Kulis.az Aslan Quliyevin "Damar katarsisi" hekayəsini təqdim edir.
Yaddaşsızlıqdan əziyyət çəkir, daima qatıb qarışdırırdım.Saytların birindən cavan qız mənə sorğu göndərdi: “Bu il Rusiyada Vasili Şukşin ili kimi qeyd olunacaq. Sizin Şukşinə olan münasibətinizi bilmək istəyərdik”.
Cavab yazdım: “Şukşin dahi rəssamdır. “Sığırçınlar uçub gəldilər” onun şah əsəridir.Böyük rəssam və böyük insan olub. Rəssamlıq akademiyasının üzvləri Levitana diplom vermək istəməyəndə təkcəo, Levitanın “Ot tayası” rəsminin arxasına: “Böyük qızıl medal. Yəhudi balasına yol verin” yazaraqLevitanın qarşısında yaşıl işıq yandırıb”.
Qız da yubatmadan cavab verdi “Şukşin heç şübhəsiz böyük insan olub, amma rəssam olmayıb, nə böyük, nə də balaca. Yazıçı olub. Biz də sizdən bu böyük yazıçıya münasibət bildirməyinizi xahiş eləmişdik. Yeri gəlmişkən: “Sığırçınlar uçub gəldilər” Savrasovun rəsmidir».
Pərt oldum,cavab yazmadım.Münasibət də bildirmədim. Məni yaddaşım pis vəziyyətdə qoysa da, nəyə görəsə, rusların böyük yazıçısına, xüsusi ilə də institut skamyasından yanını təzəcə qaldırmış qıza möhkəm hirslənmişdim.Görürsən qarışdırıram, soruşma. Adam ölüb gedib, sümükləriindiyə çürüyüb, qəbrinin üzərindən də yəqin qırmızı çiçəkli başın ağacı baş qaldırıb. Sənsə indi mənimona münasibətimi soruşursan. Mənim ona nə münasibətim ola bilər? Bir yerdə gəzib dolaşmışıq, ya araq içmişik?
Neyləmək olardı, həkimə getdim. Cavan oğlandı, mənə diqqətlə qulaq asdı və gözlərini üzümə zilləyib soruşdu: “Sizcə nədən olar?”
Deyirəm, cavan oğlan,nədən olduğunu bilsəydim, sizin yanınıza niyə gəlirdim? Oğlan qızardı və bu onu xilas elədi. Yoxsa təptəzə, şax iyirmiliyi nədən ötrü onun cibinə qoyduğumu da soruşacaqdım.
Oğlan özünü tez ələ aldı,özünü tərifləyir, mən tibb institunu fərqlənmə ilə bitirmişəm, fəxrlə deyirdi. Sonra da qarşısındakı kitablardan birini götürüb sürətlə vərəqləməyə başladı. Birdən başını kitabdan qaldırıb, yenidən gözlərini mənə zillədi:
- Bəlkə böyrəyinizdəndir?
Etiraz elədim:
- Mən böyrəyimlə düşünmürəm
- Demək, böyrəkdən deyil, - razılaşdı.
Başqa bir kitabı götürüb vərəqləməyə başladı və təzədən məndən soruşdu, bəlkə ürəyinizdəndir?
- Ürəyimlə də düşünmürəm, - yenə etiraz elədim.
- Demək, ürəyinizdən deyil, -yenə razılaşdı.
Başqa bir kitabı götürüb vərəqlədi və bu dəfə sifəti işıqlandı:
- Tapdım. Beyninizdəndir!
- Bu ola bilər, - bu dəfə razılaşmalı oldum.
Kitabı bir dahavərəqlədi, harasınısa oxudu və dedi. Məncə boynunuzdan beyninizə gedən damarlarda tutulma var. Bəlkə sizə aspirin yazım, qanınızı duruldacaq, damarlarınız da açılacaq.
Dinmir, onun nəhayət nə qərara gələcəyini,hansı dərmanı yazacağını gözləyirəm. O isə qərar verə bilmir, bir ucdan dərmanların adını sadalayır. Sonda qərarını açıqladı,boyun damarlarınızı uzidən keçirdin, baxaq görək neçə faiz tutulma gedir, ona görə çarəsini tapaq. Yoxsa bir də görəcəksiniz damarlarınız tamam tutuldu. Sonra da sizin üçün bir şad, bir də bəd xəbərolacaq. Hansından başlayım?
- Şad xəbərdən.
- Daha həkimə ehtiyacınız olmayacaq.
- Bu doğrudan da şad xəbərdir. Bədə keçin.
- Üstünüzə molla çağıracaqlar.
