AZ

Bakı COP29-un qonaqlarını səbirsizliklə gözləyir...

Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a sayılı günlər qalıb. Noyabrda dünyanın nəzərləri yenidən ölkəmizə yönələcək. Tədbirdə hazırda bütün dünyada çox aktual olan iqlim çağırışları müzakirə olunacaq, çıxış yolları axtarılacaq və mühüm qərarlar veriləcək.

Həmişə qlobal təhdidlər qarşısında beynəlxalq həmrəyliyin gücləndirilməsi təşəbbüslərindən çıxış edən respublikamızın COP29-a hazırlaşmaqdan ötrü cəmi bir il vaxtı var idi. Ancaq məsuliyyətli dövlət olan Azərbaycan vaxtın az olmasına rəğmən, yüksəksəviyyəli hazırlıq həyata keçirib. Artıq hazırlıq işlərinin son mərhələsidir. Elə bugünlərdə COP29-un keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin 8-ci iclası olub. Bir sözlə, Bakı COP29-un qonaqlarını qarşılamağı səbirsizliklə gözləyir.

BMT-nin ən böyük tədbiri

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı- COP Konvensiyanın ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın bütün yerlərindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edirlər. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində baş tutub.

Ötən il dekabrın əvvəlində Dubayda keçirilən sonuncu COP28 100 minə yaxın nümayəndəni bir araya gətirib və  BMT-nin tarixində ən genişmiqyaslı tədbir kimi yadda qalıb. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. Sözügedən tədbirdə ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü ildə COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna çatıb. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürüblər. Proseslərin gedişində sonuncu iki ölkə öz namizədliyini geri çəkib və nəticədə dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.

Beynəlxalq birliyin Azərbaycana olan böyük inamı

BMT-nin ən böyük tədbirlərindən birinə ev sahibliyi hüququ qazanması Azərbaycanın növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. COP29 kimi məsuliyyətli və genişmiqyaslı bir tədbirə ev sahibliyi etmək hüququnun Azərbaycana verilməsi beynəlxalq birliyin ölkəmizə olan böyük inamının ifadəsidir. İndiki dönəmdə hansısa bir ölkəni dünya birliyi üçün cəlbedici edən cəhətlərdən ən önəmlisi onun beynəlxalq imicidir. Bu kontekstdən çıxış edən beynəlxalq təşkilatlar öz tədbirlərini keçirərkən ölkənin imkanları və resursları ilə yanaşı, qlobal miqyasda mövqelərini də nəzərə alırlar.

Eyni zamanda, dünya birliyinin inamı Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində qazandığı zəngin təcrübədən qaynaqlanır. İndiyədək Azərbaycanda beynəlxalq təşkilatların çoxlu sayda siyasi, iqtisadi və humanitar mövzularda tədbirləri keçirilib. Beynəlxalq səviyyəli idman yarışlarını, müxtəlif mövzularda forumları, konfransları, müsabiqələri buraya aid etmək olar. Qeyd olunan siyahıda Formula 1 Azərbaycan Qran-Prisini, “Eurovision” mahnı müsabiqəsini, I Avropa və IV İslam Həmrəyliyi Oyunlarını, Bakı Beynəlxalq Humanitar, Mədəniyyətlərarası Dialoq, Qlobal Bakı və Qlobal Media forumlarını, Dini Liderlərin Zirvə toplantısını, Qoşulmama Hərəkatının nazirlər görüşünü və digər tədbirlərin adlarını sadalamaq mümkündür. Həmin tədbirlərdə Azərbaycan özünün yüksək standartlarını təqdim edib və sonradan bu standartlar dünya səviyyəsində qəbul olunub. Şübhəsiz ki, COP29-a uğurla ev sahibliyi etməsi ölkəmizin beynəlxalq səviyyədə nüfuzunu daha da artıracaq.

