AZ

... Nə yaxşı, yazmısan bu şeirləri...

... Nə yaxşı, yazmısan bu şeirləri...

“... Bilsəydim, yazmazdım bu şeirləri…”  Rəşad Məcid özü də yaxşı bilirdi ki, bu şeirləri yazmaya bilməzdi, bir ilahi sehrin, hökmün diktəsi ilə, özündən xəbərsiz yazılıb  şeirləri. Əslində sevgi şeirlərinin əksəriyyəti elə-belə, qələmsiz yazılır-qəlbin diktəsiylə... Məhəbbət odunun dolduğu ürəklər sanki sevgi şeirləri ilə sərinləşir, sakitləşir, rahatlaşır. 

Dünya poeziyasının baş mövzusundan bu günümüzdə də yazılır.  Köhnə dünyanın təzə sevgiləri yeni şeirlər doğurur. Doğuluşdan öləni də olur, əbədiyaşarlılıq qazananı da. Sevgi şeirlərindən söz açdığım  Rəşad Məcid  üçün də bu mövzu doğmadır, yaxındır, həm də ağrılıdır. Şair etiraf edir ki, qəbr əzabı duyur,  “ölə-ölə” yazır sevgi şeirlərini:

Əzabın, sitəmin içində azdım,

Gah kəfən geyindim, gah qəbir qazdım.

Bilsəydim, əvvəldən heç başlamazdım,

Öldüm yaza-yaza bu şeirləri.

Adəm- Həvva, Yusif- Züleyxa, Leyli-Məcnun, Romeo-Cülyyeta və s. sevgi dastanları, nağılları əsrlərin daş yaddaşından bu günümüzə qədər gəlib və bu ədəbi bağ hələ ki, qırılmayıb, davam edir. Nakam Şəhriyar-Sürəyya dastanı “Behcətəbad xatirəsi”nə çevrildi, məhəbbət ağısı kimi söz xəzinəmizi bəzədi. Nə sirdirsə, sevənlər hisslərini sətirlərə, mahnılara, rəsmlərə tökəndə, heykəlllərdə əbədiləşdirəndə sanki yüngülləşirlər. Sevgidən yaranan bu əsərləri oxuyanda, rəsm əsərlərinə baxanda, daş heykəllərə toxunanda sanki duyğularımız da istiləşir, oyanır,  içimiz işıqlanır. Etiraf edirəm, ilk gəncliyimdə olduğu kimi indi də əlimə şeir kitabı alanda ilk əvvəl sevgi şeirləri bölümünə baxıram, ilk onları oxuyuram. Və mənə elə gəlir ki, müəllifin nə demək istədiyini anlamaq, hiss və duyğularında nə dərəcədə səmimi olub olmadığını bilmək üçün bu çox vacibdir.

Yazışı, publisist Rəşad Məcidin şeir dünyası ayrı aləmdir. Deyərdim ki, nəsrindən, publisistikasından daha güclüdür. Niyə? Səmimiliyinə, təsirliliyinə, təbiiliyinə, köhnə mövzuya yeni yanaşmasına, sözlərin yaratdığı rəng palitrasının füsunkarlığına  görə! Qeyd edək ki, Rəşad Məcid onu narahat edən bütün mövzulardan yazıb, amma nə sirdirsə sevgidən yazdıqları daha təsirli alınıb, yanğılıdır. Bu şeirlər həssas bir şair ürəyini üzü-astarıyla-bütün tamlığıyla əks etdirir:

Ağrılar, əzablar ac quzğun kimi,

Boynuma uzatdı caynaqlarını.

Vurduğun yaralar sağalmamışkən

Yenidən qopardı qaysaqlarını...

Bilsəydim, yazmazdım bu şeirləri.

