AZ

Gürcüstanda hakimiyyət çevrilişi təhlükəsi geridə qaldı?- Müxalifətin lider dərdi

Bu gün Gürcüstanda keçirilən 26 oktyabr parlament seçkilərindən tam bir həftə ötür. Buna baxmayaraq, qonşu ölkədə  gərginlik hələ də davam edir. Seçkilərdə hakim "Gürcü Arzusu" partiyası önə çıxsa da, seçki nəticələrində saxtakarlıq iddiaları ciddi mübahisələr yaradıb.

Müxalifət seçkinin nəticələrini tanımır və geniş etirazlarla vəziyyəti hüquqi yollarla dəyişməyə çalışır. Gürcüstan hökuməti Avropa İttifaqına üzvlük perspektivlərini qorumağa çalışsa da, Moskva ilə yaxın iqtisadi əlaqələr qurmağa davam edir. Avropa və ABŞ isə seçki prosesinin şəffaflığına dair narahatlıq ifadə edərək Gürcüstana təzyiq göstərir.

Bəs Gürcüstanda çevriliş təhlükəsi sovuşdumu?

Paşinyan

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb:

"Gürcüstanda seçkilərdən əvvəl də mitinqlərin keçiriləcəyi gözlənilirdi və  bununla bağlı proqnozlar var idi. Həmin proqnozlar özünü doğrultdu, biz seçkilərdən sonra bir neçə il həcmli mitinqlərinin şahidi olduq. Ancaq elə ilk baxışdan göründü ki, bu mitinqlər hakimiyyəti devirmək üçün kifayət deyil. Yəni insanlar bir o qədər meydanlara axışmadılar və lazım olan effekti vermədi".

Politoloq səbəbləri bu cür şərh edib:

"Bunun bir səbəbi birinci növbədə Gürcüstan müxalifətində lider problemidir. Mixail Saakaşvili  həbsə girdikdən sonra gürcü müxalifəti ciddi şəkildə lider böhranı yaşayır. Və həmin böhranı indiki prezident Salome Zurabişvili nə qədər ödəməyə, yəni  özünü müxalifətin lideri kimi təqdim etməyə çalışsa da, onun şəxsiyyətinə qarşı Gürcüstanda münasibət birmənalı deyil. Məlum olduğu kimi,  Zurabişvili Fransa vətəndaşı olub, hazırda da Fransaya bağlı məsələlər var. İkincisi, vaxtı ilə Saakaşvilinin hakimiyyəti dövründə xarici işlər naziri olub, daha sonra bu hakimiyyətdən ayrılaraq, "Gürcü arzusu" partiyası hakimiyyətə gəldikdən sonra onlarla yaxınlaşıb, məhz bu partiyanın dəstəyi ilə hakimiyyətə gəlib.

Digər namizədlər də, o cümlədən istər Melia, istərsə də Qaxariya, Xazaradze olsun, onlar  öz növbəsində həmin o ümumi müxalifəti birləşdirəcək fiqurlar deyil. Mixail Saarkaşvilinin də populyarlığı azalıb və şəxsiyyətinə qarşı münasibət birmənalı deyil. Rusiya-Gürcüstan müharibəsindən sonra onun nüfuzu sürətli şəkildə aşağı düşməyə başlayıb və hazırda da gürcü hökuməti bir təbliğat qurub ki, Saakaşvili yenidən hakimiyyətə gələrsə, Gürcüstan və Rusiya arasındakı münasibətləri yenidən kəskinləşəcək və Qərb tərəfindən Rusiyaya qarşı ikinci cəbhə məhz Gürcüstanda açılacaq, Gürcüstan yenə Rusiya ilə müharibəyə girəcək. Bu isə ölkənin fəlakəti deməkdir, yerli insanlar da bunu başa düşürlər və buna görə dəstəkləmirlər. Beləliklə, əsas problem xalqı öz arxası ilə aparacaq vahid liderin olmamasıdır".

Politoloq seçkilərdə müxalifətin əsasən böyük şəhərlərdə üstünlük qazandığını diqqətə çatdırıb:

"Ölkənin aqrar rayonlarında hakimiyyətin dayaqları çox güclüdür. Buna görə insan kütləsini meydanlara toplamaq olmur. Yəni nə qədər çalışsalar da artıq başa düşürlər ki, hakimiyyəti devirmək mümkün deyil. Bu baxımdan düşünürəm ki, bəli, çevriliş təhlükəsi Gürcüstanda atıq sovuşub, müxalifət də başa düşür ki, istənilən nəticəyə nail ola bilməyəcək, buna görə də çox da irəli getmədilər".

 

Xalidə Gəray

Musavat.com

Seçilən
44
musavat.com

1Mənbələr