AZ

Valideynlərin “yaxşı məktəb” düşüncəsi: O, nədir və ya necə olmalıdır?

Bəzi valideynlər düşünür ki, uzaq da olsa, övladı “yaxşı məktəb”ə getməlidir. Lakin uşağı evdən bir neçə kilometr uzaqlıqda yerləşən məktəblərə göndərməklə həm özləri əziyyət çəkir, həm də uşaqlar. Digər tərəfdən bu, şəhər mərkəzində tıxaclara, ictimai nəqliyyatda sıxlığa səbəb olur. Bakıdakı təhsil rəsmiləri isə deyirlər ki, paytaxtdakı bütün məktəblərdə tədris keyfiyyəti yüksəkdir.

 

Bəs "yaxşı məktəb" necə olmalıdır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil ekspeti Kamran Əsədov bildirib ki, yaxşı məktəb yalnız akademik uğurla deyil, həm də şagirdlərin şəxsiyyət kimi formalaşması ilə seçilməlidir:

 

“Yaxşı məktəb təkcə biliyin ötürülməsi və ya akademik uğurla məhdudlaşmır. O həmçinin uşaqlara həyat üçün dəyərli bacarıqlar, mənəvi və əxlaqi dəyərlər, empatiya və sosial məsuliyyət hissi aşılayan bir məkandır. Təhsil sistemi həm də gəncləri müstəqil düşüncəyə, özünə inama və həyatın çətinliklərinə qarşı dözümlü olmağa hazırlamalıdır. Bu mənada yaxşı məktəb öyrənmə mərkəzi olmaqdan daha artıq bir rol oynayır. O, uşaqların və yeniyetmələrin formalaşdığı, böyüdüyü və özlərini tapdıqları bir yerə çevrilir. Müasir cəmiyyətin və texnoloji inkişafın gətirdiyi yeni çağırışları nəzərə aldıqda, yaxşı məktəb həm də şagirdlərə dəyişən dünyaya adaptasiya ola bilmək və yaradıcı düşüncə qabiliyyəti qazandırmalıdır”.

 

Ekspertin fikrincə, yaxşı məktəb həm akademik, həm də sosial-emosional inkişafı tarazlıqla təmin edən və hər bir şagirdin potensialını reallaşdırmaq üçün ona imkan yaradan məkandır:

 

“Belə bir məktəbdə şagirdlər təkcə dərslik biliklərinə deyil, həm də həyatda lazım olan özünəinam, sosial məsuliyyət və humanist dəyərlərə yiyələnirlər. Bu, gələcəyin təməlini qoyan güclü təhsil müəssisəsinin əsl məqsədidir. Yaxşı məktəb həm sosial bacarıqların, həm də emosional sağlamlığın və kritik düşünmə qabiliyyətlərinin inkişafını təşviq edir”.

 

Firuzə Əliyeva 

Seçilən
40
sfera.az

1Mənbələr