AZ

Qarabağın deputatları üçün də ev TİKİLİR?

Azərbaycan işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı böyük addımlar atır. Bu istiqamətdə görülən işlər nəticəsində 30 ilə yaxın yurd həsrəti çəkən insanlar öz doğma torpaqlarına, evlərinə qayıdır. Bu prosesin – Böyük Qayıdışın təməli hələ 2016-cı ildə qoyulub.

 

2020-ci ildə Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.  Rəşadətli Ordumuzun 2023-cü il sentyabrın 19-da Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri hərb tariximizə daha bir parlaq səhifə kimi yazıldı, qarşıya qoyulan hədəflərə 24 saatdan da az müddətdə nail olundu.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizdən dərhal sonra işğal dövründə Ermənistan tərəfindən vandallığa məruz qalan doğma ərazilərimizdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanıldı. 2022-ci il noyabrın 16-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı.

 

Bu gün təkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu Qarabağ Universitetində çalışır və ya təhsil alır. Daha 500 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər və təhsil alanlardır. Ümumiyyətlə, azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çox insan çalışır. Qeyd olunan rəqəmləri ümumiləşdirsək, belə bir nəticəyə gəlmək olar ki, hazırda azad olunmuş ərazilərdə təqribən 30 min insan məskunlaşıb.

 

Qarabağ və Şərqi Zəngəzurda böyük tikinti-quruculuq işləri gedir. Bütün rayonların sakinləri üçün mənzillər tikilir, tezliklə keçmiş məcburi köçkünlərin hamısını  qayıdışı təmin olunacaq.

 

Qeyd edək ki, keçmiş məcburi köçkünlər arasında Milli Məclisin deputatları da var. Bir neçə gün əvvəl əslən Xocalıdan olan deputat Elman Məmmədov bildirib ki, dövlət onun üçün ev tikir. O, ata-baba yurdunun zamanında ermənilər tərəfindən viran edildiyini bildirib: “Səbirsizliklə gözləyirəm ki, mənim də evim tikilsin. Artıq bünövrə qoyulub, müəyyən səbəblərdən tikinti ləngiyir. İnşallah, özüm də evimizə köçəcəm. Mən o evdə yaşamışam, böyümüşəm”.

Modern.az mövzu ilə bağlı Milli Məclisin Füzuli rayonunun Aşağı Güzlək kəndində anadan olan Vüqar Bayramovla və Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olan Ceyhun Məmmədovla həmsöhbət olub.

 

Millət vəkili Vüqar Bayramov bildirib ki, Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində, Füzuli şəhərində məskunlaşma həyata keçirilib:

 

“Rayon mərkəzində 3000-dən artıq vətəndaşımız məskunlaşıb. Rayon mərkəzi ilə yanaşı Dövlətyarlı və Pirəhmədli kəndlərində də inşaat və yenidənqurma işlərinə start verilmək üzrədir. Həmin kəndlərdə də növbəti dövrdə məskunlaşma keçiriləcəyi gözlənilir. Mənim doğulub boya-başa çatdığım və orta məktəb təhsilimi aldığım Aşağı Güzlək kəndi həmin coğrafiyada yerləşən digər 6 kəndlə birləşəcək. Bu kəndlərin birləşməsi ilə daha böyük infrastrukturu olan bir kəndin inşa edilməsi nəzərdə tutulur. Füzuli rayonunda mərhələli şəkildə məskunlaşmanın həyata keçiriləcəyi gözlənilir. Ona görə də bizim kənd sakinləri üçün də məskunlaşma təbii ki, həyata keçiriləcək. Amma nəzərə alsaq ki, Azərbaycan öz daxili maliyyə məsələlərini öz vəsaitləri hesabına həyata keçirir və 2-ci Qarabağ müharibəsindən sonra dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzurun bərpasına 18 milyard manata yaxın vəsait ayrılıb, bu proses mərhələli şəkildə aparılır. 2026-cı ilədək işğaldan azad olnmuş ərazilərimizdə 140 min vətəndaşımızın məskunlaşacağı gözlənilir. Təbii ki, bütün məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdacaq. O cümlədən biz də öz ata-baba yurdumuza qayıdacağıq. Bunun nə zaman olması isə birbaşa mərhələli şəkildə aparılan bərpa və yenidənqurma işlərindən asılı olacaq. İntensiv şəkildə proses gedir. Əminik ki, növbəti ildə Qarabağ və Şərqi Zəngəzura daha intensiv şəkildə keçmiş məcburi köçkünlərin qayıdışı müşahidə olunacaq”.

 

Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə evlər hamı üçün tikilir.

 

"Qaçqınlar və məcburi köçkünlərə tikilən evlər kimi evlər hər kəs üçün tikilir. Konkret olaraq öz bölgəmiz barədə deyə bilərəm ki, bizdə belə bir məsələ yoxdur. Mən də bununla bağlı heç bir müraciət etməmişəm. Nəzərə alaraq ki, on minlərlə insan bu gün ev gözləyir və müəyyən sayda da insanlarımız çətin şəraitdə yaşayır, diqqət həmin insanlar üçün evlərin tikilməsinə yönəlməlidir. Bütün insanlarımız evlə təmin olunduqdan, ağır şəraitdə yaşayan insanlarımızın mənzil şəraitinə baxıldıqdan, şərait yaradıldıqdan sonra digər məsələlərə baxıla bilər. Ümumilikdə isə bu məsələyə fərdi yox, ümumi qaydada baxılmalı və hamıya bərabər münasibət göstərilməlidir. Hesab edirəm ki, məsələyə bu formada yanaşmaq daha doğrudur".

Seçilən
25
modern.az

1Mənbələr