AZ

Moderator.az Zülfüqar Hüseynzadənin əsəridir - Deputatdan TƏBRİK

Milli Məclisin deputatı Cavanşir Feyziyev mərhum jurnalist Zülfüqar Hüseynzadənin ərsəyə gətirdiyi Moderator.az saytının 12 yaşını təbrik edib. Modern.az millət vəkilinin Zülfüqar Hüseynzadə və onun saytı barədəki fikirlərini təqdim edir:

"Zülfüqar Hüseynzadə çağdaş Azərbaycan yazılı mətbuatında özüməməxsus dəsti-xətti olan, həyatının hər anını cəmiyyət üçün faydalı olmağa çalışan, aydın vətəndaş mövqeli, fədakar jurnalist idi. Onun doğma övladı kimi ərsəyə gətirdiyi Moderator.az saytı Zülfüqar müəllimin dövlətimiz, dövlətçiliyimiz və sağlam təfəkkürlü cəmiyyətimiz üçün görməyə çalışdığı işlərin məcmusunu özündə ehtiva edir.

Zülfüqar müəllimin təsis etdiyi Moderator.az saytı yaranmasının 12 illiyini qeyd edir. Bir media qurumu üçün 12 il həm çox qısa, həm də uzun bir zamandır. Bu il 150 yaşını qeyd edəcək Milli Mətbuatımızın yaşı onilliklərlə ölçülən media nümunələri ilə müqayisədə əlbəttə Moderator.az hələ körpədir. Amma gündə bir neçə media orqanının yarandığı və bir neçəsinin isə sıradan çıxdığı bir zamanda və mühitdə 12 il ayaqda qalmağın özü də bir uğurdur. Moderator.az-ın uğuru isə sadəcə ayaqda qalmağı deyil, həm də 12 il ərzində özünün daimi izləyicilərini qazanmaq və onların gözləntilərini layiqincə doğrultmaq olub. Moderator.az on minlərlə insanın gündəlik etibarlı xəbər mənbəyidir. Ən çətini bu etimadı qazanmaq idi ki, Moderator.az kollektivi bu uğuru ilə fəxr edə bilər. Bu gün media sahəsində çalışmaq təkcə peşəkarlıq tələb etmir. Bir media orqanını təşkil etmək, onu tanınan və həvəslə oxunan bir mətbuat nümunəsinə çevirmək üçün yalnız zəruri bilik və bacarıqlara malik olmaq kifayət deyil. Belə bir uğura nail olmaq üçün həm də fədakarlıq lazımdır.12 il ərzində Moderator.az saytının yaradıcı kollektivi məhz belə bir fədakarlığın parlaq örnəyi ola biliblər. Şübhəsiz ki, bu 12 il onlar üçün o qədər də asan olmayıb. Xüsusilə, Zülfüqar müəllimin zamansız itkisi Moderator.az kollektivi üçün çox ağır və təsəllisiz dönəm oldu. Bu gün gənclər Zülfüqar müəllimin arzularını, işlərini və yolunu əzmlə davam etdirirlər.

Zülfüqar müəllimin əziz xatirəsini ehtiramla anır, Moderator.az saytının gənc kollektivini 12 yaşları münasibətilə ürəkdən təbrik edir, onlara öz fədakar çalışmalarında yeni- yeni uğurlar arzulayıram".

Seçilən
59
1
modern.az

3Mənbələr