Noyabrın 2-də Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin futbol meydançasında 8 Noyabr-Zəfər Gününə həsr olunmuş mini-futbol idman yarışı üzrə açılış mərasimi baş tutub. Manset.az xəbər verir ki, açılış mərasimində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Bakı Dövlət Universitetinin rektor köməkçisi Hüseyn Hüseynli, YAP Gənclər Birliyinin üzvü İlqar Quliyev, AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Hüseyn Hüseynov və Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universitetinin minifutbol komandaları iştirak edib. Açılış mərasimində çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev keçirilən idman yarışının mahiyyəti və məqsədi haqqında məlumat verib. Qeyd olunub ki, bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurlu nəaliyyətlərin şah əsəri heç şübhəsiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun doğma Qarabağımızı düşmən tapdağından azad etməsidir. Bu tarixi Zəfər və ərazi bütövlüyümüzün təmin olunması mahiyyət etibarilə ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident cənab İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi və inamla həyata keçirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsidir. Bundan əlavə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ilin 19-20 sentyabr tarixlərindəki lokal xarakterli anti terror tədbirləri və həmin ilin 15 oktyabr tarixində isə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində üçrəngli bayrağımızın dalğalandırılması tarixi Zəfərlərimizin zirvəsi oldu. Bəxtiyar Nəbiyev çıxışının sonunda yarışda iştirak edən komandalara uğurlar arzu edib. Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov və YAP Gənclər Birliyinin üzvü İlqar Quliyev çıxış edərək 8 Noyabr-Zəfər Günündən bəhs ediblər. Qeyd olunub ki, yarışın keçirilməsində məqsəd 8 Noyabr-Zəfər Günü kimi əlamətdar günü qeyd etmək, futbol idman növünün kütləviliyini artırmaq, sağlam həyat tərzinin və idmanın təbliği, istedadlı şəxslərin üzə çıxarılması, həvəskarların və idmançıların texniki və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsidir. Çıxışların sonunda komandalara müvəffəqiyyətlər arzulanıb. Açılış mərasimindən sonra Azərbaycan Milli Elmlər Akademiyası ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin minifutbol komandaları arasında oyun baş tutub. Oyunda Azərbaycan Milli Elmlər Akademiyası 6-0 hesabı ilə qalib olub.