- Molla niyə? – çaşıb qaldım. – Molla gəlib damarlarımı açacaq?
- Yox, yasin surəsi oxuyacaq.
- Bəs damarlarım?
- Suallara cavab yerəndə qatıb qarışdırmayasınızdeyə, onları da inkir-minkirlər açacaqlar.
Qəliz söhbətdi. Bir söz deməyib ayağa qalxdım.Cavan həkim soruşdu:
- İndi neyləmək istəyirsiniz?
Ona deməliydim: “Cibinizə qoyduğum qəttəzə, şax iyirmi manatı geri tələb eləmək istəyirəm”. Lənətə gəlsin içimdəki insanlıq sevgisi! Mənsə dedim:
- Tibb institutuna gedib, sənə fərqlənmə diplomu verən həkimlərin əlini öpmək istəyirəm.
Həkimin dolaşıq söhbətləri qəlbimə şübhə saldı. Getdim o deyən mərkəzə. Burda Yuliya Peresildə oxşayan metis qızboyun damarlarımı uzidən keçirtmək istədiyimi öyrənəndə qırx beş manat verəcəyimi dedi. Yaddaş ciddi məsələdir, qırx beş manatı, iki iyirmi manatlığı, bir dənə də beş manatlığı təəssüf hissiylə sayıb verməli oldum.
Burda növbə vardı, məndən qabaqda beş-altı adam gözləyirdi. Hər yer səliqəli, tər-təmizdi. Kondisioner çöldən təmiz hava əvəzinə mazut və ayaqyolu qoxusu gətirirdi.
Nəhayət növbəm çatdı. Uzandım üzərinə ağappaq döşəküzü örtülmüş divana. Uziçi cavan qız idi, saqqız çeynəyirdi.
Bəzi həmkarlarım elə düşünürlər milləti pislədilər, alçaltdılar, Azərbaycan qadınını, qızını aşağıladılar ki, Nobeli gətirib evlərində bunlara xonçada verəcəklər.Guya bunlar özləri güldəstəymişlər, bəxtlərinə heç nə bacarmayan, geridə qalmış, dar, dayaz düşüncəli qızlar düşübmüş. Ona görə də bir qayda olaraq üstünlüyü başqa millətlərdən olanlara verirlər.Əslinə qalarsa, belə yazanların çoxu nə rus qızı görüb, nə də başqa millətdən olan qızı.Yənisöhbət Nobel söhbətidir. İndisə özüm etiraf eləməli oluram ki, nə bəladırsa, Azərbaycan qızları saqqız çeynəyə bilmirlər. Yəni bizim qızların saqqız çeynəməsindəndahabayağı nəsə düşünüb tapmaq çətindir.
Bu qız da istedadsızcasına saqqız çeynəyərəkUZİ-nin qolunu boynumda gəzdirirdi.UZİ zəhrimararada pulemyot kimi sürəkli atəş açır, arada da tank kimi nərildəyirdi. Qız məndən soruşdu, damarınıza nə olub? Qanım qaraldı, deyirəm, damarıma nə olduğunu bilsəydim, bura niyə gəlirdim, ən əsası da qırx beş manatımı sizə niyə verirdim? Qırx beş manatımı, iki dənə şax, qəttəzə iyirmi manatımı, bir dənə də şax beş manatımı sizə ona görə verdim ki, damarıma nə olduğunu siz deyəsiniz.
Qız hirsləndi, deyir, siz mənim sənətimi şübhə altına ala bilməzsiniz. Mən Türkiyədə qızıl medal almışam, Amerikada praktika keçmişəm. Sizin dərdiniz elə o qırxbeş manatın dərdidir. Deyirəm, hə, qırxbeş manat mənim üçün ciddi puldur. Həm də söhbət təptəzə, şax pullardan gedir. Yenə köhnə, işlənmiş olsaydılar, bəlkə də bunca yandırmazdı. Sən bu qədər pulunu boş yerə küləyə versən, həm də təptəzə pullarını, səni ağrıtmazmı?
Qızdodaqlarını büzdü.Boynumu bir xeyli də əlləşdirdi, sonra əllərini silib ayağa qalxdı, mənə də bir xeyli kağız dəsmal verdiki, boynumu silim. Kağız dəsmalla boynumdakı iyrənc mayeni silib ayağa qalxdım. Qız şəkilləri və nəsə yazdığı kağızı mənə uzatdı.Deyir, məncə damar katarsisi olmalıdır. Damar həkimi ilə görüşməyin məsləhətdir. Sonra da soruşdu, indi neyləmək istəyirsiniz?
