Məlum olduğu kimi, "X" sosial media platformasında Azərbaycan Respublikasında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiya olunmuş şəkildə və kütləvi formada saxta hesablardan istifadə etməsi faktları aşkarlanıb.
Bu barədə Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası və Medianın İnkişafı Agentliyi birgə məlumat yayıb.
Məlumatda qeyd olunur ki, saxta profillər #COP29 həştəqi altında eyni anda, eyni məzmunlu avtomatlaşdırılmış cavablar yerləşdirərək bot sistemləri vasitəsilə məzmun manipulyasiyası həyata keçirir və beləliklə də, ictimai rəyi çaşdırmağa cəhd göstərir.
Qeyd edək ki, COP29 konfransı ilə bağlı bəzi dairələrin Azərbaycana qarşı qara kampaniyalar həyata keçirməsi diqqət çəkir. Bu kampaniyalar bəzən Azərbaycanın ev sahibliyi etməsi gözlənilən tədbirin imicinə zərbə vurmaq məqsədilə aparılan müxtəlif saxta məlumatlar və mənfi təbliğat vasitəsilə həyata keçirilir.
Bu cür qara kampaniyaların arxasında dayanan əsas məqsəd Azərbaycanın beynəlxalq platformalarda və iqlim dəyişikliyi məsələlərində nüfuzunu azaltmaq ola bilər. Azərbaycanın İslam ölkəsi kimi mövqeyi və Qafqaz regionunda artan rolunu nəzərə alaraq, bəzi qruplar, ölkənin belə qlobal bir tədbirə ev sahibliyi etməsini əngəlləməyə çalışır. Bu, eyni zamanda Azərbaycanın müstəqil xarici siyasətini və iqlim problemlərinə dair qlobal mübarizədə liderlik etmək niyyətini də hədəf alır.
Azərbaycana qarşı bu cür qaralama kampaniyalarına cavab olaraq ölkə informasiya müharibəsində öz müsbət və konstruktiv mesajlarını çatdıraraq və uğurlarını ön plana çıxararaq, bu cəhdlərin təsirini minimuma endirmək niyyətindədir.
Millət vəkili Hikmət Babaoğlu mövzu ilə bağlı Musavat.com-a danışıb:
"COP29-la bağlı Azərbaycana qarşı həyata keçirilən qarayaxma kampaniyası bir mərkəzdən idarə olunur və eyni məqsədə xidmət edir. Məqsəd bu mötəbər tədbir ərəfəsində islamofob dairələr tərəfindən Azərbaycanın demokratik imicinə zərbə vurmaqdan ibarətdir.
Artıq COP29-un keçirilməsinə çox az bir müddət qalıb və çoxsaylı dövlət, hökumət başçıları tədbirdə iştirak edəcəkləri ilə bağlı təsdiq məktubları göndəriblər. Bu, bir daha önümüzdəki bu mötəbər tədbirin necə böyük təntənə ilə keçəcəyinə və öz məqsədlərinə necə müvəffəqiyyətlə nail olacağına bir işarədir. Ona görə də bu, islamofob mərkəzləri, Azərbaycanı sevməyən qüvvələri daha da aqressivləşdirir. Onlar maksimum dərəcədə çalışırlar ki, bu ərəfədə heç olmasa Azərbaycandan müəyyən güzəştlər əldə etsinlər, Azərbaycana qarşı cinayət törətmiş hərbi cinayətkarların azad olunmasına nail olsunlar.
Əlbəttə ki, bu, müharibədir və informasiya, hibrid muharibəsinin tərkib hissəsidir.
Xatırladım ki, Azərbaycan Prezidenti öz çıxışında bu məsələyə toxunub, qeyd edib ki, hibrid muharibəsinin əsas komponentlərindən biri informasiya müharibəsidir".
Millət vəkili qeyd edib ki, Azərbaycana qarşı qarayaxma kampaniyaları aparan islamofob mərkəzlər öz məqsədlərinə çata bilməyəcək:
"Yekunda biz görəcəyik ki, doğrudan da Azərbaycan ən yüksək səviyyədə bu tədbiri keçirəcək".
Xalidə Gəray
Musavat.com