AZ

0,7 faiz səs fərqi ilə...

Moldova Avropa İttifaqını seçdi

Prezidentin adı noyabrın 3-də, ikinci turda bəlli olacaq...

Moldova Konstitusiya ?əhkəməsi oktyabrın 20-də keçirilmiş referendumun nəticələrini təsdiqləyib. Konstitusiya Məhkəməsinin sədri Domnika Manole müvafiq iclasda “2024-cü il oktyabrın 20-də keçirilmiş respublika konstitusiya referendumunun nəticələrinin təsdiq edilməsi haqqında” qərarın verildiyini açıqlayıb. Vurğulanıb ki, referendumun nəticələrinə əsasən Avropaya inteqrasiyanın strateji xətt kimi qəbul edilməsi Molvoda Konstitusiyanın preambulasına əlavə olunacaq. Konstitusiya Məhkəməsinin sədri əlavə edib ki, ölkənin əsas qanununa yeni bölmə də əlavə ediləcək. Qeyd edək ki, bir sıra müxalifət partiyaları referendumun nəticələrinə etiraz etsə də, Konstitusiya Məhkəməsi onların arqumentlərini rədd edib.

50,72 faiz seçicinin iştirak etdiyi referendum...

MSK-nın Konstitusiya Məhkəməsinə təqdim etdiyi məlumatlara əsasən, ümumi seçicilərin 50,72 faizi səsvermədə iştirak edib. 749 min 719 seçici və ya 50,35 faiz lehinə, 739 min 155, yəni 49,65 faiz isə əleyhinə səs verib. Beləliklə, rəy fərqi təxminən 0,7 faiz təşkil edib.

Moldovada referendumla eyni vaxtda prezident seçkiləri də keçirilib. Bu seçkidə isə ilk turda qalibi müəyyən etmək mümkün olmayıb. Vətəndaşların təxminən 37,7 faizi “Fəaliyyət və Həmrəylik” partiyasının namizədi Maya Sanduya, 28,8 faizi isə Sosialist Partiyasının namizədi Aleksandr Stoyanoqloya səs verib. Prezident seçkilərinin ikinci turu noyabrın 3-ü bazar günü keçiriləcək.

Sandu çağırış etdi...

Bu arada Moldova Prezidenti Maya Sandu Moldova vətəndaşlarının Avropa İttifaqına üzv olmaq qərarını alqışlayıb və onları prezident seçkilərinin ikinci turunda fəal iştirak etməyə çağırıb. “Konstitusiya Məhkəməsi qərar verdi. Avropaya inteqrasiya konstitusiyaya daxil ediləcək! Biz birlikdə bu mübarizədə qalib gəldik və məqsədimizə nail olduq”. Bunu Konstitusiya Məhkəməsi referendumun nəticələrini təsdiqləndikdən az sonra Maya Sandu öz “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, Aİ ilə Moldova arasında əlaqələrin daha da dərinləşdirilməsinin əsası 2014-cü ildən qoyulub. Həmin vaxt rəsmi Kişinyov ilə Aİ arasında Assosiasiya Sazişi imzalanıb. 23 iyun 2022-ci ildə isə Avropa Şurası Moldovanın Avropa perspektivini tanıyıb və bu ölkəyə Aİ-yə namizəd ölkə statusu verib. Paralel olaraq Moldova 2014-cü ildən Şengen zonasına vizasız giriş əldə edib.

Aİ 2021-ci ilin oktyabr ayından qrantlar və kreditlər də daxil olmaqla Moldovaya 1,09 milyard avrodan çox dəstək verib. Əməkdaşlıq istiqamətləri daha çox enerji təhlükəsizliyinin gücləndirilməsi, təhlükəsizlik və müdafiə sahəsində təəfdaşlığın artırılması və onun islahat gündəminin dəstəkləməsi kimi mahiyyət daşıyır.

Detallar 2025-ci ildə müəyyənləşəcək...

Siyasi analitiklər Qərbə inteqrasiyaya “hə” və “yox” deyənlər arasındakı səs fərqinin minimal səviyyəsinə əsaslanaraq vəziyyəti hələ də “heç-heçə” kimi dəyərləndirirlər. Onların fikrincə, referendumda “məğlub olan tərəf” hələ tam ümidini itirməməlidir. Beləliklə, Moldovanın “Qərb yolu”nda irəliləməsi ilə bağlı əsas qərar 2025-ci ildə baş tutucaq parlament seçkilərində “veriləcək”. Əgər həmin seçkilərdə hakim partiya daha az səs qazanarsa, beləliklə də parlamentdəki say çoxluğunu itirərsə, proses bloklana bilər. Başqa ölkələrdə məhz bu praktikanın analogiyası yaşanmaqdadır.

Referendumun nəticələrinə əsaslanaraq bəzi siyasi təhlilçilər 2025-ci il parlament seçkiləri ilə bağlı proqnozlar da səsləndirirlər. Qeyd edilir ki, referendumda “qərbpərəstləri” demək olar ki, haqlayan inteqrasiyaya yox deyənlər, parlament seçkilərinə də öz təsirlərini edəcəklər. Hazırda 52 faizlik üstünlüklə parlament çoxluğunu təşkil edən hakim partiyanın gələn il baş tutacaq seçki prosesində 10 faizə axın səs itirəcəyi ehtimalı edilir. Bu 10 faizlik səsi isə böyük ehtimal ki, hazırda parlamentdə ikinci səs çoxluğuna malik və 2016-cı ilə qədər “Bərabərlik” ictimai-siyasi hərəkatı adlanan  “Şor” siyasi partiyası əldə edəcək.

Seçilən
32
yeniazerbaycan.com

1Mənbələr