AZ

“Məhəmməd Füzuli yaradıcılığı Şərq ədəbiyyatı kontekstində” - seminar

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Məhəmməd Füzuli yaradıcılığı Şərq ədəbiyyatı kontekstində” mövzusunda elmi seminar keçirilib. Seminar dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr edilib.

Tədbiri açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 25 yanvar tarixli Sərəncamından irəli gələn tapşırıqların icrası çərçivəsində AMEA-da, o cümlədən Şərqşünaslıq İnstitutunda bir sıra tədbirlər keçirildiyini qeyd edib. O, rəhbərlik etdiyi institutda dahi şairin yaradıcılığının diqqət mərkəzində olduğunu, bu mövzuda kitab və məqalələr çap olunduğunu, dissertasiyalar müdafiə edildiyini vurğulayıb, institut əməkdaşlarından Aydın Abıyevin “Füzuli və Türkiyə poeziyası”, Ruhəngiz Cümşüdlünün “Füzulinin ərəbcə poetik irsi”, Şəfəq Əlibəylinin “Füzulinin farsca divanı: linqvo-poetik özəlliklər” monoqrafiyalarının nəşr edildiyini xatırladıb.

Seminarda institutun elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlünün “Məhəmməd Füzuli yaradıcılığı Şərq ədəbiyyatı kontekstində” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, poetik yaradıcılığı coğrafi sərhəd, zaman miqyası tanımayan Məhəmməd Füzuli üç dildə - Azərbaycan, türk, ərəb və fars dillərində yazıb yaradıb. Şairin türkcəsinin əzəməti, ərəbcəsinin məntiqi, farscasının nəfis sadəliyi onun poetik üslubunun ayrılmaz hissəsidir.

Ərəbşünas alim daha sonra Füzulinin ərəbcə poetik irsi haqqında ətraflı danışıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Seçilən
40
xalqqazeti.az

1Mənbələr