Şair Rəşad Məcidin poetik duyğuları yaz-payız havası kimi dəyişkəndir. Gah  bahar nəsimi kimi ilıq  olur, gah sopsoyuq payız küləyinə dönür, bəzənsə çöl çiçəklərinin zərif qoxusunu verir, hərdən də üzərində daş, qaya ağırlığı  duyursan... Amma nə sirdirsə, bu qatmaqarışıqlıqdan  doğulan şeirlərin hamısı təzə doğulan körpə qoxusundadır. Rəşad Məcidin sevgi şeirləri insanı ötən illərinə qaytarır, üzərinə daş basdığın yeniyetməlik, gənclik arzularına heyifsilənirsən, o nağıl anların bir də geri gəlməyəcəyinə için-için sızlayırsan:

Sən elə telləri qırıb getmisən,

Sən elə yaralar vurub getmisən,

Təpəri yoxdu ki, dözüb dayansın,

Nə mənim dünyamın, 

 nə bu dünyanın.

Qəfil gəlişinlə suç eləmisən

Sənsiz keçən ömrü puç eləmisən

Vurmayıb heç zaman belə qar-yagış

nə mənim dünyamı, 

 nə bu dünyanı…

Məhəbbət ağrısının əksi olan sevgi şeirləri  Rəşad Məcidi bizə daha  yaxından tanıdır. Kövrək, duyğulu, yaşamında, deyimində tam səmimi olan birini görürsən. Elə birini ki, məhəbbət qarşısında acizliyini illər sonra belə  körpə uşaq kimi etiraf etməkdən çəkinmir:

Zorla xoş xatirələri,

isti sözləri

islaq dəsmal kimi

beynindəki yaralara qoyub soyudarsan.

Düşünərsən, keçdi daha,

unuduldu ağrıların, sakitləşdi beynin,

qəfildən hansı sözlə, hislə,

bilməzsən peyda olduğunu –

sanki bir əl sinənin altından girib

ürəyini bir dəfə sıxıb çıxır…

Rəşad Məcid üçün  məhəbbət adi, ötəri hiss,  şeir mövzusu deyil, sirli-  sehirli, möcüzəli dünyasıdır:

Elə möcüzələr yaratmısan ki,

Elə dəqiqələr yaşatmısan ki,

Olmayıb heç onun yüzdə biri də

Nə mənim dünyamda,

nə bu dünyada…

Kalssik şairlərin sevgiyə münasibətləri, bu duyğuların poetik əksi zaman-zaman fərqli olub. Sevgi şeirlərinin, eşq mövzusunun ədəbiyyatın şah damarı sayıldığı orta əsr poeziyasında Nizami,  Nəsimi, Füzuli, S. Təbrizi, Hafiz  məhəbbətdən yazarkən klassik şeir üslubuna daha çox üstünlük verib, qadını, onun gözəlliklərini, sevgini təmtəraqlı ibadələrlə ilahiləşdirirdilərsə, Rəşad Məcid mövzuya  tam fərqli yanaşır.  Rəşadın təqdimatı özəldir- Çiyələk qadın. Bu şeirdən çiyələyin dadı,  tamı gəlir. Sadə, sadə olduğu qədər də uğurlu, “şirin” bənzətmə-Çiyələk qadın!

Bilmədim iblissən, ya mələk, Qadın,

Ətri, gözəlliyi çiyələk Qadın.

Bir də gəlməyəcək sənintək Qadın

Nə mənim dünyama,

nə bu dünyaya.

Rəşad Məcid üçün məhəbbət nədir? Başlanğıcda söz oyunu!

Başlayanda macəradı, 

Dəcəllikdi, zarafatdı.

Bir də gördün ciddiləşdi,

Yaxın gəldi addım-addım –

söz oyunu.

Vüsal-həsrətlə yanaşı doğulub deyirlər. Hicran məhəbbətin əzəli yol yoldaşı olub. Güclü məhəbbətin  bir əzablı darıxmağı da var.  Rəşad Məcid necə sevirsə, elə o cür də darıxır:

Mən sakit darıxmıram,

Adam kimi darıxmıram,

Hüceyrələrim

ağzını açıb çığırır.

