Xəbər verdiyimiz kimi, “X” sosial media platformasında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiya olunmuş şəkildə və kütləvi formada saxta hesablardan istifadə etməsi faktları aşkarlanıb.
Saxta profillər #COP29 həştəqi altında eyni anda, eyni məzmunlu avtomatlaşdırılmış cavablar yerləşdirərək bot sistemləri vasitəsilə məzmun manipulyasiyası həyata keçirir və beləliklə də, ictimai rəyi çaşdırmağa cəhd göstərir.
Saxta məlumatlar əsasında təşkil olunmuş bu fəaliyyətlərin əsas məqsədi COP29 ərəfəsində guya Azərbaycanın ev sahibliyi ilə bağlı kütləvi narazılığın olması illüziyasını yaratmaqdır.
Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu Bakupost.az -a açıqlama verib.
O bildirib ki, hazırda COP29-a qarşı aparılan bir bilgi keşişliyinin şahidi olmaqdayıq:
‘‘Təkcə "X" platforması deyil, ayrı-ayrı yerlərdə, hətta Qərbin media orqanlarında belə qarşıdan gələn bu mötəbər, əhəmiyyətli və qlobal xarakterli bir tədbirin əsas da Azərbaycanda keçirilməsinə görə gözdən salınmasını müşahidə edirik’’.
V.Zifəroğlu vurğulayıb ki, ümumiyyətlə, Azərbaycanla bağlı məqamlarda dəfələrlə Qərb tərəfindən bu cür kampaniyalara məruz qalmışıq:
‘‘Hazırda aparılan kampaniya yenə də məhz Azərbaycana qarşı informasiya müharibəsinin tərkib hissəsi kimi götürülməlidir. Təbii ki, burda məqsəd bəllidir: Azərbaycanı müəyyən güzəştlərə vadar etmək, müəyyən şərtlərini keçirmək və öz hədəfləri naminə hansısa addımları atmağa məcbur etmək. Sadəcə, imicimizi zədələmək istəyirlər və dünya ictimaiyyətində Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışırlar’’.
O qeyd edib ki, bunun qarşısını almaq üçün cəmiyyətin üzərinə ciddi məsuliyyət düşür:
‘‘İlk növbədə, Azərbaycan mediasının, Qeyri-Hökumət Təşkilatlarının, ictimai və elm adamlarının üzərinə olduqca məsuliyyətli iş düşür. Həqiqətin nədən ibarət olduğunu, eyni zamanda doğrularımızı yorulmadan, mütəmadi şəkildə və sistemli olaraq dünya ictimaiyyətinə çatdırmaq istiqamətində fəaliyyət göstərməyə davam etməliyik. Hətta ortaya daha böyük əzm, daha böyük iş qoymalıyıq’’.
V.Zifəroğlu əlavə edib ki, Azərbaycana qarşı informasiya müharibəsinin heç bir nəticəsi olmayacaq:
"Kampaniyanı aparan qüvvələr, əsas da erməni lobbisi (hansı ki böyük həvəslə bu kampaniyanı maliyyələşdirir) heç bir hədəfinə nail ola bilmiyəcəklər".
Kübra Şahin, BakuPost