Kaxaber Sxadadze yerli akademiyanın üzdə olan yetirmələrinin fəaliyyətindən yararlanmaq istədi. Bunlardan biri də Mehrac Baxşalı idi. Amma onun nizam-intizama riayət etməməsi gürcü mütəxəssisin səbr kasasını daşırıb. Belədə futbolçu əsas komandadan göndərilib.
“Football-plus.az” yaşananlarla bağlı Mehracla əlaqə saxlayıb:
“Mingəçevir”lə oyunda (3-cü turda - red.) baş məşqçi məni 9 dəqiqə oynatdı. Mən də etiraz etdim ki, belə az oynamaq istəmirəm. Oyundan sonra iclas keçirilib, heç mənim xəbərim də olmayıb. Sonra mənə deyildi ki, U-19 liqasına getməlisən. Yaşım ora üçün uyğun deyil. 10 ilə yaxındı “Qəbələ”dəyəm. Belə olan halda ordan ayılmağı qərara aldım. Bir aydı heç Qəbələdə deyiləm. Demək olar ki, klubdan ayrılmışam. Problemim rəhbərliklə yox, baş məşqçi ilədi. Rəhbərlik də transfer vərəqimi vermir ki, rəsmi şəkildə ayrılım. Bu problemin aradan qalxacağına inanmıram. Ora qayıtmağım üçün gərək baş məşqçi gedə, bu da mümkünsüzdü. Qışa qədər gözləmək özümə ziyandı. Ötən mövsüm premyer-liqada 20-30 dəqiqə meydanda olurdum. Yayda elita klubundan təklif gəldi, getmək də istəyirdim. “Qəbələ” buraxmadı. Artıq orda qalmaq futbolçu karyerama ziyan vura bilər”.
RÖYANƏ OĞUZ