Misli premyer-liqasının 12-ci turunda “Araz-Naxçıvan” səfərdə “Neftçi”ni məğlub etdi.
İştirak ərizəsində bir neçə gün öncə “qırmızı-ağlar”a transfer olunan Qara Qarayev də var idi.
- “Neftçi” üzərində qələbə qazandız, amma səni meydanda görmədik. Yeni komandanda ilk oyununla bağlı nə deyə bilərsən?
- Komandaya iki gündü gəlmişdim. Yavaş-yavaş uyğunlaşıram. Buna baxmayaraq, özümü yad hiss edirdim. Amma Elmar müəllim sağ olsun, o özgüvəni mənə verir. Yavaş-yavaş komandaya uyğunlaşıram. Bəlkə də "Araz-Naxçıvan"a gələnə qədər düşüncələrim bir az daha fərqli idi. Amma bura gələndən sonra gördüm ki, burdakı atmosfer, rəftar tam başqadı. Düşünürəm, bu da mənim geridönüşümə dəstək olacaq.
- Növbəti oyunda səni meydanda görə biləcəyik?
- Ola bilər. Hələ bir neçəgün var. Əlimdən gələni edəcəm ki, komandama faydalı olum.
- Transferinin "Neftçi" ilə oyun ərəfəsində baş tutması təsadüf idi, yoxsa…
- Nə vaxt ki, Elmar müəllim yığdı, onda da müqavilə imzalandı. Belə düşüncə yox idi ki, "Neftçi" ilə ərəfəsində müqavilə bağlayaq və ya motivasiya olsun. Hər şey bir neçə gün ərzində baş tutdu.
- Ölkə xaricinə yollanmağın alınmadı. Təklif yox idi, yoxsa yerli çempionatı istədin?
- Düşdüyüm şərait pis idi. Uzun müddət "Neftçi"də oynadılmamaq, sonra dubla göndərilmək, ardından da səninmüqavilənin taleyi bilinmədən ortaya məsafə girməsi... Bundan sonra hansısa klubdan təklif almaq çox çətindi. Bəlkə vaxtında desəydilər, daha fərqli ola bilərdi. Çünki Avropadan təklifim oldu, rədd elədim. Sonra da klub məni yarıyolda qoyandan sonra vəziyyət belə oldu.
- Debüt oyununda səni yarıyolda qoyan "Neftçi" üzərində qələbə necə təsir bağışladı?
- İnanın, bu haqda heç nə düşünmürəm. Hər kəsdən xahiş edirəm ki, mənə keçmişlə bağlı heç nə xatırlatmasın. Keçmişi unudub, düşünmək istəmirəm. Mən vicdani tərəfdən rahatam. İstənilən halda öz haqqımı müdafiə etmək iqtidarındayam. Amma keçmişə dönmək istəmirəm. Harda olmuşamsa, vicdanla hərəkət etmişəm, əlimdən gələnin ən yaxşısını etmişəm. Nə olubsa, geridə qalıb.
- Fiziki durumunu ən yaxşı özün bilirsən. Necə müddət lazımdı ki, tam meydana qayıdasan?
- Elmar müəllim də deyir ki, tez ol, tez ol. Amma fizioloji bir prosesdi. Artıq iki aydı mən məşq etmirəm. Ümid edirəm ki, tez bərpa olunub komandaya kömək edəcəm.
- Turan Tovuz"la da danışıqlar apardığın deyilirdi. Ora keçidin niyə alınmadı?
- Bəzi söhbətlər şayiə idi. İndi də yalan məlumatlar var. Bilmirəm "qara piar"ı kim aparır. İndiyə qədər telefonum açıq idi. Bircə “Araz-Naxçıvan” yığıb, onunla danışmışıq. Nəinki müqaviləyə, heç nəyə baxmadım, kağızı imzalayanda bildim ki, aylıq maaş var. Çünki mənim üçün vacib olan mənə inanmaq idi. Baxıram ki, bəzi media qurumları məbləğ yazır, amma elə şey yoxdu. Bunu yazmağın da mənası yoxdu. Düşünürəm ki, həm idmançı kimi, həm də insan kimi keçdiyim yola görə bu şeyləri haqq etmirəm. Mənə təzyiq etməyə, bu şeyləri yazmağa gərək yoxdu. Onu yazan jurnalistlərə sual vermək istərdim ki, hardan almısız o məlumatı, dəqiq olmayan şeyi necə yaza bilərsiz? Heç nəyə fikir vermirəm.
RÖYANƏ OĞUZ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta