AZ

“Check-up” müayinələri İcbari Tibbi Sığorta paketinə daxil ediləcək- böyük gözlənti...

Image

Pərvanə Mustafayeva: “Check-up” müayinənin də İcbari Tibbi Sığorta zərfinə daxil edilməsi vacibdir”

Gərgin iş rejimi, həyat qayğıları, ümumilikdə isə vaxtın azlığı kimi müxtəlif səbəblərdən sağlamlıqla bağlı məsələlər bir çox hallarda ikinci planda qalmalı olur. Lakin unutmaq olmaz ki, məhsuldar işləmək, böyük uğurlara imza atmaq üçün sağlam olmaq ən birinci şərtdir. Bunun üçün isə ən azı ildə bir dəfə ümumi tibbi müayinədən keçmək olduqca vacibdir. 

Xəstəliyin yaranması hər nə qədər tez məlum olarsa, onun müalicəsi də bir o qədər asanlaşmış olur. Səhiyyə müəssisələrində qiymətlərin yüksək olması isə vətəndaşların vaxtlı-vaxtında müayinə olmasına mane olur. 

Əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etmək məqsədilə ölkəmizdə 2016-cı ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə isə “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik olan Agentlik əsasında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılıb. Agentliyin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilib. Artıq bir neçə ildir ki, vətəndaşlarımız tibbi sığortadan istifadə edirlər. İcbari Tibbi Sığorta zərfinə daxil edilən xəstəliklərin sayının artırılması məsələsini hər kəs böyük məmnunluqla qarşılayır. Lakin əfsuslar olsun ki, “Check-up” müayinə xidmətlər zərfində yer almır.

Bu günlərdə yerli mediaya müsahibə verən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva deyib ki, gələcəkdə ola bilsin ki, "check-up" müayinələrini Xidmətlər Zərfinə salaq və ya ilkin səhiyyədə bu müayinələr aparılsın: “Bu müayinələrin də nəticəsində artıq sağlamlıq haqqında arayış formalaşacaq. Yəni bunun üzərində işləyirik. Ona görə də hansı "check-up" Xidmətlər Zərfinə salınacaqsa, ondan irəli gələn arayışların da Xidmətlər Zərfinə salınması barədə düşünəcəyik”.

“Check-up” müayinə İcbari Tibbi Sığortaya daxil edilərsə insanlar bundan rahat istifadə edib müayinə olunarlar”

Tibbi ekspert Pərvanə Mustafayeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, “Check-up” müayinənin də İcbari Tibbi Sığorta zərfinə daxil edilməsi vacibdir: “Check-up” müayinənin İcbari Tibbi Sığorta zərfinə daxil edilməsinə böyük zərurət var. Bəzi zəruri müayinələr var ki, onlar ən azından ildə bir dəfə həyata keçirilməlidir. Məsələn, döş qəfəsi orqanlarının rentgeni, kardioqramma, qarın boşluğunun ultrasəs müayinəsi, qanun ümumi analizi, xanımlarda süd vəzinin mamoqrafiya müayinəsi ildə bir dəfə olmalıdır. Hətta 35 yaşdan yuxarı xanımlarda süd vəzinin mamoqrafiyası ildə iki dəfə həyata keçirilməlidir. Yəni zəruri müayinələr var ki, bunlar edilməlidir. Təbii ki, bu müayinələri də İcbari Tibbi Sığortanın qarşılaması vacibdir. “Check-up” müayinə İcbari Tibbi Sığortaya daxil edilərsə insanlar bundan rahat istifadə edib müayinə olunarlar”.

Günel CƏLİLOVA





Seçilən
31
baki-xeber.com

1Mənbələr