İnflyasiya gözləntiləri faiz dəhlizinin dəyişməz qalmasında əsaslı rol oynayıb
Mərkəzi Bankın (MB) noyabrın 1-də uçot dərəcələri ilə bağlı açıqladığı yeni qərara əsasən, uçot dəhlizinin aşağı həddi 6,25 faiz, yuxarı həddi isə 8,25 faiz həddində dəyişməz saxlanılıb. MB faiz qərarını qəbul edərkən bir neçə ssenarini əsas götürüb ki, onların sırasında inflyasiya amili ilk yerdə dayanır. Belə ki, faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə müqayisəsi, qiymət indeksi amillərinin dinamikası və risk balansının qiymətləndirilməsi nəzərə alınmaqla yekun faiz qərarı verilib. Nəticədə son 3 ayda uçot və faiz dərəcələrinin parametrlərində heç bir dəyişiklik edilmədən sabit pul siyasəti yürüdülməkdədir. Sabit uçot dərəcəsi siyasəti ilə bağlı qərarlar ona dəlalət edir ki, ölkəmizdə inflyasiya amilləri nəzarət edilən səviyyədədir və artım riski yoxdur. Belə ki, istehlak qiymətləri indeksinin artıb-azalması fonunda müəyyənləşən faiz dəhlizinin hazırkı çərçivəsi qiymət diaqramının yuxarı səmtə fokuslanmadığını təsdiqləyir.
İdxal inflyasiyasının təsirləri azalıb...
Uçot dərəcələrinin müəyyənləşməsində xüsusi rol oynayan inflyasiyanın mövcud çərçivəsinin formalaşmasına bir neçə amil ciddi təsir göstərir ki, başlıca fundamental faktorlar kimi daxili və xarici amillərdir. Ötən 9 ayda həm daxili amillər, həm də xarici amillər ümumilikdə istehlak mallarının qiymətlərinin sabitliyinə təsirlərini göstərib. Belə ki, inflyasiyanın strukturunda 60-70 faiz yer alan xarici amil daha ümidverici olub və cari ilin ötən dövründə dünya üzrə əmtəə qiymətləri indeksi aşağı düşməkdə davam edib. Xüsusilə də iyun-avqust ayında mal və xidmətlərin dəyəri 9,2 faiz, o cümlədən enerji qiymətləri üzrə 11,8 faiz ucuzlaşıb və nəticədə idxal inflyasiyası təzyiqləri də azalıb. İstehlak qiymətləri indeksinin düşməsində xarici amillərlə yanaşı, daxili faktorun təsirləri də xüsusi rol oynayıb, əksər qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib və 2024-cü ilin yanvar-sentyabr aylarında inflyasiya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5 faiz çərçivəsində formalaşıb.
Mərkəzi Bankın yenilənmiş inflyasiya proqnozları...
Mərkəzi Bank inflyasiya ilə bağlı yenilənmiş proqnozlarını da açıqlayıb. Yenilənmiş oktyabr proqnozlarına görə, ölkədə illik inflyasiya 2024-cü ilin sonuna 5,1 faiz, 2025-ci ilin sonunda isə 5,8 faiz civarında gözlənilir. Bu rəqəmlər iyun ayında açıqlanmış inflyasiya proqnozlarından təxminən 0,2-0,5 faiz-bənd çoxdur. İnflyasiya proqnozunun artırılma istiqamətində dəyişdirilməsi əsasən manatın nominal effektiv məzənnəsinin daha aşağı templə möhkəmlənməsi gözləntisi və eləcə də qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət və tariflərində edilən dəyişikliklərlə bağlıdır. Tənzimlənən qiymətlərdə artımın inflyasiya proqnozuna birbaşa və dolayı artırıcı təsiri 1,5 faiz bəndi gözlənilir ki, bunun da 1 faiz bəndi 2024-cü ildə reallaşa bilər.
