AZ

COP 29 günlərində nəqliyyatın hərəkətinin təşkil ediləcəyi istiqamətlər açıqlanıb

COP 29 tədbiri zamanı Bakıda nəqliyyatın hərəkətinin optimal təşkili üçün bir sıra küçə və prospektlər üzrə istiqamətlərin dəyişdirilməsi nəzərdə tutulub.

"APA-Economics" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.

O, bildirib ki, Şıxov istiqamətində, yəni Bakı-Salyan yolunun 14-cü kilometrliyindən şəhərə daxil olan nəqliyyat vasitələri Lökbatan dairəsi yaxınlığında təşkil olunan nəzarət postundan Bakı kənar dairəvi yolu istiqamətinə yönəldiləcək"

"Oradan Badamdar istiqamətinə getmək mümkün olacaq, Yasamal və "Şamaxinka" adlanan əraziyə daxil olmaq istəyən sürücülər isə həmin əraziyə gedən istiqamətdə təşkil olunacaq postlardan fasilələrlə buraxılacaqlar. Yəni nəqliyyatın əsas hissəsi Biləcəri, Avtovağzal və Sumqayıt istiqamətinə yönəldiləcək. Şamaxı-İsmayıllı istiqamətindən hərəkət edən nəqliyyat vasitələri Müşfiq-Xocəsən yolunda təşkil olunacaq postlarda nisbətən azaldılmaqla "Şamaxinka" ərazisindən geriyə dönmə ilə və Ziya Bünyadov prospekti istiqamətində fasilələrlə buraxılacaqlar. Quba-Sumqayıt istiqamətindən hərəkət edən nəqliyyatın hərəkəti Sumqayıt şəhərinin girişində yerləşən yanacaqdoldurma məntəqəsinin yanında təşkil olunacaq postda müvəqqəti azaldılacaq, fasilələrlə buraxılacaq. Sumqayıt-Novxanı istiqamətindən gələn nəqliyyat vasitələri isə Binəqədi-Baksol yolunda təşkil olunacaq postdan fasilələrlə buraxılacaq. Bunlar şəhərə giriş yerləri üçün nəzərdə tutulub".

N.Piriyev qeyd edib ki, şəhər daxilində hərəkət edən nəqliyyat vasitələri üçün də bəzi küçə və prospektlərdə hərəkət istiqaməti dəyişdirilib:

"Mərkəzdən Hava Limanı istiqamətinə hərəkət edənlər Nizami küçəsindən istifadə etməklə düzünə, Yusif Səfərov küçəsindən keçib İzzət Orucov küçəsi, ordan sağa Fəzail Bayramov küçəsi və sola doğru 8 Noyabr prospektinə çıxıb ordan hərəkət edə və Zığ yolu ilə Hava Limanı istiqamətində gedə biləcəklər. Heydər Əliyev prospektində əlavə köməkçi yolla Bakıxanov qəsəbəsi ərazisindən keçərək Sabunçu-Zabrat istiqamətində hərəkət edənlər "Koroğlu" metro stansiyasının yanından sağ zolaqla Bəşir Bünyadov, Yavər Əliyev küçəsi, sola doğru Asif Əsədullayev küçəsi və Komsomol körpüsünün altından Sabunçu-Zabrat yoluna çıxa biləcəklər. Koroğlu Rəhimov və ya Xətai Dəmirçizadə küçəsindən mərkəz istiqamətində hərəkət edən nəqliyyat vasitələri Yusif Səfərov və 10-cu Zavod küçəsindən istifadə etməklə Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasının arxası ilə, yəni Ələddin Quliyev küçəsi ilə hərəkət edib sağa Dilarə Əliyeva küçəsinə, ordan da Rəşid Behbudov çıxa biləcəklər. Bilgəh kardioloji sanatoriyası tərəfdən, həmçinin Maştağa qəsəbəsi "Albalılıq" kimi tanınan ərazidən Hava Limanı istiqamətində gəlmək istəyənlər Mərdəkandan keçib Şüvəlan istiqamətindən Qala dairəsinə çıxıb Zığ şosesinə çıxmaqla hərəkət edə biləcəklər. Hava Limanı istiqamətindən gələn sürücülər isə Zığ şosesindən 8 noyabr prospektinə keçməklə Afyəddin Cəlilov, Fəzail Bayramov və Mehdi Mehdizadə küçələri ilə hərəkət edəcəklər. Sabunçu rayonu istiqamətindən şəhərə gəlmək istəyən sürücülər Balaxanı yolu ilə Binəqədi ərazisini keçməklə şimal istiqamətinə və mərkəzə gələ biləcəklər".

Seçilən
59
28
apa.az

10Mənbələr