AZ

Elmar Baxşıyev “Neftçi” üzərindəki qələəni şərh etdi

“Araz-Naxçıvan”ın baş məşqçisiz Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 12-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları dilə gətirib:

“Maraqlı və dinamik oyunun şahidi olduq. Hər iki komanda hücum futbolu nümayiş etdirdi. Oyunun ağır keçəcəyini əvvəlcədən bilirdik. Komandamı təbrik edirəm. Yolumuza davam edirik. Bu maksimum səviyyəmiz deyil. Oyunumuzu bir qədər də inkişaf etdirməli, bəzi məqamları düzəltməliyik.

İkinci hissəyə planlaşdırılmayan əvəzetmə ilə başladıq. Bəxtiyar Həsənalızadə zədələndi. Yerli futbolçu olduğuna görə həmin mövqeyə legioner buraxmaq istədik və nəticədə məcbur olub başqa oyunçunu da əvəzləməli olduq. Ümumi götürdükdə, ikinci hissədə daha çox qol epizodu yaratdıq, sadəcə. realizə etməkdə çətinlik çəkdik”.

Elmar Baxşıyev bir neçə gün öncə heyətə qatdıqları Qara Qarayevdən də söz açıb:

“Qara Qarayev təcrübəli, komandamıza kömək edə biləcək futbolçudur. Fiziki planda bir qədər hazır olmalıdır. Psixoloji baxımdan hər şey qaydasındadır. Özü ilə söhbətimiz də olub. Keçmişlə yaşayacaqsa, gələcəyə ümidlə baxmaq olmaz.

Turan Vəlizadənin qırmızı vərəqə aldığı epizoda gəldikdə, gənc, istəkli futbolçudur. Təmkinli olmalıdır, amma aldığı vərəqələrə görə iradım yoxdur”.

Samir Abasov zədələri və heyətdəki problemləri qabartdı

“Neftçi”nin baş məşqçisi Samir Abasov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Araz-Naxçıvan”ı qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı rəqibə qarşı oynayırdıq. Bizə çox əziyyət verdilər. Oyun haqda danışmaq çox çətindir. Matçın əvvəlindən üzüntülü idik. Çünki futbolçularımız bir-bir sıradan çıxır. Onsuz da “Sabah”la matçdan sonra məşq üçün çox vaxtımız qalmamışdı. Görüşün əvvəlindən komandanın içində qəmginlik var idi. Məşqlərdə də işləyirdik. Oyunçularımızın bir-bir sıradan çıxması hər şeyi pozdu. Görüləcək işimiz çoxdur. İnanıram ki, işimizin öhdəsindən gələcəyik. Xüsusi təşəkkürümü azarkeşlərimizə bildirmək istəyirəm. Bizi dəstəklədilər, futbolçularımızla danışdılar. Bu gün üzülürük. Ən azından “Neftçi” olaraq uduzmamaq istəyirdik. Əfsuslar olsun ki, edə bilmədik. Futbolçularımı da anlamağa çalışıram. Yeni baş məşqçi gəlib, çempionatın ortasında yeni informasiyalar verilir, onları qavrayıb, oyunun içində göstərmək onlar üçün çətindir. Zədəlilərlə bağlı da durum yaxşı deyil. Şikayət etməyi xoşlamıram, amma durum budur. Futbolçular zədəli yox, sağlam olsaydılar, rotasiyalar etmək mümkün idi. Əlimizdə olan oyunçuların hamısını meydana buraxdıq. Bir az dözmək lazımdır. Azarkeşlər də ümidlidir. Vəziyyətdən çıxmağa çalışacağıq.

Hazırda transfer barədə fikirləşmirik. Çünki əlimizdə olan heyət say olaraq nəinki yetərlidir, hətta artıqdır. Heyət həm keyfiyyət, həm də say baxımından yaxşıdır. Bu qədər oyunçumuz olsa da, zədəlilərimiz var. Rafael Quzzo sona qədər dözmədi, Emin Mahmudov zədələndi. Bunlar şikayət deyil. Qarşıdakı oyunda Emil Səfərov, Emin Mahmudov olmayacaq. Eminin dediyinə görə, ciddi zədəyə oxşayır. Çünki topa zərbə vuranda, əzələsini dartdı. Allah şəfa versin. Emin yerli və dəyərli futbolçumuzdur, onu itirmək istəmərəm. İstəmədiyimiz halda belə oldu”.

Seçilən
65
arena.az

1Mənbələr