Bütün bu sabit gözləntilərə baxmayaraq, inflyasiya ilə mübarizə tədbirləri prioritet faktor kimi diqqətdə saxlanılacaq və iqtisadi siyasətin əsas çərçivə hədəflərinə uyğun olaraq bütün iqtisadi qurumların bu prosesə cəlb edəcək. MB mövcud monetar şərtlər çərçivəsində anti-inflyasiya tədbirlərinə dəstəyini davam etdirəcək, eyni zamanda inflyasiyanın hədəf diapazonu daxilində saxlanılması və inflyasiya gözləntilərinin sabitləşdirilməsi üçün hökumətlə koordinasiyalı şəkildə çalışacaq.
Hökumətin qərarı müsbət nəticə verib...
Qeyd edək ki, anti-inflyasiya tədbirləri üzrə yetkin çərçivə ötən ilin ortalarında hazırlanıb. Nazirlər Kabinetinin 15 iyul 2023-cü il tarixli sərəncamına əsasən, ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərinin nəzarətdə saxlanılması, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə tədbirlər planı müəyyənləşib. Həmin hədəf istiqamətləri üzrə iqtisadi qurumların birgə səyi nəticəsində 2023-cü ildə qiymətlərin azaldılmasına nail olunub. Belə ki, təxirəsalınmaz tədbirlərə uyğun olaraq, iqtisadi komanda tərəfindən bir sıra iqtisadi alətlərdən istifadə olunub, institisional və hüquqi addımlar atılıb. Kənd təsərrüfatı və ərzaq məhsulları ilə əlaqəli sahələr üzrə gömrük rüsumları, vergi güzəştlərinin verilməsi, bir sıra xərclərin optimallaşdırılması, həmçinin monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində tədbirlər görülüb ki, bu da müəyyən səmərə verib. Nəticədə 4 illik narahatedici inflyasiya rəqəmi 2023-cü ilin yekununda birrəqəmli həddə endirilib.
Bu kursun davam etdirilməsi sayəsində 2024-cü ildə qiymət indeksi son illərin ən aşağı səviyyəsinə düşüb və ötən aylarda 1-3 faiz intervalı saxlanılıb. Mövcud strateji hədəfə uyğun olaraq, hökumət inflyasiya ilə mübarizə tədbirlərini 2025-ci ildə də prioritet kimi diqqətdə saxlamaqla əsas çərçivə prioritetləri üzrə bütün iqtisadi qurumları bu prosesə cəlb edib.
Anti-inflyasiya tədbirləri davam etdiriləcək...
Ona görə də cari ildə və qarşıdakı ildə inflyasiyanın əhalinin alıcılıq qabiliyyətinə və real gəlirlərinə mənfi təsirlərinin azaldılması, vətəndaşların rifahının təmin olunması və həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi son illər büdcə siyasəti qarşısında duran əsas vəzifələrdən biri kimi xüsusi diqqət mərkəzində saxlanılacaq. Hökumətin tapşırıqlarına uyğun olaraq əhalinin sosial rifahının, real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması üçün son iki ildə davam etdirilən sosial siyasət tədbirləri yenə də prioritet məsələlərdən olacaq. Həmçinin, daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması, qiymətlərin monitorinqi, inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyədə saxlanılması istiqamətində zəruri işlər davam etdiriləcək. Süni qiymət artımlarının qarşısının alınmasında ən güclü hüquqi mexanizmlərdən biri kimi 2024-cü il iyulun 1-dən qüvvəyə minmiş Rəqabət Məcəlləsinin icrası da mühüm rol oynayacaq.
Ümumilikdə, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib.
Qeyd edək ki, Mərkəzi Bank faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarı dekabrın 18-də açıqlayacaq. Bu dövrə qədər inflyasiya gözləntiləri ümidverici və qənaətbəxş olduğu halda uçot dərəcəsinin aşağı salınması istisna deyil.
Elbrus CƏFƏRLİ