Bu gün əslən Lerik rayonundan olan iki şəhid qardaşın – İman və Bəhrəm Məmmədzadələrin anım günüdür.
Modern.az-ın məlumatına görə, qardaşlar 2020-ci ilin sentyabr-noyabr aylarında gedən Vətən müharibəsində eyni gündə şəhid olublar. Çoxları şəhid qardaşları əkizlər kimi kimi tanısa da, əslində onların aralarında 2 il yaş fərqi var idi.
Eyni gündə şəhid olan 22 yaşlı İman və 20 yaşlı Bəhrəm Füzuli, Cəbrayıl və Xocavənd istiqamətindəki döyüşlərdə iştirak ediblər.
Hələ Vətən müharibəsi başlayanda bu qardaşlara deyiblər ki, biriniz arxa cəbhədə qala, digəriniz ön cəbhəyə gedə bilərsiniz. Hər iki qardaş bu təklifdən imtina edib. Onda qardaşlara bildirilib ki, hər ikiniz arxa cəbhədə də qala bilərsiniz. Onlar bu təklifdən də imtina ediblər.
Böyük qardaş İman 1998-ci il sentyabrın 14-ü Lerik rayonun Kəlvəz kəndində anadan olub. 2004-cü ildə Kəlvəz kəndində məktəbə qədəm qoyub, ikinci sinfə isə 2005-ci ildə Lənkəran şəhərinin 5 nömrəli orta məktəbində gedib. 2007-ci ildə təhsilini Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsindəki 117 nömrəli orta məktəbdə davam etdirib. 2014-cü ildə 10-cu sindi Fizika-Riyaziyyat-İnformatika təmayüllü liseydə oxuyub. 2015-ci ildə isə Rusiyanın Həştərxan vilayətində gəmi kapitanlığı ixtisası üzrə təhsilə başlayıb. O, həmin ixtisas üzrə 1 il oxuduqdan sonra ali təhsil almağa başlayıb.
Kiçik qardaş Bəhrəm 2000-ci ilin 18 aprelində Lerikin Kəlvəz kəndində dünyaya göz açıb. İbtidai sinfi 2005-ci ildə Lənkəran şəhərinin 5 nömrəli orta məktəbində oxuyub. 2006-2007-ci illərdə Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsindəki 117 nömrəli orta məktəbdə təhsilini davam etdirib. Qardaşı kimi o da 2014-2015-ci ildə Fizika-Riyaziyyat-İnformatika təmayüllü liseydə təhsil alıb. 2015-ci ildə 9-cu sinfin şəhadətnaməsini aldıqdan sonra qardaşı ilə birlikdə Həştərxan vilayətində gəmi kapitanlığı ixtisasın üzrə oxumağa başlayıb.
Qardaşlar Həştərxanda 1 il oxuyublar. Daha sonra birlikdə Samara Universitetinin Hüquq fakültəsində ali təhsil almağa başlayıblar. 2016-cı ildə Hüquq fakültəsindən çıxaraq, Turizm fakültəsinə keçiblər.
Məmmədzadə qardaşları idmançı idilər. Hər ikisi cüdo və ağır atletika ilə məşğul olurdular.
2020-ci ilin iyul ayında İman Bəhrəmlə birlikdə, eyni gündə Qusar rayonundakı N saylı hərbi hissəsəyə xidmətə yola düşüblər...
Vətən müharibəsi başlanan dövrdə onlar artıq hərbi xidmət keçirdilər. Müharibə ərəfəsində Məmmədzadə qardaşları xidmət etdikləri hərbi hissə tərəfindən Füzuli rayonuna göndəriliblər.
Onlar Füzuli, Cəbrayıl, Suqovuşan və Xocavəndin işğaldan azad olunmasında iştirak ediblər.
Şəhid qardaşların atası Elman Məmmədovun Modern.az-a müsahibəsindən:
“Biz onlarla hər gün əlaqə saxlamağa çalışırdıq. Tez-tez telefon danışıqlarımız olurdu. Oktyabrın 13-də Füzuli rayonun Kürdmahmudlu kəndində onlarla görüşdük, 4 saat birlikdə olduq. Orada Bəhrəm qolundan yaralandığını bizdən gizlətdi.
Bəhrəm qolundan yaralanan zaman onu hospitala aparmaq istəyiblər. Maşına mindiriləndə qapını açaraq,düşüb. “Qardaşımdan ayrılmaram” deyib. Qolunu sarıyıb, qardaşı ilə birlikdə döyüşə yollanıb. Onlara təkidlə deyiblər ki, “ikinizdən biriniz döyüşə getməyin”. Hətta sonra deyiblər ki, “hər ikiniz qalın, getməyin”, buna da razı olmayıblar. Hər ikisi döyüşə getmək istədiklərini deyiblər.
Həmin görüşdə İmana dedim ki, “İman, sənin qolunun gücünü mən bilirəm, düşmən gülləsi isə bilmir”. İki qardaş birlikdə məni qucaqlayıb dedilər ki, “Ata, bizdən bunu xahiş etmə. Biz düşmən qarşısında heç vaxt əyilməyəcəyik””.
Elman Məmmədovun sözlərinə görə, oğlanları ilə sonuncu dəfə 2020-ci il oktyabrın 27-si səhər saat 10-da danışıb:
“Mən İmanla danışdım. Qardaşı da yanında idi. Son sözləri bu oldu ki, “anadan və özündən muğayat ol!”.
Elman Məmmədov oğlanlarının şəhid olmağından 1 noyabr tarixində xəbər tutub:
“Noyabrın 1-də səhər saatlarında oğlanlarımla birlikdə quluq edən yaralı gizir Əsgər Hüseynovdan mənə zəng gəldi. Dedi ki, “əmi, uşaqların ikisi də şəhid oldu!”.
Elə bil dünya başıma fırlandı...
Xocavəndin Qırmızıbazar qəsəbəsi istiqamətindəki döyüşdə 14 nəfərlik şəxsi heyətdən 11 nəfər şəhid olmuş, 3 nəfər isə yaralanmışdı... Mənim oğlanlarım da şəhid olanlar arasında idilər.
Elə həmin gün onların nəşini hospitaldan götürdüm. Noyabrın 2-də isə dəfn olundular”.
“Yoldaşlarının dediyinə görə, birinci İmanı vurublar, amma o, yaralı halda ayağa qalxaraq düşmənin üstünə yeriyib. 2-ci dəfə vurulanda yenə irəliləyib. 3-cü dəfə yaralananda qardaşı Bəhrəmlə bir zabit onu atəş altından çıxarıblar. Həmin vaxt İmanın ayağının sarımaq istəyəndə zabit də, Bəhrəm də yaralanıb. Bəhrəm İmanı tez-tez danışdırırmış ki, huşunu itirməsin. Bəhrəm anidən qardaşının səsinin zəiflədiyini görəndə özünü saxlaya bilməyib, ayağa qalxıb. Bu zaman düşmən onu snayperlə ürəyindən vurub. İkisi də birlikdə keçiniblər...”, - şəhid atası bildirib.
İman və Bəhrəm Məmmədzadə qardaşları Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə tətif ediliblər.
A.Qorxmaz