Bakıda keçiriləcək COP29 tədbirinə hazırlıq çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC (ADY) görmə və fiziki məhdudiyyətli olan sərnişinlər üçün Bakı dairəvi dəmir yolu boyunca bir sıra işlər həyata keçirib.
"APA-Economics" xəbər verir ki, bu barədə ADY- nin Kommersiya departamentinin rəhbəri Aybəniz İsmayılova media nümayəndələri üçün təşkil olunan brifinq zamanı bildirib.
Onun sözlərinə görə, görmə məhdudiyyətli sərnişinlərin hərəkətini asanlaşdırmaq üçün taktil döşəmələr yenilənib.
"Fiziki məhdudiyyətli sərnişinlərin rahat hərəkətini təmin etmək üçün Bakı Dəmiryol Vağzalındakı liftə texniki baxış keçirilib", - Aybəniz İsmayılova qeyd edib.
A.İsmayılova bildirib ki, bütün stansiya və vağzallarda panduslar yoxlanılıb və Biləcəri stansiyasında əlavə pandus quraşdırılıb:
"Həmçinin Gəncə və Qəbələ vağzallarında təmir-bərpa işləri həyata keçirilib. Bakı və Sumqayıt vağzallarında fəaliyyət göstərən tibb məntəqələrində gücləndirilmiş iş rejiminin tətbiqinə başlanıb".