Korrupsioner “hüquqşünas” COP29-a qarşı hücumlarda yeni alət kimi...
COP29 yaxınlaşdıqca Azərbaycana qarşı edilən hücumlar daha sıx xarakter almaqdadır. Ən maraqlısı isə, heç bir arqument və ya bəhanə tapa bilməyən anti-Azərbaycan qüvvələr özünün boş taftalogiyasından əl çəkmir. Nəticədə isə, Azərbaycana qarşı aparılan şər-böhtan kampaniyası onların özlərinin ifşasına yol açır. Erməni lobbisinin “kuklası”na çevrilmiş şəxsləri dövriyyəyə salmaqla uğur əldə edəcəklərini düşünənlər əslində bu başdan məğlubiyyətlərini elan və etiraf edirlər. Çünki alət kimi istifadə edilən həmin şəxslərin kimliyi, reputasiyası, korrupsiya girdabından xilas ola bilməməsi faktları özü hər şeyi deyir və artıq şərhə ehtiyac qoymur...
Erməni təbliğatının Okampo “üzü”...
Məsələn, anti-Azərbaycan kampaniyaların önündə yer alan, erməni lobbisinə nökərçilik edən “hüquqşünas”, Beynəlxalq Cinayətlər Məhkəməsinin keçmiş hakimi Luis Okampo kimiləri məqam düşdükcə özlərinin simasızlıqlarını daha aydın şəkildə ictimai rəyə “tanıdırlar”. Məsələnin məğzinə keçməmişdən öncə vurğulayaq ki, Luis Okampo kimi neqativ reputasiyaya malik şəxslərin vasitəsilə reallaşdırılan “hücumlar” elə ilk həmlədəcə sabun köpüyü kimi sıradan çıxmağa məhkumdur. Bu şəxsin kimliyi və “həyat fəaliyyəti”nin istiqamətləri onun məqsəd və məramının bütün aspektlərini üzə çıxarır - Okampo illərdir separatizmin qatı təbliğatçısı və korrupsiyaya bulaşmış birisi kimi tanınır. Bu şəxsin məhz konkret cinayətdə ittiham olunan separatçılarla isti münastibəti gizli deyil - bir ildən artıqdır ki, Azərbaycanın ədalət mühakiməsinə çıxarılan separatçı cinayətkarların azad edilməsi üçün başlanan kampaniyada da Okamponun “qabağa verilməsi” təsadüfi deyil.
Növbəti riyakarlıq...
Okampo növbəti dəfə riyakarlığa imza atıb - o, Qarabağdakı keçmiş separatçıları, dolayısı ilə terrorizmi dəstəklədiyini bir daha bəyan edib, “Müharibə və yaxud ədalət məhkəməsi: cəzasızlığın sona çatdırılması” “kitabı”nı dərc edib. Başdan-ayağa terrorizm və separatizmin dəstəkləndiyi “kitab”da “DQR”ə və onun cinayətkar rəhbərlərinə açıq dəstək nümayiş etdirilib. Erməni mediası yazır ki, Luis Moreno Okamponun kitabının beşinci fəsli tamamilə Qarabağ münaqişəsinə həsr olunub. İddia olunur ki, “Beynəlxalq Cinayət Məhkəməsi müharibəni ədalət mühakiməsi ilə əvəz etmək vəzifəsini qarşısına qoyub. Əfqanıstan, İraq, Ukrayna, Ermənistan, İsrail və Fələstindəki münaqişələri “təhlil edən” kitabın müəllifi qeyd edir ki, “hüquqi arxitektura demək olar ki görünməz, rəngsiz və ehtirassızdır, lakin bu, həyat və ölüm məsələsidir. Müharibə qisas doğurur, ədalət mühakiməsi isə bundan qaçır”.
Qaranlıq keçmişə malik “hüquqşünas”ı separatçılarla nə bağlayır?
