Həbsxanada 143 gündür aclıq edən İstanbul Universitetinin doktorantı Fazil Qasımovun məhkəməsi dekabrın 5-dək təxirə salınıb. Bu barədə Turan-a onun yaxınalrı bildiriblər.
“Noyabrın 1-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində Fazillə görüşümüz oldu. Səhhəti çox ağırdır. Çoxsaylı ağrılardan əziyyət çəkir. Oktyabrın 31-də məhkəməsi olmalı idi. Fazilə heç bir səbəb demədən məhkəməni dekabrın 5-dək təxirə salıblar. Fazilə kitab çatdırmaq da daha mümkün deyil. O, Azərbaycan Konstitusiyasını istəmişdi. Lakin Konstitusiyanın mətni olan kitabı ona verməyə imkan verməyiblər", deyə ailə üzvü qeyd edib.
Onun sözlərinə görə, Qasımova vəkilindən imtina etməsi üçün ona təzyiq edirlər.
Qeyd etmək lazımdır ki, demək olar ki, bütün siyasi məhbusların işləri üzrə məhkəmə prosesləri noyabrın sonuna - dekabra təxirə salınıb, çox güman ki, bu, Bakıda COP29-un keçirilməsi ilə bağlıdır.
* Fazil Qasımov 8 avqust 2023-cü il tarixində İstanbulda həbs edilib və Azərbaycana gətirilib. O, məşhur iqtisadçı və Azərbaycan hökumətinin tənqidçisi Qubad İbadoğlu ilə birlikdə saxta pul hazırlamaqda ittiham olunub. Lakin indi Fazil Qasımovun cinayət işinə İbadoğlunun işindən ayrı baxılır.
O, qanunsuz həbsinə etiraz əlaməti olaraq aclıq elan edib.