AZ

Argentinanın mərkəzi bankı əsas faiz dərəcəsini kəskin azaldıb

Argentina Mərkəzi Bankı əsas faiz dərəcəsini 40 faizdən 35 faizə endirib və son altı ayda ilk dəfə kəskin faiz endiriminə gedib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Tənzimləyicinin bildirdiyinə görə, ölkədə inflyasiyanın azalması müşahidə olunur. Mövcud likvidlik vəziyyəti, inflyasiya gözləntilərinin azalması və hökumətin fiskal tədbirlərini nəzərə alaraq əsas faiz dərəcəsi 40 faizdən 35 faizə endirilib. Həmçinin istiqraz faizləri 45 faizdən 40 faizə düşüb. İndiyədək Mərkəzi Bank pul-kredit siyasətini (PKS) yüngülləşdirmək məqsədilə may ayında kredit faizlərini 133 faizdən 40 faizə qədər endirmişdi.

Ölkənin hazırkı prezidenti Xavyer Mileinin rəhbərliyi dövründə aylıq inflyasiya dekabrda 25,5 faizdən sentyabrda 3,5 faizə qədər azalıb. Analitiklər oktyabrda bu göstəricinin daha da azalacağını gözləyirlər. Bununla belə, avqust ayında illik qiymət artımı 236,7 faizə çatmışdı.

Oktyabr ayında Argentina hökuməti vergi xidməti funksiyasını yerinə yetirən Federal Dövlət Gəlirləri İdarəsini (AFIP) ləğv edərək onu yeni Yığım və Gömrük Nəzarəti Agentliyi ilə əvəz edib. Rəsmilər bu islahatı vətəndaşların maliyyə sərbəstliyini məhdudlaşdıran baryerlərə qarşı mübarizə olaraq əsaslandırıb. Çünki AFIP vətəndaşların pullarını idarə etməsinə mane olurdu.

Argentina prezidentinin nümayəndəsi Manuel Adorni vurğulayıb ki, hər bir argentinalının mülkiyyəti yalnız ona məxsus olmalıdır və heç bir dövlət məmuruna argentinalıya öz mülkiyyəti ilə nə edəcəyini demək hüququ verilməməlidir.

Seçilən
47
iqtisadiyyat.az

1Mənbələr