Mən əslində deməliydim: “Gedib Yuliya Peresildin ögey bacısından qırx beş manatımı geri almaq istəyirəm”. Mənsə həmişə olduğu kimi içimdəki insanlıq sevgisinə qalib gələ bilməyib dedim: “İlk macalda Türkiyəyə uçub, sizə qızıl medal verən müəllimlərin əlini öpmək istəyirəm”.
Sonra da əlavə elədim: “Gərək bağışlayasınız, çox istəsəm də, Amerikaya uçub, orda sizə praktika keçən müəllimlərin əlini öpməyi isə bəzi səbəblərdən təxirə salmalı olacağam”.
Qızıngözlərindən alov saçılır, sanki buna söyüş söymüşəm: “Mən bilirəm, sənin dərdin qırxbeş manatın dərdidir! İki dənə qəttəzə iyirmi manatlığın, bir dənə də qəttəzə, şax beş manatın! Qırx beş manat veribsən deyə gərək səni dalımızda da gəzdirək! Gərək…”. Nə isə, bu qəbildən olan bir çox sözlər dedi. Heç nə başa düşə bilmirdim, mənim bunlara qırx beş manatı verməyim, məndən çox bunları yandırmışdı.
Damar cərrahiyyə institutuna getdim, amma orda məni qəbul eləyən həkim bəndənizə qırx beş manata başa gələn kağıza baxıb dedi ki, tibbdə damar katarsisi deyilən xəstəlik yoxdur. Məni təzədən müayinələrə göndərib resept yazdı. Dərmanları aldım, amma elə bir xeyrini görmədim.
Bunu eşidən dostum dedi, həkimə gedib eləmə, yoxsa səni öldürəcəklər. Gündə üç dəfəşor suyu iç.Qoy xalestrinlərini qırsın. Damarlarınaçılsın.
Nə vaxtsa şor suyunun karıma gələcəyi ağlıma da gəlməzdi. Bizimsə adətən ağlımıza gəlməyənlər başımıza gəlir. Kənddəki qardaşıma zəng elədim,sabahBakıya gələn sürücülərlə mənə iki litr şor suyu göndərməsini xahiş elədim.
Səhərisi qardaşımzəng eləyib iki litr şor suyu göndərdiyini və sürücünün cib telefonunun nömrəsini də dedi. Saat yeddidə avtovağzala gedib şor suyunu sürücüdən almalıydım.
Yaddaşsızlıqsözünü dedi. Saat yeddidə avtovağzala getməyi unutdum. Yalnız sabah günortaçağı qardaşımın zəngi yadıma düşdü. Sürücüyə zəng elədim, sürücü isə qışqıra-qışqıra danışırdı. Elə bil havası çatmır, boğulurdu: “Evimi yıxıbsız! Sən gəlmədin, mən də o zəhrimara qalmış şüşələri geri apardım. Qalmışdı maşında. Bu gün adam götürüb Bakıya gələndə maşından baş çatladan iy gəlməyə başladı. Şüşələri çölə vıyıldatdım, yenə də xeyri olmadı, elə bil maşın ayaqyolunun içinə girib çıxmışdı. Adamları öyümə tutdu, qusub maşını batırdılar. Neyləsəm də, daha mənim maşınıma minmədilər. İndi heç özüm də minə bilmirəm. Nə qədər yuyuramsa, ətirləyib duxulayıramsa xeyri yoxdur!”
Qardaşıma zəng eləyib soruşdum, sənsürücüyə şüşələrdə nə veribsən? “Şor suyu, - qardaşımincik halda dedi. – Başqa nə verə bilərdim?” “Elə mən də səndən onu soruşmaq istəyirəm. Bu nə cür şor suyudur ki, adamın maşınını heç nə eləyib? Sən onun şor suyu olduğuna əminsən?”
Qardaşım təxəyyülünü işə salıb xırdalamağa başlamışdı, dayandırmasaydım hələ çox xırdalayacaqdı, amma imkan vermədim. Tapşırdım sabah gətirib başqa maşına iki litr şor suyu versin. Bu dəfə mütləq vaxtında maşının qabağına çıxacağam.
Səhər yenə də qardaşım danışıb, şor suyunu göndərdiyini dedi və sürücünün telefon nömrəsini verdi. Saat beşdə avtovağzalda olmağımı tapşırdı.
Bu dəfəavtovağzala vaxtında getdim. Saat beşdə artıq ordaydım. Amma qardaşımın dediyi maşın gəlməmişdi. Sürücüyə zəng eləmək istəyirdim ki, iki nəfər mülki geyimli şəxs mənə yaxınlaşdı. Vəsiqələrini göstərib, nəzakətlə onlarla getməyimi xahiş elədilər. Dedim, tələsməyin, qoy sürücü gəlsin, şor suyunu ondan alım, sonra gedərik.
