AZ

Kəndimizə getməyə ürəyim gəlmirdi - Qulu Məhərrəmli ilə yubiley MÜSAHİBƏSİ

"Jurnalistikanın indiki səviyyəsilə bağlı çox yüksək fikirdə deyiləm"

"70-in zəhmi ağırdı"

"Ən dəyərli hədiyyəni tələbəmdən aldım"



Bu gün Azərbaycan mətbuatında xüsusi yeri olan Əməkdar jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli 70 yaşını tamam edir. Modern.az saytı onunla həmsöhbət olub.


- Qulu müəllim, 70 illik yubileyinizi qeyd edirsiniz. Kifayət qədər uzun yoldur, qocaldığınızı hiss edirsiniz?
 

- Adam bu yaşa gəlib çıxdığına görə Yaradana şükür edir. Yaşlılıq əlbəttə ki, çox hiss olunur. Neçə yaşa çatmağından asılı olmayaraq, kiminsə qocaldığını boynuna alacağına inanmıram. İnsanın yaşı da, hərəkətləri də, yaşlanmağı da kənardan hiss olunur. Amma mən, hələlik kənardan qocaldığımla bağlı fikir eşitməmişəm.



- Geridə qoyduğunuz 70 illik ömür yolunu saf-çürük edəndə, özünüz üçün hansı nəticələr çıxarırsınız?

 

- 70 yaş az deyil, insan bu illərdə müxtəlif nəticələrə gəlir. Qənaətim budur ki, insan dürüst və ləyaqətli şəkildə ömürünü elə yaşamalıdır ki, dönüb geriyə baxanda peşmanlıq hiss etməsin.
 

- Sözsüz ki, ötən dövrdə müxtəlif insanlarla yol gəlmisiniz. Kimlər sizi yarı yolda buraxıb, kimlərlə dostluq münasibətinizi qoruyub saxlamısınız?
 

- Bu, çox mürəkkəb, həyati və fəlsəfi sualdır. İnsanların həqiqətən də kimlə yol getməyinin çox böyük önəmi var. Özümü dərk etdiyim gündən yol getdiyim insanlarla bir yerdəyəm və çoxları ilə səmimi, dürüst dostluq münasibətimizi qoruyub saxlaya bilmişik. Bizim üçün çox çətin şəraitlərdə -15-20 il əvvəl - bunu dərk etdim ki, insan tək olanda basqılara, təzyiqlərə tab gətirmək çətin olur. Amma yaxşı, dəyərli insanlarla birlikdə olanda, o basqıların hamısı adama adi gəlir. Çünki sən sağa-sola baxanda, öz məsləyində olan insanların da möhkəm dayandığını görüb çox ürəklənirsən.
 

- Jurnalist kimi müxtəlif xarici ölkələrə səfər etmisiniz, məşhur insanlarla təmasda olmusunuz, liderlərdən müsahibələr almısınız. Hansı müsahibəniz yaddaşınızda silinməz iz buraxıb, səbəb nələr idi?
 

- Jurnalist taleyi mənə, həm bir çox xarici ölkələrdə olmağı, həm də məşhur şəxslərlə, siyasi xadimlərlə, görkəmli mədəniyyət adamları ilə görüşməyi qismət edib. Belə adamlarla ünsiyyətdə olmaq, onları yaxından görmək, onlara suallar vermək imkanım olub. Bu baxımdan görkəmli şəxsiyyətlərin sırasında məşhur norveçli səyyah Tur Heyardalı daha yaxşı xatırlayıram. Ondan həm Bakıda tələbə vaxtı müsahibə almışam, həm də 1996-cı ildə Osloda onun Kon-Tiki muzeyində olmuşam.
Siyasi xadimlərdən isə Heydər Əliyev, Süleyman Dəmirəl, Abdullah Gül, Eduard Şevardnadze, Bənazir Bhutto, Con Meycor, Boris Yeltsinin adlarını qeyd edə bilərəm. Pakistanın mərhum baş naziri Bənazir Bhutto yaddaşımda çox parlaq iz buraxıb. Çox çevik ağlı, maraqlı yumoru, suallara birbaşa cavab vermək bacarığı var idi.
Britaniyanın sabiq baş naziri Marqaret Tetçerlə həm Bakıda, həm Londonda, həm də Nyu-Yorkda görüşüb müsahibə almışam. Oturub dərindən fikirləşsən, böyük bir siyahı çıxarmaq olar. Ömür qismət etsə, görüşdüyüm maraqlı adamlarla bağlı oxunaqlı bir kitab hazırlamaq istəyərəm.
 

- Fəaliyyətiniz çoxşaxəli olub, əvvəl jurnalist kimi müxtəlif sahələrdə çalışmısınız, indi də müəllim kimi fəaliyyət göstərirsiniz. Müəllim kimliyinizi üstün tutursunuz, yoxsa jurnalist kimliyinizi?
 

