"Görülən işlər ölkə rəhbərinin tam nəzarətindədir" — Nəqliyyatda mobillik artırılır
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Bakı Dəmiryol Vağzalının və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə aparılan abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Ərazidə minik avtomobillərinin hərəkəti ləğv edilərək müasir tələblərə cavab verən avtobus, piyada və velosiped zolaqları yaradılıb. Köhnə döşəmə örtükləri ləğv edilərək, qranit bordürlər düzülüb və təqribən 22 min kvadratmetr qranit döşəmə örtüyü salınıb.Ərazidə ümumi sahəsi təqribən 2300 kvadratmetr olan yaşıllıq yaradılıb, İtaliyadan gətirilmiş 200-dən çox ağac, 15 mindən çox kol əkilib, işıqlandırma işləri aparılıb, müasir oturacaqlar, həmçinin müasir tikinti norma və qaydalarına cavab verən 2 fəvvarə, 2 dayanacaq inşa edilib, elektrik avtobusları üçün 4 enerjidoldurma məntəqəsi quraşdırılıb.
Ümumiyyətlə paytaxtda sürətlə piyadalaşdırma, mikromobillik şəbəkəsinin yaradılması, mövcud ekoloji təmiz yönümlü infrastrukturun inkişafı yönündə mühüm işlər görülür. COP29 öncəsi görülən tədbirləri millət vəkili Fazil Mustafa Demokrat.az-a açıqlamasında müsbət dəyərləndirib:
“Prezident İlham Əliyevin bu ərazilərdə yaradılan şəraitlə tanış olması prosesin ölkə rəhbərinin tam nəzarətində olmasından xəbər verir. Çünki bu cür layihələrin həyata keçirilməsi Prezidentin baxış bucağından daha dəqiq görünür. Paytaxtda həqiqətən də böyük bir sıxlıq və hərəkətsizlik yaşanır. Avtomobillər tıxacda çox vaxt itirir. Buna görə də mobil daşıma, piyada və avtobus zolaqları, eyni zamanda metronun da daha mobil fəaliyyət göstərməsi mövcud sıxlığın aradan qaldırılmasına kömək edə bilər. Prezident İlham Əliyevin ərazi ilə tanışlığı işlərin sürətlənməsinə töhfə verəcək. COP29 ərəfəsində şəhərin görüntüsü də olduqca vacibdir. Bütün qurumlar bu yöndə ciddi səy göstərir. Çalışmalıyıq ki, işləri daha yüksək səviyyədə həyata keçirək”.
Törə Zeynallı
Demokrat.az