Azərbaycan Premyer Liqasının XII turunun “Şamaxı” – “Zirə” oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– Güclü komandaya qarşı oynayırdıq. Bu gün onlarla matç həqiqətən, çətin idi. Oyuna pis başlamadıq. Bəlkə də, ilk dəqiqələrdə olan epizodları dəyərləndirə bilmirik. Son matçlarda bu, narahat edir. Rəqibin hücumda usta oyunçuları var və səhvimizdən istifadə etdilər. İkinci hissədə tempi yüksək tutub, hücumlar etsək də alınmadı. Nəticələr qane etmir. İlk dövrəni yaxşı keçirdik, amma sonra itkilər problemlərə yol açdı. Mövsümün əvvəlində bunu təxmin etmişdik. Bizə ruhdan düşməmək lazımdır. Sona qədər mübarizə davam edəcək hədəfə çatmaq üçün çox çalışmalıyıq. Qışa qədər xallar yığmalıyıq.
– Müdafiədə problemlər hiss olunur…
– Mövsümün əvvəlindəki müdafiədən çox dəyişiklik etdik. Heyətdə itkilərimiz var. Mikrozədəsi olanlar da məcburiyyətdən oynayır.
– “Neftçi” ilə matçı həlledici hesab etmək olar?
– 10 komanda var. Təqvimi nəzərə almaq lazımdır. “Neftçi” ilə oyundan sonra kritik matçlar olacaq. Bu görüşlər bizimçün vacibdir. Lakin baxsaq, bizdən üstün olan komandalar da 4 oyundur, qələbə qazana bilmir.
– Qış fasiləsində heyətlə bağlı dəyişikliklər düşünürsünüz?
– Düşünürük, imkan da önəmlidir. Güclənməyimizə ehtiyac var. Bəzi mövqelərə həm rəqabət, həm alternativ axtarırıq. İndi çempionata köklənmişik. Qışda transferlərlə bağlı düşünəcəyik. Digər komandalar dayanmır. Məsələn, “Kəpəz”də yeni transferlər var. Hamı bilir ki, çempionat çətinləşəcək. Alternativ olmazsa, çətin olacaq.
Şahin Cəfərov