- Tale belə gətirib ki, mən jurnalist kimi fəaliyyətə başlamışam, daha sonra elmi işlərlə məşğul oldum. Elmi fəaliyyətim daha çox şifahi nitqlə bağlı olub - televizya və radio dilini işləmişəm. Lüğətçilik sahəsində, Azərbaycan dilinin işlənməsi ilə bağlı az-çox fəaliyyətim var. İndi həm də jurnalistika fəaliyyətimi davam etdirirəm - Pressklub.az yutub kanalının fəaliyyətini yönəldirəm, həm də Bakı Dövlət Universitetində müəllimliklə məşğulam. Eyni zamanda, universitetdə Multimedia və elektron kommunikasiya kafedrasına rəhbərlik edirəm. Müəllimliklə jurnalistikanı müqayisə etmək istəməzdim. Mənə elə gəlir ki, çoxşaxəli fəaliyyətlə məşğul olan jurnalisti ancaq kino çəkə bilən, yüksək duyumu olan rejissorla müqayisə etmək olar. Müəllimliyin də özünəməxsusluğu var, amma bizim sferada dərs deyən müəllimlərin praktiki biliyi də kifayət qədər olmalıdır ki, müəllim kimi də uğur qazana bilsin.
 

- Bugünkü jurnalistikanın səviyyəsini necə qiymətləndirirsiniz və nələrin dəyişməsini arzu edərdiniz?
 


- Açığı, bugünkü jurnalistikanın səviyyəsi ilə bağlı çox yüksək fikirdə deyiləm. Çox istedadlı jurnalistlərimiz, yaxşı media qurumlarımız var. Amma dəyişməyini təbii ki, arzu edərdim. İstərdim ki, Azərbaycanda azad mətbuat inkişaf etsin. Çünki ölkənin, jurnalistikanın gələcəyi, cəmiyyətin sosial strukturu, şəffaflığının təmin edilməsi, onun inkişafı müəyyən mənada azad media və plüralizmlə bağlıdır. Düzdür, işartılar var, amma məyusedici məqamlar da var. Təəssüf ki, bu mövzuda çox da ruh yüksəkliyi ilə danışa bilmirəm.

- Universitet mühiti sizi qane edir, savadlı kadrlar yetişdirməyi bacarırıqmı?
 

- Burada çox maraqlı insanlar var. Müqayisə etsək, mənim tələbə olduğum illərdəki universitet mühiti ilə indiki arasında çox fərq var. Bütün sahələrdə olduğu kimi, sanki burada da bir daralma, kiçilmə hiss olunur. Mühitə təsir edən amillərin çoxaldığını müşahidə edirsən. Amma şəxsiyyət hər yerdə şəxsiyyətdir. O, mediada, elm sahəsində, pedaqogikada, mədəniyyət sahəsində  - hər yerdə şəxsiyyət özünü təqdim edə bilirsə, prinsiplərlə yaşayırsa, cəmiyyətdə də özünü gözəl şəkildə təqdim edə bilir.
Kadr yetişdirməyə gəldikdə isə bizim təhsilimizin müəyyən uğurları olsa da, problemlər o uğurlardan daha çoxdur. Yaxşı müəllimlərə ehtiyac var. Hazırda universitetlərdə çox müasir auditoriyaların yaradılması ən sevdiyim tendensiyadır. Ağıllı lövhələr, çevik informasiya texnologiyaları ilə uyğunlaşan mühit yaranır, amma o səviyyədə müəllim tapmaq çətindir. Müəllimlər görürəm mürgüləyir, mən o adamların auditoriyaya girməyini istəməzdim. Yaşlı, ya da cavan olsun, bu rol oynamır. Əsas olan müəllimin hansı ruhla, hansı biliklə tələbələri auditoriyaya gətirməyidir. Müəllim tələbələrin gözündə alov, qığılcım yarada bilməlidir.
 

- Siz vaxtilə televiziyada maraqlı analitik verilişin müəlliflərindən biri olmusunuz. İndi telekanalarda belə analitik proqlamlar varmı ki, ona maraqla baxırsınız?
 

- Vaxtı ilə Az TV-də “7 gün” analtik proqramını aparmışam, onda tək kanallı televiziya idi və müəyyən mənada nümunə yarada biləcəyimiz verilişlər yaratmağa çalışırdıq. Televiziya çox şey tələb edir. Birinci növbədə fədakarlıq istəyir. İndi də bizim maraqlı verilişlərimiz var, elə aparıcılar var ki, mən onlarla söhbət etməkdən zövq alıram. Amma bunlar bir əlin barmaqları qədərdir. Televiziyalar çalışır ki, ümumi intelektual səviyyəni qaldırsın. Amma televiziyanın özü müəyyən mənada yaradıcılıq sərbəstliyinə sahib olmalıdır. Ona görə də insanların müəyyən daxili azadlıqlarının olmaması müəyyən dərəcədə daxili senzurasını qüvvətləndirir. Elə olduğu halda tamaşaçı da televiziyaya maraq göstərmir. Bu gün geniş media şəbəkəsi yaranıb. Tək televiziyalar deyil, yutub kanalları da fəaliyyət göstərir. Müqayisələr indi həddindən artıq çoxalıb. Belə olduğu halda gərək biz rəqabəti hiss edək və bundan stimul alıb verlişlərimizi yüksək səviyyədə quraq.
 


- Qulu müəllim, əvvəllər telekanalların siması olan aparıcılar vardı. Bəs indi necə, TV simaları olan adlar çəkə bilərsiniz?

 

- Biz televiziyada çalışarkən adlarımızı proqramlara yazırdılar. Qeyd olunurdu ki, verilişi siyasi icmalçı Samir Əsgərxanov aparır və ya verilişi siyasi icmalçı Qulu Məhərrəmli aparır. Televiziyada şəxsin bu cür önə çıxması tendensiyası var idi ki, bu da çox normal haldır. Bizdə də indi o cür aparıcılar var. Ad çəkməkdən qorxuram, bəzilərini yaddan çıxarmış olaram. Peşəkar kimi qəbul etdiyim bir çox aparıcılar var. Mən onları televiziyanın xilaskarları hesab edirəm. Televiziyaların hərəsində müəyyən bir inkişaf var, rəqabət indi hiss olunur.
 

- Uzun müddətdir ki, Azərbaycanın bütün sahələrində çalışan şəxslərlə, tələbələrlə iç-içəsiniz. Necə fikirləşirsiniz, gələcəyimizlə bağlı optimist düşünmək olarmı?
 

- Hər birimiz cəmiyyətin içindəyik, gedən prosesləri görürük. Yaxşıları görüb sevinirik, pisləri görəndə isə məyus oluruq. Bizim əsas işimiz peşəkarlığı və yaxşıları artırmaqdır. Bizim cəmiyyətdə üç ciddi problem var ki, onu həll etsək, çox gözəl cəmiyyət qura biləcəyik. Birincisi, korrupsiyanı ləğv etməkdir; ikincisi, peşəkarları yerində oturtmaqdır; üçüncüsü, ədalətin təmin olunmasıdır.
Bunlar pozulduqda insan məyus olur. Bunlar aradan qalxsa, gələcək üçün optimist ola bilərik.



- Zəngilan işğaldan azad olunandan sonra doğulduğunuz Babaylı kəndində ilk dəfə ayaq basanda hansı hissləri keçirmişdiniz?

 

- Zəngilan işğaldan azad olunanda bütün dost-tanış, hətta illərdir mənimlə görüşməyən o qədər adam zəng vurub  təbrik etdi ki, sözün düzü, insanların içində vətən sevgisinin, vətənindən didərgin düşən birinə sayğının bu dərəcədə olduğunu bilməzdim. Açığı, qohum-əqrəbanın kəndimizə getməyinə şərait yaradırdım, amma özümün getməyə ürəyim gəlmirdi.
4 ildən sonra – bu ilin mayında kəndimizə getdim. Uşaqlığını keçirdiyin, təsəvvüründə çox rəngli, abad olan kəndi gedib görürsən ki, xaraba qalıb. Bir də mənə elə gəldi ki, kəndimiz çox kiçilib, sanki uzun illər insan nəfəsi dəymədiyi üçün hər yer miqyasca balacalaşıb. O hissi heç özüm də izah edə bilmirəm. Açığı çox təsirləndim. İkinci dəfə xaricdə oxuyan nəvəmin xahişi ilə ora getdik. Onda bir az eynim açıldı. Torpaq yavaş-yavaş cana gəlirdi, tikinti işləri gedir, insanlar öz el-obalarına geri qayıdır. Kifayət qədər strateji mövqedə yerləşən Zəngilanda bu gün "ağıllı kəndlər" qurulur, hava limanı fəaliyyətə başlayır, amma bir tərəfdən də görürsən ki, hər şey həll olunmayıb. İnsanların həyətyanı təsərrüfatı, mal-heyvan saxlaması üçün şərait yoxdur. Bunları da yavaş-yavaş həll etmək lazımdır ki, o torpağa insanlar yenidən bağlana bilsin.
 

- İstəyərsinizmi ömrünüzün ahıl çağlarında gedib Babaylı kəndində yaşayasınız?
 