Vurğulandığı kimi, Okampo kimiləri üçün bəşəri və ya mənəvi dəyər yoxdur - onlar üçün yalnız riyakarlıq var ki, bunun əvəzində özlərinin maddi təminatlarını yüksəldirlər. Okamponun rüşvətxor “dosyesi” bu şəxsin hansı dona girə biləcəyini açıq şəkildə ortaya qoyur. Erməni lobbisinin “adamı” kimi xarakterizə olunan Okampo qaranlıq keçmişə malik birisidir. Düzdür, o, həyatının bəzi şübhəli məqamlarını pərdələməyə çalışsa da, buna nail olmayıb. BCM-in prokuroru işləyərkən səlahiyyətlərindən “geniş və rahat” şəkildə istifadə etməsi, sərvət qazanması barədə məlumatlar kifayət qədər çoxdur. Məsələn, Almaniyanın nüfuzlu “Spiegel” nəşrinin 2017-ci ildə dərc etdiyi qalmaqallı məqalədə Okamponun hələ prokuror işlədiyi dövrdə vergi cənnətləri sayılan Panama və Virciniya adalarında müxtəlif şirkətlərdə idarəçiliyi həyata keçirdiyi, ancaq bunu bəyan etmədiyi barədə məqamlar yer alıb. Eyni zamanda, o, bir sıra məxfi sənədləri və məlumatları məşhurlarla, milyarderlərlə paylaşıb. Bu siyahıda aktyorlar Ancelina Coli, Corc Kluni, EBAY-ın həmtəsisçisinin həyat yoldaşı Pierre Omidyarın adları keçir. 2012-ci ilin 15 avqust tarixində - BCM-in prokuroru vəzifəsindən ayrıldıqdan cəmi 2 ay 10 gün sonra Okamponun ABN Amro bankındakı hesabına 50 min dollar pul köçürülüb. Pul İsveçrədəki hesabdan daxil olmuşdu və Panamada yerləşən “Tain Bay” korporasiyası tərəfindən Avropaya göndərilmişdi. Pul transferləri getdikcə artmağa başladı. Növbəti aylarda 140 min dollar bankdakı hesaba bir neçə tranşla yenə də Panamadan daxil oldu. Jurnalist araşdırmaları onunla bağlı təkzibolunmaz faktları üzə çıxarmaqla Okamponun qaranlıq fəaliyyətinə “işıq tutdu”. Bu kimi saysız faktlar Okamponun “hüquqşünas” libası altında gizlənmiş korrupsioner bir “siyasi dəyənək” olduğunu ortaya qoyur.
Qarabağda baş tutan antiterror tədbirlərindən sonra isə Okampo birmənalı şəkildə erməni separatizminin dəstəkçisi olmağa “qərar verdi”. Ötən ilin payızından bu yana qeyri-real “hesabatlar”la, yalan “bəyanatlar”la gündəmə gəlməyə çalışan Okampo erməni lobbisinin maddi dəstəyi ilə separatçı xunta başçılarının azad edilməsinə, məsuliyyətdən yayınmasına çalışır. Bu uğurda isə bütün yollara baş vurur. Bunun qarşılığında isə həm erməni lobbisindən, həm də “dostu” Ruben Vardanyandan pul “qoparır”.
Eyni “mətbəxin” direktivləri...
İndiki halda isə, Okampo həm də COP29-a qarşı təbliğat kampaniyası quran dairələrin “işinə yarayır”. Aylardır ki, eyni tezislər üzərindən hücumlar təşkil edənlərin “tələblərinə” nəzər saldıqda hər şey ortaya çıxır:
- Anti-COP29 - çular Qarabağdan Ermənistana öz xoşu ilə köçmüş şəxslər üzərindən manipulyasiya həyata keçirməyə çalışır;
- Separatçı canilərin azadlığına nail olmağa çalışır;
- Yalan informasiya yaymaqla Azərbaycana qarşı “işğalçı” “ittihamı” irəli sürür;
- Yenə də yalanlarla dolu guya “erməni irsinə malik” hansısa “abidələri” “dağıtdığımızı” iddia edir;
- Nəhayət, “demokratiya”, “insan hüquqları”, “siyasi məhbus” kimi ənənəvi “tezislər”lə kampaniya təşkil edirlər.
Aİ-nin bəzi strukturları (Avropa Parlamenti), bəzi ölkələr, ABŞ konqresmenləri Okamponun yalan iddialarını artıq bir neçə aydır ki, “dövriyyəyə” salıblar. Okamponun da eyni direktivlərdən çıxış etməsi, bu tezislərin vahid “mətbəxdən” çıxdığının göstəricisidir.
Təbii ki, aparılan bu kampaniyaların heç bir xeyri yoxdur. Azərbaycanın COP29-a uğurlu şəkildə ev sahibliyi edəcəyinə şübhə olmadığı kimi, hər zaman beynəlxalq hüquqa hörmət nümayiş etdirməsi faktının da sübuta ehtiyacı yoxdur. Nəticə etibarı ilə, bu çağırışlar, bəzən isə hətta “hədə” formasında səslənən fikirlərin heç biri ölkəmizin verdiyi və verəcəyi qərarlara təsir etmir - Azərbaycan Prezidentinin hər zaman ifadə etdiyi kimi, heç bir güc ölkəmizin iradəsinə təsir göstərə bilməz.
P.İSMAYILOV