AZ

"Çantaların ağır olması məktəblilərin sağlamlığına ciddi ziyandır" - XƏBƏRDARLIQ

Məktəbli çantalarının ağır olması, bunun uşaqların sağlamlığına ciddi mənfi təsir göstərməsi ilə bağlı valideynlər mütəmadi olaraq şikayətlənirlər.

Mütəxəssislər də qeyd edir ki, ağır çantalar, xüsusən bel, çiyin və onurğa problemlərinə səbəb ola bilər. Uşaqların bədən quruluşu hələ tam inkişaf etmədiyindən, çantanın ağırlığı bu problemlərin yaranmasını daha da sürətləndirə bilər. Uzunmüddətli istifadə nəticəsində duruş pozuntuları və hətta xroniki ağrılar belə inkişaf edə bilər.

"Təhsil sahəsində çantaların ağır çəkisi uşaqların fiziki sağlamlığına ciddi təhdidlər yaradır".

Musavat.com bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında yazıb.

Ekspert qeyd edib ki, bu problem beynəlxalq təhsil mütəxəssisləri tərəfindən də qeyd olunub:

"Beynəlxalq metəxəssislər də qeyd edir ki, uşaqların daşıdığı çantaların çəkisi onların yaşına və fiziki inkişafına uyğun olmalıdır. Artıq çəkili çantalar gələcəkdə onurğa problemlərinə yol aça bilər.

London univetsitetinin professoru John Mark qeyd edir ki, “çantaların ağırlığı, sadəcə fiziki problemlər yaratmaqla kifayətlənmir, bu, şagirdlərin məktəbə olan motivasiyasını da azalda bilər. Məsələ ətrafında tədris proqramları və dərsliklərin optimallaşdırılması vacibdir.”

Azərbaycanın təhsil mütəxəssisləri olaraq uşaqlarımızın çanta yükünü yüngülləşdirmək üçün tədbirlər görməli, dərs materiallarının elektron variantlarını inkişaf etdirməliyik. Çantaların çəkisinin azaldılması yalnız fiziki sağlamlıq üçün deyil, eyni zamanda məktəbə bağlılıq və öyrənmə həvəsinin artırılması üçün də vacibdir"

Mütəxəssislər qeyd edir ki, hazırki vəziyyətdə bu problemi azaltmaq üçün aşağıdakı addımlar faydalı ola bilər:

1.Uşaqların çantasında yalnız lazım olan əşyaları daşımalarını təmin etmək.

2.Çantanın ağırlığını bədən çəkisinin 10-15%-dən artıq olmamaq.

3.Çantanın uyğun qaydada və düzgün şəkildə taxılmasını öyrətmək.

4.Alternativ olaraq, məktəblərdə qapalı şkafların istifadəsi və ya elektron resurslardan istifadəni təşviq etmək.

Xalidə Gəray
Musavat.com

Seçilən
35
1
musavat.com

2Mənbələr