Dünya ölkələrinin üzləşdikləri çağırışlar

Hazırda dünya üzrə iqlim dəyişikliyi ilə bağlı çağırışların aktuallığının artması heç də təsadüfi deyil. Ekspertlər kədərli müqayisələr aparırlar. Bildirilir ki, əgər bir vaxtlar qlobal səviyyədə əhali artımına, insanların həyat tərzinə, sosial vəziyyətinə daha çox müharibələr mənfi təsir göstərirdisə, indi burada iqlim dəyişikliyi önə çıxmaqdadır. Dünyanı təhdid edən iqlim dəyişikliyinin qlobal istiləşmə və sürətli sənaye inkişafının nəticəsi olaraq yarandığı bildirilir. Uzun illərdir ki, dünyada artan əhali neft, qaz, kömür yandırır. Eyni zamanda, avtomobillərin sayı sürətlə artır.  Bütün bu kimi fəaliyyətlər, həmçinin güclü sənaye inkişafı atmosverə daha çox həcmlərdə tullantıların, karbon qazının buraxılması ilə nəticələnir. Eyni zamanda, qlobal istiləşmənin sürətlənməsi həyəcan təbili çalmağa əsas verir. 2011-2020-ci illər arasında buzlaqların əriməsi əvvəlki 10 illərlə müqayisədə 75 faiz artıb. Təbii fəlakətlərin - isti küləklərin, qasırğaların, yağıntıların, sel və daşqınların sayı əhəmiyyətli dərəcədə artıb. Okeanın səthi əvvəllər 1000 metr dərinliyə qədər qızırdısa, artıq bu göstərici 2000 metr dərinliyə qədər çatır.

Fəsadlar da çox ağırdır. Ekstremal hava şəraiti, hidroloji və iqlim hadisələri insan təhlükəsizliyinə, milli iqtisadiyyatlara, şəhər və kənd mühitinə, qida və su təhlükəsizliyinə öz mənfi təsirlərini  göstərir. Təəssüf ki, biz belə mənfi təsirlərin statistikasında sürətli artım dinamikasını izləyirik. Ətraf mühitin çirklənməsi, müxtəlif təbiət hadisələri hər il təxminən 13 milyon insanın həyatına son qoyur. Bu gün iqlim dəyişikliyi insanları yoxsulluğa sövq edən və həyat tərzinin yaxşılaşmasına mane olan əsas problemlərdən biri qismində çıxış edir. XXI əsrin ikinci onilliyində (2010-2019) ekologiya ilə bağlı hadisələr hər il orta hesabla 23,1 milyon insanı öz daimi yaşayış yerindən köçmək məcburiyyəti ilə üz-üzə qoyub. Son günlərdə iqlim dəyişmələrinin nəticəsi olaraq sel sularının, intensiv yağan yağışların İspaniya şəhərlərində törətdiyi fəsadlar təhlükənin nə qədər böyük olmasından xəbər verir.

Azərbaycan da qlobal iqlim dəyişikliyindən əziyyət çəkən ölkələr sırasında yer alır. Bir qədər bundan əvvəl  “Azərkosmos” “Yaşıl dünya naminə həmrəylik İli”nə həsr olunmuş konfransda qlobal iqlim dəyişikliyinin Azərbaycana təsirinə dair hazırladığı rəqəmsal iqlim platformasını ictimaiyyətə təqdim edib. “Azərkosmos”un peyk görüntülərinə dayanaraq apardığı hesablamalar göstərir ki, ölkədəki su anbarlarının çoxunda azalmalar baş verib. Məsələn, 2017-ci ildə ölkənin ən böyük su anbarı olan Mingəçevir su anbarının güzgü səthinin sahəsi 48 min 259 hektar idisə, ötən il bu rəqəm 46 min 438 hektara enib. Deməli, 2 min hektara yaxın azalıb. “Azərkosmos”un hesablama apardığı  Araz su anbarında bu azalma 1 min 800 hektar, Yenikənd su anbarında 74 hektar, Taxtakörpü su anbarında isə 286 hektar olub. Eyni zamanda, Xəzər sahilləri ilbəil geri çəkilir. Təqdim olunan bu kimi faktlar həyəcan təbili çalmağa əsas verir. Azərbaycanın su ehtiyatlarının böyük hissəsinin ölkə hüdudlarından kənarda formalaşması və respublikamızın ərazisinə daxil olanadək çirklənmələrə məruz qalması da bir sıra çətinliklər yaradır.

Azərbaycanın iki istiqamətdə mühüm hədəfləri

Respublikamız iqlim dəyişikliyi ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Bütövlükdə, ölkəmizin “yaşıl hədəf” gündəliyi kifayət qədər geniş məzmun kəsb edir. Bu barədə bəhs edərkən iki istiqamətdə qarşıya qoylan hədəfləri xüsusi qeyd edə bilərik:

-İstixana qazlarının miqdarını azaltmaq,

-Enerji transformasiyasına sadiqlik.

 COP29-a ev sahibliyi etməsi, şübhəsiz ki, ölkəmiz üçün  2024-cü ilin ən mühüm hadisəsi olacaq. Bunu eyni zamanda respublikamızın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək mümkündür. Azərbaycan Prezidentinin sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu missiyaya verilən dəyərin təsdiqidir. Bu təşəbbüs sadəcə rəmzi məna daşımır, həmçinin Azərbaycanın müsbət ekoloji dəyişmələr yaratmaq məqsədi daşıyan ölkələr üçün nümunə olmaq istəyidir, eyni zamanda, gələcək nəsillər üçün daha yaşıl və sağlam gələcəyin qurulması istiqamətində  öhdəliyini, strateji məqsədlərini və fəal tədbirlərini əks etdirən addımdır. Ölkəmiz yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də təsdiqləyir. Belə ki, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. Hökumət həmçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında davam etməkdə olan yenidənqurma və inkişaf layihələri çərçivəsində prioritet kimi bu əraziləri “sıfır tullantılı zona”ya çevirməyi qarşıya məqsəd qoyub və layihələr də buna uyğun reallaşdırılır.

Qlobal iqlim dəyişmələri fonunda hazırda enerji transformasiyası bütün dünyada çox aktual olan çağırışlardan biridir. COP28 iqlim konfransında qeyd edildiyi kimi, 2030-cu ildə bərpa olunan enerji istehsalı 2,5 dəfə arta bilər. Buna nail olmaq üçün hökumətlər təmiz enerjiyə qoyulan sərmayələrin həcmini artırmalıdırlar. Bu proqnoz Beynəlxalq Enerji Agentliyinin (BEA) bərpa olunan enerji istehsalı üzrə 2024-cü il hesabatında yer alıb.

Hesabatda qeyd olunub ki, ötən il dünyada 2022-ci illə müqayisədə 510 qiqavat bərpa olunan enerji mənbəyi dövriyyəyə qoşulub ki, bunun da 75 faizi günəş enerjisi hesabına təmin edilib. Bu sahədə ən avanqard ölkə Çindir, eyni zamanda, Avropa İttifaqı, ABŞ və Braziliyada da rekord göstəricilər əldə olunub. 2028-ci ilədək qlobal miqyasda bərpa olunan enerji istehsalının həcmi 7 min 330 qiqavata, 2030-cu ilədək isə 11 min qiqavata çatacaq. Təmiz enerji istehsalının 95 faizi günəş və külək enerjisinin payına düşəcək və bu mənbələr elektrik enerjisi istehsalında ən böyük material olan kömürü geridə qoyacaq.

Yeni qlobal çağırışların yarandığı indiki mərhələdə enerji transformasiyası Azərbaycanın da gündəliyində dayanan vacib məsələlər sırasında yer alır. Karbohidrogen resursları ilə zəngin olan respublikamız da elektrik enerjisi istehsalında yaşıl enerjinin xüsusi çəkisinin artırılmasını hədəfləyib. Bu da onunla bağlıdır ki, respublikamız bərpa olunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. Ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 27000 MVt həcmində qiymətləndirilir. Qeyd edək ki, son illərdə respublikamızda külək enerjisi istehsalı 131 dəfə, günəş enerjisi istehsalı isə 55 dəfə artıb. Ölkəmiz növbəti illərdə bərpa olunan enerjinin ümumi istehlakda payını artırmaq niyyətindədir. Bu sahədə 2030-cu ilədək qarşıya qoyulan hədəf bərpa olunan enerjinin ümumi istehlakda payının 30 faizdən çox artırılmasına nail olmaqdan ibarətdir.

