Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti Komandanlığına media-tur təşkil edilib.
APA xəbər verir ki, DSX Sərhəd Nəzarəti Komandanlığının rəisi general-leytenant Elşən Verdiyev media nümayəndələrinə Sərhəd Qoşunlarının yaranma tarixi barədə məlumat verib.
O, bildirib ki, 1919-cu ildə AXC parlamentinin qərarı ilə ölkə ərazində 99 sərhəd məntəqəsi yaradılıb. Daha sonra ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra Sərhəd Qoşunları fəaliyyətini davam etdirib. II Qarabağ savaşında Dövlət Sərhəd Xidməti hərbi qulluqçuları qəhrəmancasına vuruşub.
General-leytenant DSX-nin Sərhəd Komandanlığının COP29-la bağlı hazırlıqdan da söz açıb:
“Sərhəd Nəzarəti Komandanlığı COP29-a hazırdır. Sənədlərin operativ yoxlanılması üçün xüsusi texnoloji təchizatlar hazır vəziyyətdədir və bu istiqamətdə zəruri tapşırıqlar verilib”.
Dövlət Sərhəd Xidməti və Sərhəd Nəzarəti Komandanlığın fəaliyyətindən, uğurlarından bəhs edən videoçarx nümayiş olunub.
Daha sonra media nümayəndələri Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti Komandanlığının inzibati binası ilə tanış olub. Həmçinin media nümayəndələri, xidmətdə istifadə edilən avtomaşınlara, xüsusi avadanlıqlara və cihazlara baxış keçirib. Bununla yanaşı, jurnalistlər tədris prosesi və xidmət əməkdaşlarının asudə vaxtını səmərəli keçirdikləri idman zalında olub.
Ardınca mediatur iştirakçıları videogörüntüyə nəzarət otağındakı iş prosesini, sorğuların qeydiyyata alınması, aidiyyati üzrə yönlədirilmə prosesini izləyib.
Jurnalistlərə Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti Komandanlığının kinoloji xidmətinin iş prinsipi izah olunub və əyani “əməliyyat” prosesi təqdim olunub.
Daha sonra mediatur iştirakçıları DSX-nin Sərhəd Komandanlığının Heydər Əliyev adına Beynəlxalq Hava Limanındakı əməkdaşlarının iş prosesini izləyib.
Azərbaycan Respublikası tərk edən və ölkəyə daxil olan şəxslərin sərhəd yoxlanış məntəqəqələrində yoxlama prosesini, sənədlərində problem olan, saxta pasport aşkarlanan zaman görülən iş prosesi izlənilib.