AZ

34 yaşlı oğlan həmcinsi ilə əvvəlcə baxışdı, sonra bıçaqlaşdı — TƏFƏRRÜAT

Xaçmaz rayonunda 1990-cı il təvəllüdlü Etibar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmyerlisi İmrana xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2022-ci ilin noyabrın 19-da baş verib. Etibar həmin gün, saat 18 radələrində heç bir əsaslı səbəb olmadan, yəni tanışı İmran küçədən keçərkən ona tərəf tərs baxmasını bəhanə edib. O, üzərində gəzdirdiyi bıçaqla ona xəsarət yetirib. 

Hadisəni törədən Etibarın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Etibar ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə təqsirli bilib. O, ifadəsində göstərib ki, kafedə oturub yeyib-içib, bir az sərxoş olub: “Daha sonra İmranla baxışanda aramızda narazılıq yarandı, dava-dalaş oldu. İmran üstümə bıçaq çıxartdı. Mən də sonradan qorxaraq onu vurdum. Vurdum ki, məni qətlə yetirməsin, mənə xəsarət yetirməsin. Özüm də baş vermiş hadisədən sonra təslim oldum. İmrana bıçaqla xəsarət yetirdikdən sonra ona yenə də bıçaqla xəsarət yetirmək imkanım olub. Ancaq xəsarət yetirməmişəm. Mən İmrana aşağı bədən nahiyəsindən xəsarət yetirmək istəmişəm. Amma həddindən artıq kök olduğundan qarın boşluğuna xəsarət yetirmişəm. Hadisənin axırının bu cür bitəcəyindən xəbərim olmayıb. Bıçaq da əvvəldən üzərimdə gəzdirdiyim bir şey deyildir. Sadəcə olaraq ehtiyat üçün qoyduğum yerdən götürərək vurmuşam. Qorxudan vurdum ki, mənə heç nə etməsin. İmran məndən dəfələrlə, qat-qat böyük olub. Xəsarət yetirməyimi inkar etməmişəm. Əməlimdən də peşmanam”. 

Təqsirləndirilən şəxs bildirib ki, hadisə günü iki-üç nəfərə yarım litrlik araq içiblər: “İmranı əvvəllər tanımışam, eyni ərazidə qalmışıq. İkimiz də bir-birimizə baxmışıq. İmrandan nəyə baxdığını soruşduqda mənə kobud cavab verdi. Kobud cavab deyəndə ki, mədəni cavab vermədi. Bir az təhqir formasında mənə cavab verdi. İmran mənə cavab verəndən sonra bir az əlbəyaxa olduq. Əlbəyaxa olanda ətrafda heç kim yox idi. Əlbəyaxa olan zaman bizi heç kim ayırmayıb. Əlbəyaxa olan zaman İmran mənə zərbə endirsə də, xəsarət almamışam. Dalaşandan sonra bir-birimiz ilə söyüşə-söyüşə aralaşmışıq. Bıçağı bəzən özümü müdafiə etmək üçün üzərimdə daşımışam. Mən kriminal avtoritet və ya o tipli insan deyiləm. Həyatda mənə qarşı haqsızlıqlar çox olduğu üçün üzərimdə bıçaq gəzdirmişəm. Haqsızlıq deyəndə ki, zəif olduğum üçün iki-üç nəfər tərəfindən sıxışdırılmışam. Bıçağı götürəndə istəmişəm ki, gedib onun ayağını cızıb gəlim. Ayağını cızmaq istəməyimin səbəbi o idi ki, qorxsun. Bisavadlığımdan, qorxduğum üçün hüquq mühafizə orqanlarına məlumat verməmişəm. İmrana bıçaqla xəsarət yetirən zaman heç kimi görməyib. Bıçaqlanma zamanı İmrana yaxınlaşmışam, bıçaqla xəsarət yetirərək getmişəm. Söz demədən elə gələn kimi bıçaqlamışam”. 

Etibarın ifadəsinə görə, adisənin səhəri günü Xaçmaz Rayon Polis Şöbəsinə təslim olub: “Qaranlıqda adamlar olub. Onların hadisəni gördüklərini hiss etmişəm. Ona görə təcili tibbi yardım çağırmamışam. İlkin tibbi yardım göstərməmişəm. 2016-cı ildə məhkum olunmuşam. Ona görə məhkum olunmuşdum ki, mənə qarşı nalayiq təhqiredici ifadələr işlətmişdirlər, mən də kəllə vurmuşdum. Kəllə vuranda zərərçəkmiş şəxsin burnu sınmışdı. Zərərçəkmiş şəxsin burnunu sındırdığıma görə 127.2.3 və 221.1-ci maddələr ilə ittiham olunmuşam, barəmdə hökm oxunub. Hazırda zərərçəkmiş İmranla barışmışam”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Etibar 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində çıxarılmış hökmün ləğv edilərək, işinə yenidən baxılmasını xahiş edib. Təqsirləndirilən şəxs apellyasiya şikayətində atasının ağır xəstə olmasını, himayəsində iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını qeyd edib. O, əməlinin Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsi və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

Təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim olunub. Onun şikayətini araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, apellyasiya şikayəti təmin edilməyib. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
28
demokrat.az

1Mənbələr