AZ

Mığrı bayatıları

Hidayət

Bu dərə Xəstədərə

Boyu çox bəstə dərə.

Yara xəbər elədim-

Dava-dərman göndərə.

Bu çeşmə Kazımlardı,

Yayda da buzdu, qardı.

Bir ovuc suyun içdim-

Bağrım başını yardı.

Bu yaylaq Tanrıqulu-

Göylərin torpaq yolu.

Getdim ki, sərinləyəm,

Tökdü qar, döydü dolu.

Bu zəmi Qanlızəmi,

Hisslərin coşan dəmi,

Adına baxma, burda

Unduarsan dərdi-qəmi.

Bu meşə Qərbəzaydı,

Yolun ot basıb, zaydı.

Şair olmayan kəs də

Burda nəğmə yazardı!

Bu su Misgər suyudu,

İçib bağlar uyudu...

Ay soyunub lüt çimdi,

Günəş üzünü yudu.

Bu su Top çeşməsidi,

Bu gözəllik bəsidi!

Küləklərin harayı

Gəncliyimin səsidi.

Bu dərə Cavadlıdır,

Dibsizdir, büsatlıdır.

İstədim ceyran tutam,

Gördüm ki, qanadlıdır.

Bu, Dadaş, kəfşənidir,

Qızılgüllər şənidir.

Bir vaxt ilan mələrdi,

Dönüb gülzara indi.

Bu zəmi Ağ zəmidi,

Damağı çağ zəmidi.

Yarla kəlmə kəsməmiş,

Gördüm sevda dəmidi.

Bu bulaq Tey bulağı,

İndi elə göz dağı-

Ölümdən də betərdir,

Bulağın qurumağı.

Bu sədr Hüseyindi,

Sözü, işi yeyindi.

Sordum yuaşın neçədi?

Dağlarla qürrələndi...

Bu uca dağ Ələngəz,

Adın tut, dünyanı gəz.

Ondan ucalıq istə,

Can istə, əsirgəməz!

Bu ev baba ocağı,

Bu ev ata qucağı,

Alnımı qırışdırdı

Anamın qocalmağı.

Baş əyirəm, beşiyim!

İlk yuvam, ilk keşiyim-

Borcunu qaytarammaz

Bugünkü ev-eşiyim.

Yolları göydən asın,

Şairə qulaq asın:

Dağa, dərəyə nə var-

İnsanlar qocalmasın!

1980

Seçilən
32
yeniazerbaycan.com

1Mənbələr