Damarlarım

qanımdakı aclığı

bütün vücuduma yayır.

Beynim qollarımda

döyünür –

ilikləriməcən darıxıram.

Bu sətirləri oxuyanda  niyəsini  bilmədən sən də darıxırsan, ötən illərinin xatirə yükünün ağrısı yaddaşının sıxıb suyunu çıxarır, sızıldadır:

Mən sənsiz darıxanda

Min il əvvəlki

sümüklərim

sızıldayır.

Fikir vermisinizmi? Elə şeirlər var ki, özündə yazıldığı fəsillərin əksidir sanki.  Rəşad Məcidin sevgi şeirlərini oxuyanda ilıq bahar havası, payız sərinliyi sətirlərdən adamı vurur:

Sadəcə, səni xəyalıma gətirmək,

Sadəcə, barmaqlarımı

daraq kimi

saçlarına keçirmək,

 tellərinin arasından

süzülən dərin

gözlərinə baxmaq,

yanağındakı xalından

öpmək bəsdi ki,

tir-tir titrəyim,

əsim-əsim əsim!

Əsim-əsim əsən bu sətirlərdən təmiz, saf sevginin qoxusunu alırsan. Həyatında heç olmasa bir dəfə ürəkdən sevənlər bu qoxunu, bu həyəcanı,  duyğuları yaxşı anlayır.  Rəşadın köhnə mövzuya poetik yanaşması təptəzədir, yanğılıdır, adamın lap cızdağını çıxarır!

Təzə ət qoxusu duyan it

necə ki, zəncir çeynəyib dartınır,

Siçan pendir iyinə

necə ki, gözüyumulu atılır,

Xəstə narkoman gecəyarısı

özünü aptekin qapılarına

çırpıb qışqırır.

Bax, elə olursan

sevgi qoxusu,

sevgi havası hiss eləyəndə!

Rəşad Məcid  adi sözlərdən həzin bir sevgi səbəti hörməyi bacaran sənətkar-aşiqdir. Bu səbətdə sevginin bütün çalarları iç-içədir, bir-birinə hopub: 

Bəlkə, 10 il sonra, 15 il sonra

Bir soyuq ağılla, bir sakit başla,

Keçmişə qayıdıb düşünəcəksən,

Düşünüb heyrətdən üşünəcəksən:

Qanı dayanmayan yaralarımı

Hansı məlhəmlərlə sarıdığımı,

Səni bu zərbələr, bu hücumlardan

Üfürə-üfürə qoruduğumu.

Ruhu duyğulandırmayan, hissləri oyatmayan əsərlər hansı mövzuda olursa olsun,  unudulur, ədəbiyyatın zaman-məkan sərhədini aşa bilmir. Rəşad Məcid  bu həqiqəti yaxşı bildiyindən əsərlərinə ürəyinin odunu, ağrı-acılarını, şirinliyini qatır, göz yaşıyla suladığı söz kündəsinin küt getməsini istəmir:

Necə ki, 

acımasız, mayasız

kündə küt gedir, təndirdə durmur,

tökülür köz üstə,

qapqara qazmağa dönür, 

Mən də eləyəm indi –

Sənsiz, sevgisiz!

Çəkmə əlini!

Sonra bu əzabların üstündə

cızdağı çıxan yanmış qırıntılarımdan

adam düzəltmək çətin olacaq.

Şair Rəşad Məcidin poeziyası mövzuca olduqca rəngarəng, çoxşaxəlidir. Bu mövzu rəngarəngliyində məhz məhəbbət istiqamətini seçməyim bəlkə də ruhi yaxınlıqdan, bağlılıqdan doğur. Bir dəki, sevgi şeirlərini kim sevmir ki? Məhəbbət mövzunda yazılan şeirlər sevginin özü qədər əzizdir sevənlərə, sevilənlərə:

Daşıdım əlimlə baş daşlarımı,

Başladım yenidən savaşlarımı.

Hər gün neçə dəfə göz yaşlarımı,

Sildim yaza-yaza bu şeirləri.

Və nə yaxşı ki, Rəşad Məcid  bu ağırlığı bilə-bilə, duya-duya bu dünyaya baş vurdu, həzin, kövrək, gözəl sevgi nəğmələri yaratdı: 

Bilmədim bu şeirlərlə

Mən nələri əfv elədim.

Ya bir təzə sevgi tapdım,

Ya ağlayıb dəfn elədim?

Dedim doğru-yalanı da,

Olmayanı, olanı da,

Bəlkə, olub qalanı da

Yerə çırpıb məhv elədim?

“Mən indi o qədər kövrək, həssasam” deyən şairin  “Gözümün suyundan pas tutasıyam” ifadəsi təkcə yeniliyi, obrazlılığı ilə deyil, həm də kədər yükü ilə diqqət çəkir. Sevginin ölçüsü, əndazəsimi varmı? Sevən qəlbə qədərində sev demək olarmı, mümkünmü?

Bir qədər az sevəydin gərək,

sakit sevəydin.

Sən demə, 

rahatlıq, səadət

dəli kimi sevməkdə yox, 

sakitcə sevib, 

it kimi sədaqətli olmaqdadır.

İfadələrin kobudluğuna baxmayın, bu şeirdə o qədər səmimiyyət var ki...  Rəşad Məcid  yeniyetmə oğlan  kimi sevdiyinə hələ  acıq da  verir:

Yüz dəfə yu, min dəfə sil, 

Hər yana, hər tərəfə sil. 

Yenə də sızıldayacaq, 

Yenə gələcək nəfəsi, 

Neyləsən də getməyəcək

Əlindəki öpüş yeri.

Həm də təkcə acıq verməklə qalmır, sevdiyi qıza görə dalaşmağa belə hazır olduğunu deməyi bacarır:

Əgər bu məhəbbət çıxıb meydana, 

Dava salmaqdısa sənin yolunda. 

Bütün cəfalara, həmişə,

hər an hazır olmaqdısa sənin yolunda

Mən çoxdan hazıram, əmrini söylə!

Etiraf edək ki, nakam sevgilərdən yaranan şeirlər daha təsirli, yanğılı, ağrı yükü daha ağır olur. Nakam sevgilərin həsrəti təkcə ürəkləri deyil, misraları belə əyir:

Qısılıb küncünə sakit otağın

Dikərsən gözünü solğun şəklimə. 

Bu həsrət – qurumuş üzüm cecəsi, 

Sıxıb ayrılığı şərab çəkmirəm, –

Axtarma özünü şeirlərimdə.

Rəşad Məcid sevgi dolu insandır. Onun üçün sevgisiz həyat yoxdur.  Sevgidən yazmaq  həyatının mənasıdır, yaşamına rəng qatan həvəsdir, arzudur, ümiddir:

Qurban olum, çıxma beynimdən-

elə et ki, sənsiz bir addım da atmayım,

sənsiz bir işim olmasın,

gecəmi-gündüzümü sənə görə bölüm,

yuxudan sənə görə ayılım.

...Səndən baxım aləmə, sənlə görüm dünyanı...

Elə et ki, şeiri sənə görə yazım...

...Elə et ki, sənə görə sevim, sənə görə yaşayım...

Bundan sonra da sevgi ilə yaşa, sevgi ilə yarat Rəşad Məcid!

Günəşim yox olar, işığım sönər,

Hər sözün kədərə, qəhərə dönər.

Sənsiz yaşamağım zəhərə dönər,

Bildim yaza-yaza bu şeirləri...

 

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin Mətbuat Xidmətinin rəhbəri.

 

 

 

 

 

Seçilən
50
1
xalqqazeti.az

2Mənbələr