Mahaçqalada baş tutan debütantların duelində qalib müəyyənləşmədi. Yüksəlişdə olan ÇSKA-nın qələbə seriyasını 4 oyuna çatdırmaq şansı var idi. Amma “hərbçilər” gözlənilmədən evdə iddiasız “Fakel”in müqavimətini qıra bilmədilər. ÇSKA çempionatda ilk dəfə evdə voronejlilərə qalib gələ bilmədi. Buna qədər 6 oyunda 6 qələbə qeydə alınmışdı. Yeri gəlmişkən, ÇSKA çempionatda 400-cü dəfə qapısını toxunulmaz saxladı və turnirin tarixinə bu göstəriciyə nail olan ilk klub kimi düşdü! Digər pillələrdə “Lokomotiv” (385), “Spartak” (352) və “Zenit” (352) qərarlaşıb. “Axmat”, nəhayət, 13-cü turda mövsümdə ilk qələbəsini qazandı. Özü də komanda bunu elə də asan səfərlərdən sayılmayan Rostovda bacardı. “Sürünməkdə” davam edən “Rostov”un qələbəsiz seriyası 6 oyuna çatdı.
Bazar günü “Rubin”in Orenburq səfərində əzmkar qələbəsi ilə start götürdü. Kazan təmsilçisi hələ ki mövsümün ən əzmkar komandasıdı. Çünki 18 xaldan 11-ni hesabda geridə olduğu qarşılaşmalarda toplayıb. İlk turda “Spartak”ı məğlub edəndən bəri hələ də qələbəyə həsrət olan “Orenburq” turnir cədvəlində sonuncu pilləyə yuvarlandı. Ötən tur “Krasnodar”dan 3 cavabsız top buraxan “Spartak” üçün Nijni Novqorod səfəri uğurlu alındı. Ümumiyyətlə, qeyd etmək yerinə düşər ki, Moskva nəhəngi indiyə qədər çempionat çərçivəsində Nijni Novqorod təmsilçilərinə (“Lokomotiv”, “Volqa”, “Nijni Novqorod”) qarşı səfərdə keçirdiyi 15 oyunun heç birində uduzmayıb. Turun ən məhsuldar və dramatik oyununda Moskva “Dinamo”su “Ximki” səfərində fasiləyə geridə yollanmasına baxmayaraq, inanılmaz əzmkarlıq sərgilədi.
Turun mərkəzi oyununda “Zenit” “Lokomotiv”i qəbul etdi. Son çempion hesabı açsa da, 1 xalla kifayətlənməli oldu və bu rəqibi ardıcıl 3-cü oyunda yenə bilmədi. Ümumiyyətlə, “Zenit” Moskva təmsilçilərinə qarşı evdə keçirdiyi son 7 premyer-liqa matçının yalnız 1-də qalib gəlib. Halbuki Sergey Semakın dönəmində komanda ilk 21 belə oyunun 18-də qalib gəlmiş və heç birində uduzmamışdı! “Loko” ötən mövsümü də nəzərə almaqla çempionatda 18 oyunluq heç-heçəsiz seriyaya son qoydu. Mövsümün kəşfi olan 19 yaşlı Batrakov 8-ci qolunu vurmaqla bombardirlər yarışında vahid liderliyi ələ keçirdi.
13-cü tur
Zenit – Lokomotiv 1:1
Mostovoy, 51 – Batrakov, 68.
Zenit: Latışonok, Mantuan, Nino, Barrios, Alip, Santos, Vendel, Klaudinyo (Sobolev, 71), Qondu (Artur, 71/Yeroxin, 90+3),Mostovoy, Kassyerra (Pedro, 81).
Lokomotiv: Lantratov, Nenaxov, Nyamsi, Montes, Silyanov, Barinov, Karpukas, Sevikyan (Pinyaev, 68), Tiknizyan, Batrakov (Timofeyev, 90+3), Vorobyov (Süleymanov, 67).
Krılya Sovetov – Krasnodar 1:2
Qaldames, 89 – Kordoba, 42. Kosta, 49.
ÇSKA – Fakel 0:0
ÇSKA: Akinfeyev, Kellven (Koyta, 73), Diveyev, Lukin, Moyzes, Kruqovoy (Qayiç, 86), Zdelar, Pyaniç (Quarirapa, 60), Oblyakov, Fayzullayev, Musayev.
Nijni NovqorodSpartak 0:2
Bonqonda, 68. Nikolson, 90+2.
