AZ

Gürcüstan Fransanın "SEZAR"larını Ermənistana buraxmadı...

Image

Gürcüstanda keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu" partiyasının qələbə çalması Qərbin Cənubi Qafqazda siyasətinə də əsaslı şəkildə təsir etməkdədir. Bu fonda görünən odur ki, Qərbin Ermənistan planları da iflasa uğramaqdadır. 

Belə ki, son məlumatlara əsasən, Gürcüstan hakimiyyəti Qərb silahlarının, o cümlədən Fransanın Ermənistana yönəlmiş SEZAR artilleriya qurğularının ərazisindən keçməsinə icazə verməyib.

Baş verənləri şərh edən erməni politoloq Qurgen Simonyan qeyd edir: “Bəziləri Qərbin silahlarının Gürcüstandan keçdiyini deyir! Bəs onda niyə SEZAR-lar hələ də Potidə və ya Gürcüstanın hər yerində ilişib qalıblar?”. Bundan əvvəl mətbuatda Gürcüstanın Ermənistana silah tranzitindən tamamilə imtina etdiyi barədə məlumatlar yayılmışdı. Bu addımın səbəbi Tiflisin Ermənistanın bir qrup siyasi fəal vətəndaşını Gürcüstan prezidenti Salome Zurabişvilini dəstəkləmək üçün Gürcüstana göndərilməsindən narazılığı ilə də izah olunur.  Bu hərəkət Gürcüstanın siyasi dairələrində mənfi reaksiyaya səbəb olub və görünür ki, ölkənin tranzit siyasətinə təsir edib. Mövcud vəziyyəti şərh edən Simonyan əlavə edib: “Ermənistan hakimiyyətinin yerində olsaydım, ABŞ Dövlət Departamentinin mövqeyini gözləyərdim. İndi Dövlət Departamenti Gürcüstanla müharibə ehtimalından danışır. Buna fikir vermisiniz? Blinkenin bəyanatlarında ümumiyyətlə, seçki ilə bağlı təbriklər qeyd olunmur”. Qeyd edək ki, Gürcüstanda 26 oktyabrda parlament seçkilərindən bir gün sonra prezident Salome Zurabişvili seçkilərdə tam saxtakarlığın baş verdiyini və bir sənəd ilə təxminən 17 dəfə səs vermək mümkün olduğunu söyləyib. Daha sonra Baş Prokurorluq prezidenti ifadə verməyə çağırıb, lakin o, ifadə verməkdən imtina edib. Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili prezident Salome Zurabişvilini saxtakarlıqda ittiham edib. Papuaşvili onu seçki saxtakarlığını sübut etməyə və ya yalan danışdığını etiraf etməyə çağırıb: “Desin ki, o, beynəlxalq mətbuat qarşısında böhtan atıb və gürcülərin reputasiyasını zədələyib, ya da sübut təqdim etsin. Bu, sadəcə bir bəyanat deyil. Zurabişvili konkret bir ittiham irəli sürüb. Yeri gəlmişkən artıq bəzi xarici həmkarlarımız deyiblər ki, Salome Zurabişvilinin destruktiv fəaliyyəti artıq görünür. O, telefonla dünyanın yarısı ilə danışıb ki, ölkə dizüstə düşsün”. Onu da qeyd edək ki, Zurabişvili müxalifətin etiraz aksiyalarının əsas təşkilatçılarından biridir. Bu arada müxalifət partiyaları növbəti mitinqin tarixini açıqlayıb. “Güclü Gürcüstan”ın liderlərindən olan Anna Dolidze  aksiyanın noyabrın 4-də baş tutacağını açıqlayıb. İndi görünən odur ki, bu aksiyalarda iştirak üçün Ermənistandan da şəxslər göndərilir. Ermənistanın baş naziri Nikol Paşinyanın gürcüstanlı həmkarı İrakli Kobaxidzeyə yazdığı sönük təbrik məktubunda da aydın hiss olunurdu ki, seçkinin nəticələri onların gözləntilərini doğrultmayıb. Qərbin dəstəklədiyi namizədlərdən birinin qalib gələcəyi təqdirdə, Ermənistan-Gürcüstan münasibətləri yeni mərhələyə keçə bilərdi. Bu isə Ermənistanın da öz iqtisadiyyatını və siyasi kursunu Qərbə yaxınlaşdırmaq baxımından mühüm bir fürsət ola bilərdi. Gürcüstanda Qərbə yaxınlaşan bir hökumətin hakimiyyətə gəlməsi Ermənistan üçün Qərbə yönələn bir dəhliz yarada bilərdi ki, bu da baş tutmadı. Beləliklə, Gürcüstanda Qərbyönümlü qüvvələrin məğlubiyyəti ABŞ və Avropanın bir çox dövlətlərində, Ermənistanda  məyusluqla qarşılanıb. Qərbin məğlubiyyəti regiondakı müttəfiqlərinin davranışlarından da aydın hiss olunur. 