Ölkəmiz nəticəyə nail olmaq istəyir

Qlobal iqlim dəyişikliyinin fəsadlarının getdikcə artmasının bir səbəbi də dünya birliyinin bir sıra hallarda ortaya adekvat yanaşma, ciddi həmrəylik qoymamasıdır. Məsələ ondan ibarətdir ki, müxtəlif platformalarda iqlim dəyişikliyinin fəsadlarından və potensial təhlükələrindən danışılır,  uzun-uzadı müzakirələr aparılır. Qərarlar isə gec qəbul olunur və yaxud adekvatlıq təşkil etmir. Götürək elə kiçik ada dövlətlərinə münasibəti. İqlim dəyişikliyindən təsirlənən digər ölkələrlə müqayisədə okeanda dörd bir tərəfdən su ilə əhatə olunan kiçik ada dövlətlərində vəziyyət daha ciddidir. Bu onlardan ötrü bir mövcudluq məsələsidir. Okenın ortasında bol su heç də xoşbəxtlik anlamında qəbul olunmur.  Bu dövlətlər yüksək gəlirli ölkələr sayılsalar da, onlar tez-tez təbii fəlakətlərlə üzləşirlər. Məsələn, itki və zərərlər məsələsi Tuvalu tərəfindən on ildən çoxdur ki, qaldırılır və yalnız keçən il bununla bağlı müəyyən razılığa gəlmək mümkün olub. Ötən il Nyu-Yorkda BMT Baş Assambleyasında müzakirələrdən sonra “Səyahətçilər klubu” ada dövlətlərinin təmsilçilərinə öz hesabatını təqdim edib. Təqdimatda əgər iqlim dəyişikliyinin yaratdığı problemin qarşısı alınmasa, 2070-ci ildə paytaxt şəhər Nassau və adaların hansı vəziyyətdə olacağı nümayiş etdirilib. Adanın 30 faizi suyun altında qalacaq. 2100-ci ildə isə 70 faiz su altında qalacaq.

Azərbaycan COP29-da yeni iqlim maliyyəsi hədəfi ilə bağlı razılaşmaya nail olunmasının vacibliyini önə çəkir. İqlim konfransında “Bakı Sazişi”nin əldə edilməsinin beynəlxalq ictimaiyyətin ümumi nailiyyəti kimi tarixə düşəcəyinə inam böyükdür. Xüsusilə də kiçik ada dövlətlərinə münasibətdə daha səmərəli tədbirlər görülməli, daha həssas yanaşma sərgilənməlidir. Azərbaycanın COP29-a sədrliyi zamanı iqlim dəyişikliyinin inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün yaratdığı problemlərin həlli prioritetlər arasında olacaq. COP29 çərçivəsində həmçinin  inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə toplantısının keçirilməsi də planlaşdırılır. Azərbaycan COP29 çərçivəsində kiçik ada dövlətlərinə münasibətdə konkret nəticəyə nail olmaq əzmi nümayiş etdirir. Hazırda kiçik ada dövlətləri ilə fəal iş aparılır. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılması planlaşdırılır. Ölkəmizin COP29-un ev sahibi kimi kiçik ada dövlətləri üçün müəyyənləşdirdiyi ciddi gündəliyə diqqət çəkən Prezident İlham Əliyev “Azərbaycan üçün iqlim dəyişikliyi problemdir, onlar üçün isə bu, ekzistensional təhlükədir. Beləliklə, biz maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışırıq. Hesab edirəm ki, COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik”, - deyə vurğulayıb.

Mübariz ABDULLAYEV

Seçilən
61
yeniazerbaycan.com

1Mənbələr