Spartak: Maksimenko, Denisov (Duarte, 83), Litvinov, Babiç, Ryabçuk, Martins (Zobnin, 64), Prutsev, Barko, Bonqonda, Markinyos (Manqaş, 77), Uqalde (Nikolson, 64).
Ximki – Dinamo M 3:4
Vera, 30. Bakayev, 45+1. Kutitski, 75-öz qapısına – Fomin, 28. Fernandes, 45+3. Qomes, 50. Nqamaleu, 73.
Dinamo: Lunyov, Kutitski, Balbuena, Mariçal, Fernandes (Skopintsev, 90), Fomin, Çaves, Qomes (Qladışev, 78), Bitello (Karraskal, 71), Nqamaleu, Tyukavin (Mauhub, 71).
Orenburq – Rubin 1:2
Saharxizan, 27 – Hoca, 48; 87.
Rostov – Axmat 2:3
Komliçenko, 34. Mohebi, 69 – Utkin, 33. Sadulayev, 36; 51.
Dinamo Mh – Akron 1:1
Ağalarov, 68 – Xubulov, 90+3.
1. Krasnodar 13 10 3 0 27-6 33
2. Zenit 13 9 3 1 29-5 30
3. Lokomotiv 13 9 1 3 27-17 28
4. Dinamo M 13 8 2 3 27-15 26
5. ÇSKA 13 7 3 3 22-7 24
6. Spartak 13 6 4 3 19-12 22
7. Rubin 13 5 3 5 16-20 18
8. Akron 13 3 4 6 17-26 13
9. Rostov 13 3 4 6 16-24 13
10. Krılya Sovetov 13 3 3 7 12-19 12
11. Dinamo Mh 13 2 6 5 6-11 12
12. Nijni Novqorod 13 3 3 7 12-24 12
13. Ximki 13 2 5 6 14-24 11
14. Fakel 13 2 5 6 8-20 11
15. Axmat 13 1 6 6 12-25 9
16. Orenburq 13 1 5 7 15-24 8
Bombardirlər: Batrakov (Lokomotiv) – 8, Qluşenkov (Zenit) – 7, Kordoba (Krasnodar) – 7.
Növbəti turun oyunları noyabrın 1-3-ü aralığında keçiriləcək: Axmat – Nijni Novqorod, Akron – Krılya Sovetov, Lokomotiv – Rubin, ÇSKA – Spartak, Dinamo M – Rostov, Krasnodar – Orenburq, Fakel – Ximki, Zenit – Dinamo Mh.
Oyundan sonra
Sergey Semak, “Zenit”in baş məşqçisi:
“Emosiya və mübarizə baxımından maraqlı oyun alındı. Təəssüf ki, qalib gələ bilmədik. Pis oynamadıq. Daha çox top vura bilərdik. Amma müdafiədə yenə problemlər yaşadıq. Son anlarda “Loko”ya qapımız önündə bəzi fürsətlər yaxalamağa imkan verdik. Futbolsevərlərin bu 90 dəqiqədən razı qaldığını düşünürəm. Oyunu və səhvləri təhlil edib növbəti qarşılaşmaya hazırlaşacağıq. Hakimlik haqda danışmaq mənasızdı. Bu oyunda əvvəldən sona qədər hansı kobudluğa görə vərəqə verildiyini, hansına görə isə verilmədiyini anlamadım”.
Mixail Qalaktionov, “Lokomotiv”in baş məşqçisi:
“Zenit”in necə oynayacağını bilirdik. İlk yarıda səbrli olmağa və oyunumuzda balansı qorumağa çalışdıq. Düzdü, üstünlük rəqibdə idi. Amma qapımız önündə heç nə yarada bilmirdilər. İkinci hissədəki oyunumuz göstərdi ki, “Lokomotiv” artıq böyük qələbələr üçün yetişib. Oyundan-oyuna psixoloji cəhətdən möhkəmlənirik. Futbolçular da güclənir. Fasilədən sonra bizim qol fürsətlərimiz daha çox oldu. Bəxt bir balaca yanımızda olsaydı, qalib gələ də bilərdik. Son matçlarda “Zenit”ə uduzmamağımızı şişirtmək istəməzdim. Hər oyunun öz ssenarisi olur. Çünki komandalar dəyişir. Ötənilki “Zenit” başqa cür oynayırdı. Bu il heyəti dəyişiblər və gücləniblər”.