- Əlbəttə, ürəyimdən keçir. Tay-tuşlarımızla da aramızda bu haqda söhbətlər gedir. Şərait olsa, infrastruktur qurulsa, gedib yaşamaq olar. Amma həmişəlik yox. Orada məskən salmaq olar, yaşamaq olar, insanları cəlb etmək olar. Hətta bəzən düşünürəm ki, orada orta məktəb olsa, gedib dərs də deyə bilərəm.
 

- Ümumiyyətlə, Babaylıdan sizə də ev veriləcək?
 


- Yəqin ki, yox. Çünki mən işğaldan hələ xeyli əvvəl kəndimizdən çıxmışdım. Amma iki qardaşıma ev veriləcək. Onlar da gedib orada yaşamağın çox həvəsindədir. Belə görürəm ki, insan yaşlandıqca, doğulduğu torpağa çox bağlanır.

- İndiyə qədər ad gününüzdə aldığınız ən dəyərli hədiyyə nə olub?
 

- İnsan hədiyyə almağı xoşlayır, bu onun təbiətindən irəli gələn bir şeydir. Mən yaxın adamlardan hədiyyə almağı sevirəm. Amma insanın vəzifəsinə, statusuna görə gətirilən hədiyyəni qəbul edə bilmirəm. Elə bilirəm ki, tapdalanıram, balacalaşıram, nəsə düzgün getmir. Xoşbəxtlikdən çevrəmdə səmimi insanlar çoxdur. Məsələn,  dünən bir tələbəm portretimi çəkdirib gətirib. Digər tələbəmiz işğaldan azad olunan kəndimizin maketini düzəldib gətirmişdi, mən bu hədiyyələrdən çox kövrəldim. Bax, o maket mənim üçün ən dəyərli hədiyyədir. Onu evdə də ən görməli yerə qoymuşam. Elə bilirəm ki, o məni yaşadan hədiyyədir.
 

- Bəs ən yaddaqalan ad günü məclisiniz harada və nə vaxt olub, kimlərlə birlikdə qeyd etmisiniz?
 

- Düzünü deyim ki, bütün ad günlərim yadda qalan olub. Bəzən ad gününü xaricdə, bəzən də dostlarla gedib Altıağacda, Xızıda qeyd etmişik. Amma ad günümün bir özəlliyi var ki, noyabrın 2-si başlayır, ta ilin sonuna qədər davam edir.
 

- Sizin çevrəniz çox genişdir, budəfəki doğum gününüzü harada və kimlərlə, necə qeyd etməyi düşünürsünüz?


- Çevrəm genişdir, dostlar həddindən artıq çoxdur. Adamlar da o qədər səmimi müraciət edirlər ki, düzü böyük məclis düşünmürəm. Əvvəl 50, 60 yaşda bunları etmişdim. Amma 70-in zəhmi ağırdır, ya nədirsə, böyük məclis ürəyimdən keçmir. Təbii ki, dostlarımdan bəzilərinin təklifləri var. Açığı, insanların vaxtını almaq istəmirəm. Hər halda, ad gününü ən yaxın dostlarımla, ailə üzvlərimlə, universitetdə çalışdığım gözəl kollektivimizlə qeyd edərik. Yaşlandıqca hiss edirəm ki, xoş sözlərə daha meyilli oluram, amma ayılırsan ki, yox, çox kövrəlmək olmaz. Hər halda, mənə diqqət göstərən hər kəsə təşəkkür edirəm. Biz bəzən dünyanı tutub gedəcəyimizi düşünürük, başqaları haqqında pis düşünürük, pis şeylər edirik. Amma bilməliyik ki, yaddaşa yazılan tək şey yaxşılardı, yaxşılıqdır.
 


- Ailənizdə yolunuzu davam etdirə bilən ola bilərmi?

 

- Həyat yoldaşım Zenfira xanım da jurnalistdir, yazıçıdır, tanınmış publisistdir. Ailədə çox heyf ki, bizim yolumuzu uşaqlar davam etdirmədilər. Böyük qızım Aytən xanım həkimdir, kiçik qızım Şəhla xanım isə Rus dilindən tərcümə ilə məşğuldur. Kiçik qızımızdan umurduq ki, bəlkə bizim peşəmizlə davam edər, amma o çərçivəsiz həyat istəmədi, jurnalistikanın ağır cəhətlərini görürdü.
İndi də nəvələrimizə ümid bağlamışıq. Böyük nəvəm artıq özünə peşə seçib. Jurnalistikadan kənar peşədir, Nihat indi xaricdə Biznesin idarə edilməsi ixtisasına yiyələnir, bacısı Nigar da yaxşı təfəkkür, fantaziya sahibidir. Bu baxımdan ona ümid var. Nigar da əlimizdən çıxsa, qalır kiçik nəvəmiz var Fərid. Bəlkə Fəridlə danışıqlar aparaq, görək o bu peşəyə yönələrmi, ya yox...

Seçilən
73
modern.az

1Mənbələr