Bunlarsa nəyə görəsə istehza ilə qımışdılar. Dedilər, gedək, sənin üçün göndərilən şor suyu bizdədir. Bir az söhbət eləyək, sonra şor suyunuapararsan.
Çaşıb qalmışdım. Bu adamlar mənə şor suyu göndərildiyini hardan bilirdilər? Nəyə görə mənim üçün göndərilən şor suyu onlarda olmalıydı?
Getdim adamlarla. Mühüm idarədə işləyirmişlər. Ölkənin təhlükəsizliyi üçün məsuliyyət daşıyırmışlar. Heç nə başa düşə bilmirdim, məni bura niyə gətirmişdilər və ən əsası şor suyuölkənin təhlükəsizliyinə nəxələl gətirə bilərdi? Mənim üçün çay gətirdilər və sonra da soruşdular. Şor suyunəyimə lazımdır?
Mən də uzaqdan başladım, Axmatovadan, Yesenindən, Şukşindən, Savrasovdan, onun “Sığırçınlar uçub getdilər” rəsm əsərindən (Doğrudur, bu zaman mənimlə üzbəüz oturan cavan oğlan sifətini turşudub astadan dedi: “Uçub getdilər” yox, “Uçub gəldilər”. Məntiq hanı? Uçub getmişdilərsə, Savrasov onları qarlı çöldə,kilsənin həyətindəki çılpıq ağaca necə qondura bilərdi?” Mən də ona: “Necə qondurduğunu Savrasovdan soruşmaq lazımdır”, demək istəyirdim, yaxşı ki, sualımın mənasızlığını vaxtında başa düşüb, könülsüz halda adamla razılaşmalı oldum) danışdım. Adamlar səbrlə qulaq asdılar, yalnız axıra yaxın hövsələsizləşdilər. Dedilər: “Nəsə dolaşıq söhbətdir.Sənin şor suyu dediyin o qatı mayeni analizə vermişik. Təmiz çıxarsa, gedəcəksiniz. Çıxmasa, onda bu danışdıqlarınızın sizə köməyi dəyməyəcəyini nəzərinizə çatdırırıq”.
Mən də oturmuşdum. Ürəyim əsirdi. Birdən olmadı elə, oldu belə. Sürücü də şikayətlənmişdi, hələ bir and da içirdi. Vallahi də bu şor suyu deyil, billahi də, tərtəmiz heroindir! Ya da kimyəvi silah! Qardaşımda tərtəmiz heroin, ya da kimyəvi silah nə gəzirdi? Amma yenə də şübhə içimi gəmirirdi.
Nəhayət bizimlə gələn mülki geyimlinin o birisi də içəri gəldi, əlindəki sellafon torbada iki şüşə var idi. “Təmiz çıxdı, - nəyə görəsə dilxor halda dedi. – Gedə bilərsiniz”. Hələ bir vaxtımı aldıqlarına, mənə narahatçılıq verdiklərinə görə üzr də istədilər.
Həyətdə o biri qapıdan rayondan gələn sürücünün və onunla Bakıya gələnlərin də çıxdıqlarını görəndə, əməlli başlı xəcalət çəkdim. Məni görməsinlər deyə, sütunun arxasında gizləndim. Adamları işə salmışdım.
Qardaşıma zəng elədim. Deyirəm, doğrudan da şor suyu imiş. Əmin ola bilərsən, ölkənin ən mühüm labaratoriyasında analizdən tərtəmiz çıxdı. Bu isə yenə də xırdalayır: “Sən onu niyə analizə verirdin? Nədi, mənə inanmadın? Tərtəmiz çıxmayıb başqa nə çıxacaqdı?” “Başqa nə çıxacağını bilmirəm, -sözünü kəsdim, - bildiyim bircə odur ki, başqa nəsə çıxsaydı, təkcə mən, sən yox, rayonumuzun yarısı əlli-ayaqlı gedəcəkdi”.
Hər gün səhər şor suyundan yarım stəkan içirdim. Sonra xaricdə müayinə zamanı xolestrinlərimin azaldığını, damarlarımın bir qədər açıldığını təstiqlədilər. Yəni şor suyu içməyə davam eləməliydim, amma eləmədim. Kənddən gətirilməsi təhlükəliydi. Hər dəfə analizdən tərtəmiz çıxacağınakimsəzəmanət verə bilməzdi.