AZ

ABŞ, AB və Fransanın Gürcüstanda dövlət çevrilişi etmək kimi ortaq planları fiaskoya uğradı: Vəziyyət dəyişir- ŞƏRH

“ABŞ, Avropa Birliyi və Fransanın Gürcüstanda dövlət çevrilişi etmək kimi ortaq planları mövcud idi. Bu barədə dəqiq məlumatlar yayılmışdı və iddia olunurdu ki, Gürcüstanda “Gürcü Arzusu” partiyasının devrilməsi üçün seçkilərdən sonra kütləvi iğtişaşlar, hətta terrordan belə istifadə olunacaq. Burada da əsas aranı qarışdıran erməni faktorunun olmasıdır. Məlumatlar ondan ibarət idi ki, Ermənistan kəşfiyyatına Gürcüstanda yaşayan ermənilər üzərindən terror, kütləvi iğtişaşlarda dəhşətli hadisələrin törədilməsi tapşırılıb. Bununla da Gürcüstanda vəziyyətin nəzarətdən çıxmasına nail olmaq niyyətləri var idi. Ümumi dövlət çevrilişi planında Fransanın agenti olan prezident Salome Zurabişviliyə də bu prosesə liderlik etmək tapşırılmışdı”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, qərbin planları baş tutmadı:

“Çünki Gürcüstanda seçkilərin saxtalaşmasına yönəlik ciddi faktlar ortaya çıxmadı. Prezident Salome Zurabişvili kütləvi iğtişaşların başlaması nədəni ilə seçkilərin saxtalaştırılmasını bəyan etsə də onu prokurorluğa çağırdılar və tələb etdilər ki, saxtalaşdırma ilə bağlı əlində olan bütün fakt və sübutları təqdim etsin. Ancaq Fransanın agenti olan Gürcüstan prezidenti belə faktlar təqdim edə bilmədi. Burada çox önəmli məqamlardan biri ondan ibarətdir ki, ABŞ, Avropa Birliyi, xüsusilə də Fransa Gürcüstanı da Ermənistan kimi özünün siyasi müstəmləkəsinə çevirərək Cənubi Qafqazda 3 region dövlətindən ikisini öz nəzarətinə almaq və bununla da Cənubi Qafqazda cərəyan edən bütün geopolitik proseslərin əsas söz sahibinə çevrilmək niyyəti güdürdülər. Ancaq eyni zamanda, Fransanın ayrıca planları da var idi. Fransa prezident Salome Zurabuşvilinin üzərindən Gürcüstanı Ermənistan kimi Parisdən idarə etmək kimi planın sahibi idi. Fransaya həm Cənubi Qafqaza yerləşmək, həm də Azərbaycanın Gürcüstandan keçən enerji və nəqliyyat kommunikasiya marşurutlarına nəzarət imkanları verə bilərdi. Bu halda da rəsmi Paris hesab edirdi ki, əgər bu məqsədinə çatsa Azərbaycana təsiretmə mexanizmləri artmış olacaq. Ancaq görünən ondan ibarətdir ki, bu planlar baş tutmayıb. Baş tutmadığına görə də əsas diqqət Ermənistana yönəldilib. Ermənistanın üzərində yerləşmə cəhdləri artırılıb. Fransa hətta Ermənistanda yeni hərbi baza yaratma istiqamətində müəyyən addımlar atır”.

Politoloq bildirib ki, Ermənistanın qərbyönümlü siyasət kursunda təklənməsi ABŞ, Avropa Birliyi, hətta Fransanın belə Cənubi Qafqaza yönəlik planlarında müəyyən dəyişikliklər etmək məcburiyyəti yaranacaq:

“Həm ABŞ, həm də Avropa Birliyi Azərbaycanın geopolitik iradəsi ilə hesablaşmaq məcburiyyətini anlayır. Artıq Gürcüstanda nəticələri məlum olan seçkilərdən sonra yaranmış vəziyyət Azərbaycanın geopolitik maraqlarına tamamilə cavab verir. Regional status-kvonun dəyişdirilməsi mümkün olmadığından indi Cənubi Qafqazda bütün proseslərə rəsmi Bakı nəzarət edir. Rəsmi Bakının icazəsi və razılığı olmadan bu regionda heç bir kənar qüvvə öz maraqlarını ifadə edə bilməz. Bundan sonrakı mərhələdə böyük ehtimalla, həm ABŞ, həm də Avropa Birliyi Cənubi Qafqaza yönəlik siyasətini dəyişmək məcburiyyətində qalacaq və rəsmi Bakı ilə anlaşmaq üçün yeni tezislər ortaya atmalı olacaq. Görünən odur ki, ABŞ, AB və Fransanın bütün mərkəzi planları pozulduğuna görə indi Cənubi Qafqazın taleyi məhz Bakıdan həll olunur”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
44
editor.az

1Mənbələr