Görünən odur ki, Qərb və onun əlaltlsl kimi Ermənistan Gürcüstanda sabitliyi pozmağa çalışacaqlar. Təbii ki, Ermənistan əsas vasitə kimi burada istifadə olunacaq. Ermənistanın geosiyasi oyunlarda alətə çevrilməsi həm özünün, həm də regiondakı digər dövlətlərin milli maraqlarına və təhlükəsizliyinə təhdid yaradır. Buna görə də Azərbaycan və Gürcüstan vahid mövqedən çıxış edərək yaxın qonşuları ilə iqtisadi inteqrasiyanı, beynəlxalq əhəmiyyət daşıyan layihələrin reallaşdırılmasını davam etdirəcəklər. Ermənistan isə geosiyasi oyun başa çatdıqdan sonra diqqətdən kənarda qalacaq. Gürcüstandakı parlament seçkilərinin nəticələri Qərbin Ukraynada olduğu kimi, regionda münaqişə ocağı yaradıb buradakı dövlətləri yönəltməyə cəhd etməsinin qarşısını aldı.  Bu səbəbdən Gürcüstana qarşı qəzəbli fəaliyyət həyata keçirilir. Avropa Komissiyası bu durumda Gürcüstanın siyasi kursunun dəyişdirilməsini tələb edərək, rəsmi Tiflis ilə Avropa İttifaqına qəbulla bağlı danışıqlara başlamaq üçün tövsiyə verməkdən yayınıb: “Əgər Gürcüstan Aİ-yə gedən yolunu sarsıdan kursunu dəyişməsə və islahatların həyata keçirilməsində Aİ-nin narahatlıqlarına cavab vermək üçün aydın səylər nümayiş etdirməsə, Avropa Komissiyası Gürcüstan ilə danışıqlara başlamaq tövsiyəsini nəzərdən keçirmək iqtidarında olmayacaq”.  Avropa Komissiyasının tövsiyəsi namizəd ölkənin qəbulu üçün danışıqlara başlamaq məsələsində əsas addımdır. Avropa Komissiyasından vurğulanıb ki, Gürcüstan xarici siyasət üzrə Aİ qərarlarının cəmi 49 %-ni yerinə yetirir və bu göstəriciyə görə 10 namizəd dövlət arasında sondan əvvəlki yeri tutur. Müxalifət bunlar fonda Qərblə daha sıx təmaslara start verib. Gürcüstanın baş naziri İrakli Kobaxidze belə vəziyyətdə müxalifətə müraciət edib: “Müxalifətin saxtakarlıqla bağlı ittihamlarına baxmayaraq, Gürcüstanda keçirilən parlament seçkilərində ciddi pozuntuları göstərən faktlar yoxdur. Əslində, saxtalaşdırmadan söhbət getdiyindən yox, bu seçkilərdə hər hansı ciddi qanun pozuntusunun ola biləcəyini göstərən faktlar yoxdur”. 

O qeyd edib ki, müxalifətin saxtalaşdırmanın olmadığını bəyan etməkdən başqa yolu yoxdur.

Tahir TAĞIYEV





Seçilən
40
baki-xeber.com

1Mənbələr