AZ

Əfran İsmayılov: “Mahirin böyük futbolçu olması üçün illər var”

“Mahir Emrelinin “Nürnberq”də oynamağı Azərbaycan futbolu və özü üçün böyük uğurdur. Hamımız buna sevinirik”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov deyib.

Veteran futbolçu bir vaxtlar “Qarabağ”da bərabər oynadığı Mahir Emrelinin “Nürnberq”də son performansını dəyərləndirib. O bildirib ki, yığmamızın hücumçusu bundan da artığını edəcək: “Mahirin potensialı böyükdür. İnanıram ki, bundan da artığını edəcək. Daha yuxarı yerlərə qalxacaq. O, yaxşı irəliləyir. Baş məşqçiləri də ona inanır. Emreli də Miroslav Klozenin etimadını meydanda doğruldur. İnanıram ki, davamı gələcək. Çünki almanların Mahirin həvəsdən düşməsinə imkan verəcəyinə inanmıram. Kloze nə etməyin lazım olduğunu bilir. Çalışacaq ki, həm özü, həm komandası, həm də Emreli üçün yaxşı olsun. Onun uğurları bizi qürurlandırır”.

İsmayılov Mahirin gələcəkdə Azərbaycan futbol tarixinin 1 nömrəli olacağına inanır: “Hazırda Mahir Azərbaycan futbolunun ən güclüsüdür desək, yalan olar. Bəli, “Nürnberq”də çıxış etmək böyük uğurdur. Hamını sevindirir. Amma Mahirin böyük futbolçu olması üçün illər var. Öz üzərində çox çalışmalı, çox işləməlidir. Əgər onun legioner həyatına baxıb ən güclü deyiriksə, vaxtı ilə Nazim Süleymanov, Vəli Qasımov kimi futbolçularımız da çox yaxşı klublarda legioner həyatı yaşayıblar. Bu səbəbdən də Emrelini 1 nömrə adlandırsaq, özümüzü aldatmış olarıq”.

Qeyd edək ki, Mahir Emreli “Nürnberq”in heyətində meydana çıxdığı 6 oyunda 3 qol vurub.

Emin Ağa
İdman.biz

Seçilən
28
idman.biz

1Mənbələr