Quba Tibb Kollecinin tələbələri və könüllülərin iştirakı ilə “İlk tibbi yardım həyat xilas edir” adlı fləş-mob təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səhiyyə Nazirliyi tərəfindən təşkil olunan növbəti maarifləndirici aksiyanın məqsədi qəzalar, dəm qazından boğulma, epilepsiya tutmaları və digər hallar zamanı ilkin tibbi yardımın göstərilməsi qaydalarını əyani şəkildə nümayiş etdirilməsindən ibarət olub.
Aksiya zamanı arzu edənlərin arterial təzyiqi və nəbzi ölçülüb. Kollecin tələbələri, həmçinin ürəyin qapalı masajı və süni tənəffüs qaydalarını nümayiş etdiriblər. Sonra aksiya iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb.
Tələbələrin və könüllülərin iştirakı ilə keçirilən fləş-mobda kollecin tələbələri tərəfindən müxtəlif təxirəsalınmaz vəziyyətlərdə ilk tibbi yardımın düzgün şəkildə göstərilməsi qaydaları əyani nümayiş etdirilib.
Həmçinin “İlk tibbi yardımı öyrən - tətbiq et!” adlı viktorina keçirilib. Viktorina qaliblərinə müxtəlif hədiyyə və mükafatlar təqdim olunub.
Bundan əvvəl “İlk tibbi yardım həyat xilas edir” adlı fləş-mob Bakı, Gəncə və Mingəçevir şəhərlərində təşkil edilib.