenturada bu təyinat sistemi tətbiq edilir”.


Deputat Səyyad Salahlı (Aran) çıxışında bildirib ki, Azərbaycanda həkimlərin əməkhaqqı az olduğu üçün onlar xaricə üz tuturlar və belə bir durumda regionlarda kadr çatışmazlığı yaranır:
“1200-1300 manat məvacib həkimin ehtiyaclarını ödəmir. Məndə olan məlumata görə, məsələn, İmişli Rayon Mərkəzi Xəstəxanasında cəmi 30 həkim işləyir. Onkologiya və bu kimi ixtisaslarda həkim yoxdur. O boyda rayonda sadəcə bir psixiatr var. Bəs camaat kimin üstünə getməlidir?! Halbuki xətəxanaya cəmi 1000 müraciət olur. Saatlıda da eyni vəziyyətdir. Bir çox ixtisaslarda həkim yoxdur. Bu məsələnin üzərində ciddi nəzarət olmalıdır”. S. Salahlı qeyd edib ki, müəllim pensiya yaşına çatan kimi işdən çıxarıb, yerinə yenisini gətirirlər. Lakin pensiya yaşı çatmış həkimlərlə müqavilənin vaxtını uzadaraq işləyirlər. Çünki həkim çatışmır.

Nigar

Seçilən
37
1
tribunainfo.az

2Mənbələr