AZ

Fazil Mustafa: "Şərq" qəzeti mənim üçün Azərbaycan mətbuatının ən öndə gedən qəzetlərindən biridir

Fazil Mustafa (millət vəkili, Böyük Quruluş Partiyasının sədri)

  "Şərq" qəzeti mənim üçün Azərbaycan mətbuatının ən öndə gedən qəzetlərindən biridir. Demək olar ki, gündəlik mütaliə və təqib elədiyim 2-3 qəzetdən biridir. 

Hər zaman milli maraqların keşiyində dayanan bir qəzet olaraq "Şərq"i təbrik edirəm. Eyni zamanda peşəkar kollektivə malik olan "Şərq"in uğurlarının davamını gözləyirəm. Demək olar ki, bu qəzetin 30 il öncəki “Şərq”dən ideyası, düşüncəsi, məsələlərə obyektiv yanaşması elə də fərqlənmir. İnformasiya yükü ilə dolu, təhlili yazıları ilə əsl jurnalist peşəkarlığını ifadə edən bir media quruluşudur. “Şərq” həm də milliliyini qoruyur, bütün dəyərləri  Azərbaycan dövlətçiliyi maraqlarından aşağıda tutur. Hər zaman dövlətçiliyin ana kursunu anlayan, ona sadiq qalan bir qəzet formatıdır. Qəzetin əsas siması, baş redaktoru  Akif Aşırlıdır. Çox gözəl bir kollektiv qurub. Bu kollektivin illərdir dəyişməyən üzvləri onun  varlığı üçün çalışırlar. Bəzən “çap mediası nəyə lazımdır” sualı veriləndə cavab olaraq bir neçə qəzeti, o cümlədən də “Şərq” qəzetini nümunə olaraq göstərmək  lazımdır. Çap mediasının uğurlu təmsilçilərindən biri olan “Şərq”i göstərmək lazımdır ki,  qəzetlərin zəruri olduğunu görsünlər. Qəzetin informasiyaları, bölüşdürmə və yerləşdirmə üslubu da digərlərindən fərqlənir. Qəzetin 28 illik bir  tarixə sahib olması o deməkdir ki, “Şərq” artıq öz ənənələri üzərində böyümüş bir qəzetdir. Fərqli dövrlərdə, fərqli zamanlarda nəşr olunmasına rəğmən özünün ümumi kursuna, prinsiplərinə  sadiq qala bilən azsaylı qəzetlərdən biridir. Çap mediasının sıradan çıxdığı bir dönəmdə belə “Şərq” qəzetinin öz varlığını qoruması bu qəzetin dərin köklərə sahib bir çinar xarakterli  mahiyyət daşıdığını göstərir. Heç bir rüzgar, heç bir leysan onu yıxmaq imkanına sahib deyil. Bu da heç şübhəsiz, “Şərq”in ideyasının gücündən qaynaqlanan bir təzahürdür. Burada qəzetin kollektivinin əməyini yüksək qiymətləndirmək lazımdır. Onlar bu qədər çətin şərtlərdə, kağız qıtlığı, satış-abunə  problemləri ilə üzləşmələrinə rəğmən ötən illər ərzində qəzetin mahiyyətini qoruyub-saxlaya biliblər. Azərbaycan media tarixində  qürurla xatırlanacaq, peşəkarlığı ilə  seçiləcək qəzetlər sırasında “Şərq”  həmişə ön sıralarda yer alacaq. Akif Aşırlı başda omaqla  bütün kollektivi, qəzetin 28 yaşına çatmasında əməyi olan  hər kəsi təbrik edirəm. Bundan sonrakı uğurlarının davamlı olmasını arzulayıram. 


Seçilən
22
sherg.az

1Mənbələr