AZ

Tələbələrlə bağlı fikirləri qalmaqal yaradan ekspertlə MÜSAHİBƏ

Ali təhsil müəssisələrində geyim sərbəstdir. 

Tələbələr istədikləri geyim tərzində universitetə gedirlər. Yəni qısa, uzun, dini geyimlərlə dərslərdə iştirak edirlər. Bununla yanaşı, geyim tərzində mənəvi dəyərlərin, ictimai standartların də əsas götürülməsinin arzuolunan olduğunu deyənlər var. 

Ekspertlərin də tələbələrin geyim tərzinə münasibəti bərmənalı deyil. Belə ki, təhsil üzrə ekspert Elmin Nuri sosial şəbəkədə bu məsələyə toxunub. O yazıb:

“İndi kurtkanı (hansısa üst geyimi) tam geyinməyib, çiyinlərin üzərinə aşıraraq CAPS LOCK-CAPS LOCK gəzməyin adı nədir ki? Bu, nəyin yoxsulluğudur?! 

Məncə, universitet rəhbərləri mühafizə heyətinə bununla bağlı xüsusi tapşırıq verməlidir: bu cür tərzdə dərsə gələn tələbələri (Polad Ələmdar kimi ) elə həyətdəcə özünə çəki-düzən verib, geyim formasının düzgünlüyünü təmin edəndən sonra içəri buraxsınlar. Universitetdə universitet ab-havası olmalıdır...” 

Etiraz edən ekspert tələbələrə geyimlə bağlı hansı təklifi edir? 

Müsahibimiz təhsil məsələləri üzrə ekspert Elmin Nuridir: 

- Tələbələrin geyimi ilə bağlı fikirləriniz bir qədər ajiotaj yaradıb. Bu barədə fikirlərinizə bir qədər aydınlıq gətirərdiniz...

 -Mən xaraktercə demokrat insanam. Xüsusilə də tələbələrlə bağlı mövzularda azad seçim, tələbələrin özünüifadəsi, özünütəsdiqi üçün azad düşüncəli şəxs olmasının vacibliyini bildirmişəm. 

Dəfələrlə “şortik”, saqqal saxlamaq kimi qadağalarda tələbələrin haqlı tərəf olduğunu deyən şəxslərdən biriyəm. Buna misal olaraq dünya universitetlərini göstərmişik ki, bu gün bir çox dünya ali təhsil müəssisələri nələr edir, biz nələr düşünürük. Mən apardığım müşahidələrlə bağlı qısa qeyd etmək istədim. 

Burada məsələ nədən ibarətdir? Məsələ burada geyim formasında deyil. Gödəkçəni və yaxud hər hansı üst geyimi çiynindən yuxarı aşırmaq o qədər də qəbahət sayıla bilməz. Ancaq burada kiçik bir xətt var. Məsələn, bir xanım tələbədir, ona istidir, ictimai nəqliyyatda gəlir, o universitet binasında onu çıxaracağı üçün çiyninə aşırır. 

Qeyd etdiyim kimi, burada geyim formasından söhbət gedə bilməz. 

Burada məsələ bir qrup tələbəyə aiddir. Bu cür geyim formasında, bir qədər eqolu şəkildə gəzən tələbə qismi var ki, fikirlərimi onlara şamil etmişəm. Burada geyim məsələnin ikinci tərəfidir. 

Burada əsas davranış tərzidir. Bu, mənim subyektiv fikrimdir. 

- Sizcə, tələbənin geyimi ilə bağlı müəyyən məhdudiyyət olmalıdırmı? 

- Bu, mühafizə, qəti qadağa və ya uzaqlaşdırma şəklində olmamalıdır. Məsələn, bəzi universitetlər “şortik” qadağasına görə tələbəni dərsə buraxmayıb. Bu yaxınlarda Azərbaycan Tibb Universitetində qısa geyinən tələbə ilə müəllimin mübahisəsi baş vermişdi, onun universitetə buraxılmaması təklif edilmişdi. 

Burada heç bir qadağa ola bilməz, tələbəyə mühafizə heyəti vasitəsilə tövsiyə xarakterli məlumat verilə bilər. Məsələn, tələbə universitetə daxil olduğunda ona deyilir ki, bura ali təhsil ocağıdır, geyim formasına diqqət etsə, pis olmazdı. Bu, səliqə-sahman kimi də başa düşülə bilər. 

Burada mütləq qadağa, “riayət etməyən universitetdən çıxarılsın” kimi qərarlar düzgün deyil. Mən xaraktercə də qadağanı sevən insan deyiləm. Sosial şəbəkədə etdiyim qeydlərin də məramı budur. Geyim burda əsas deyil, əsas davranış tərzidir. Bununla bağlı universitet tərəfindən tövsiyə xarakterli xəbərdarlıq oluna bilər.

Təbii ki, bunlar subyektiv yanaşmadır. Bunun hər hansı qərar əsaslı olması mümkün deyil. Vətəndaş kimi fikirlərimi ifadə etmişəm. Sosial şəbəkələrdə əks fikirdə olanlar var. Mən hər birinə hörmətlə yanaşıram. 

-Ümumiyyətlə, qeyri-adi geyimə görə tələbə cəzalandırılmalıdır? 

-Xeyr. Mən tələbələrin geyimlə bağlı cəzalandırılmasının tərəfdarı deyiləm. Tələbə nə geyiminə, nə saç və saqqal formasına görə cəzalandırılmalıdır. Bu doğru deyil. Mən qəti buna qarşıyam. Tələbə sadəcə müəyyən nizam-intizama, səliqə-səhmana dəvət edilə bilər. Bu da tövsiyə xarakterli olmalıdır. 

Ancaq cəza tədbirləri qətiyyən yolverilməzdir. 

-Tələbə geyimi ilə bağlı qayda mövcuddurmu və yaxud olmalıdırmı? 

-Tələbə geyimi ilə bağlı qayda yoxdur. Onların geyimi ilə bağlı hər hansı qaydanın olmasına ehtiyac da yoxdur. Dünyanın heç bir ölkəsində belə detallar yoxdur. Xüsusi təyinatlı universitetlərin öz geyim forması olur. Bunlar başadüşüləndir.

Ancaq standart universitet modelində tələbə və yaxud müəllimin geyim formasının tətbiqi absurd olar. 

- Qeyri-adi qeyim tərzi tələbə, o cümlədən valideyn məsuliyyətsizliyindənmi irəli gəlir? Yoxsa günün tələbidir? 

-Xeyr.  Tələbə artıq yetkin,  azad fikrə malik şəxsdir. Biz onun valideynini məsuliyyətsizlikdə və yaxud hər hansı neqativ halda təqsirləndirə bilmərik. 

Seçilən
58
cebheinfo.az

1Mənbələr